Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:53

Putinin özünü 'Tesla' sürərkən görən olmayıb, amma...


"Tesla", "Model 3"

Beynəlxalq enerji səmərəliliyi forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin elektriklə işləyən avtomobil sürdüyünü etiraf edib. O, bir gün "Tesla" sürməyə başlayacağını istisna etməyib. Ancaq Putin "yaşıl energetikanın" perspektivlərinə və elektromobillərin başqa növ yanacaqla işləyən avtomobillərdən daha ekoloji olmasına şübhə etdiyini deyib.

"Nastoyaşeye Vremya" ekspertlərlə söhbət edərək, onların Rusiya prezidentinin inandığı proqnozlar haqda düşüncələrini öyrənib.

Buna da bax:​ Səudiyyə kralı Putinlə neft, S-400 və Suriyanın bütövlüyündən danışıb

"Elektrik şəbəkəsinə qoşularaq batareyanı, akkumulyatoru doldurmaq üçün elektrik enerjisi lazımdır. Bundan ötrü isə ilkin mənbəyə ehtiyac var. Bu gün dünyada bir nömrəli ilkin mənbə hətta neft deyil, kömürdür", – Putin deyib. Bu, həqiqətənmi belədir?

Kömür həqiqətən də dünyada elektrik stansiyalarının işlətdiyi bir nömrəli yanacaqdır. Beynəlxalq Energetika Agentliyinin (BEA) qrafikindən görünür ki, kömürün payı 40%-dir və bu göstərici 1971-ci ildən bəri həmin rəqəmin ətrafında qalmaqdadır.

KÖMÜRDƏN İSTİFADƏNİ AZALDAN DA VAR, ARTIRAN DA

Bəs, bu, niyə belədir? Bir çox inkişaf etmiş ölkələr kömür elektrik stansiyalarını ətraf mühitə çox zərərli hesab edərək onlardan imtina edirlər. Ancaq eyni zamanda iqtisadiyyatı fəal artmaqda olan ölkələr kömürdən yararlanmağa başlayırlar. Son onillikdə Çin belə ölkələrdən biri olub. Dünyada yandırılan kömürün, az qala, yarısı onun payına düşür. Çin həm də dünyada ən böyük kömür hasilatçısıdır.

Buna da bax: ABŞ və Kremlin təmsilçiləri Belqradda görüşəcək

Bu gün Çin kömürdən istifadəni tədricən azaltmaqdadır. Əvəzində isə kömür istehlakında Hindistanın payı tədricən artır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri arasında əsas yanacaq istehlakçısı Avstraliyadır.

Neftə gəlincə, dünyada ondan elektrik stansiyalarında, demək olar ki, istifadə olunmur. Bu məsələdə Putin yanılıb. Bununla yanaşı, neft ümumi yanacaq balansında birinci yeri tutur. Ancaq qazın rolu sabit olaraq artır.

2016-cı ilin sonunda dünyada 2 milyon elektromobil var idi. İlk onluqda birinci yeri Çin, ikinci yeri ABŞ, üçüncü yeri isə Yaponiya tuturdu. Növbəti yeddi yerdə isə Avropa ölkələri qərarlaşmışdı.

Buna da bax:​ Putin deyir ki, seçki barədə hələ qərara gəlməyib

ÇİN ÖNDƏDİR

Qeyd edək ki, Çin bu siyahıda çox böyük fərqlə irəlidədir. BEA-nın məlumatına görə, dünyada istifadə olunan elektromobillərin təxminən 1/3-i məhz bu ölkədə qeydiyyatdan keçib. Bundan başqa Çində elektriklə işləyən motosikletlər (elektrobayklar) da çox populyardır.

Çin Energetika Şurasının məlumatına görə, ölkədə elektrik enerjisinin 58%-i kömürün yandırılmasından alınır. Özü də kömür elektrik stansiyalarının payının yaxın keçmişdə 80% olduğunu nəzərə alsaq, bu say azaldılıb. Çin hökuməti ekoloji problemlər üzündən istilik elektrik stansiyalarının sayını azaltmaqdadır. Bunun əvəzinə hökumət sərmayəni günəş elektrik stansiyalarına qoyur.

Elektromobillərin populyar olduğu digər ölkələrdə isə durum fərqlidir. Məsələn, 2016-cı ildə ABŞ-ın enerji balansında kömürün payı 30%-ə yaxın olub. Adambaşına düşən elektromobillərin sayına görə dünyada lider olan Norveçdə isə bu göstərici sıfırdır. Norveçdə yanacağın 97,5%-i su və küləkdən alınır.

Buna da bax:​ Rusiya Türkiyəyə S-400-ləri satır, ‘sirlərini’ yox

Putin "yaşıl energetikanın" yaxın gələcəkdə qalib gələcəyinə inanmır. Bəs, bu məsələdə o, nə dərəcədə haqlıdır?

BƏDBİN PROQNOZ

"Əlbəttə, bərpa olunan enerji mənbələrinin enerji istehsalı sistemində birinci yerə çıxmasına doğru getmək lazımdır. Ancaq bu, ən tezi 30 ildən sonra baş verəcək. Özü də hələlik, bunun necə olacağını bilmirik. Çünki kömür və neftdən istifadə texnologiyası da yaxşılaşır. Ona görə də, ekspertlər əsasən deyirlər ki, bugünkü enerji balansı qalacaq", – Putin deyib.

Britaniyanın BP şirkətinin ekspertləri Rusiya prezidentinin bədbinliyini bölüşürlər.

Beynəlxalq Energetika Agentliyinin (BEA) qrafiki
Beynəlxalq Energetika Agentliyinin (BEA) qrafiki

BP Energy Outlook 2017 Edition hesabatında deyilir ki, 2035-ci ilədək (bu isə 18 il bundan sonra deməkdir) bərpa olunan enerji mənbələrinin (o cümlədən SES-lərin) istehlakdakı payı 17%-ə yaxın, yəni kömürün payından təqribən iki dəfə az olacaq.

Buna da bax:​ Türkmənistan da Moskvanın ‘strateji partnyoru oldu’

ABŞ energetika informasiya agentliyinin proqnozuna görə isə, 2040-cı ilədək elektrik enerjisinin təqribən 32%-i bərpa olunan mənbələrdən alınacaq. Həm Britaniya, həm də Amerika mütəxəssisləri hesab edirlər ki, təbii qazın rolu artacaq, nüvə energetikasını isə durğunluq gözləyir.

“TANKLAR YAXŞI İDİ”

Forum zamanı Putin-ə bir gün Elon Musk-ın elektromobillərini sürüb-sürməyəcəyi haqda sual verilib. "Niyə də yox? Biz açığıq: bizə faydalı olan hər şeyi alırıq, bizə sərfəli olan hər şeyi satırıq. Ona görə də burada qeyri-adi bir şey yoxdur. Elə bilirsiniz biz təkcə arabada gəzəcəyik? ...Ya da tanklarda? Ancaq tanklar yaxşı idi", – Putin deyib.

BP Energy Outlook 2017 Edition hesabatından qrafik
BP Energy Outlook 2017 Edition hesabatından qrafik

Putin-in özünü "Tesla" sürərkən, hələlik, görən olmayıb. Ancaq onun yaxın ətrafında artıq elektromobil sürənlər var. The Bell nəşri yazır ki, "Tesla"nın Rusiyadakı əsas fanatı iş adamı Roman Abramovich-dir.

Buna da bax:​ Erdoğan və Putin Suriyada ‘daha sıx əməkdaşlıq’ edəcəklər

Bundan başqa rabitə naziri Nokolay Nikiforov öz gəlir bəyannaməsində həyat yoldaşının "Tesla" "Model S"ə sahib olduğunu göstərib. "Sberbank"ın rəhbəri German Gref-sə "Tesla"sı olduğunu gizlətmir. "Bloomberg" yazır ki, "Gazprombank"ın rəhbəri Andrei Akimov-un da "Tesla"sı var.

Beynəlxalq Energetika Agentliyinin (BEA) qrafiki (EIA International Energy Outlook 2017)
Beynəlxalq Energetika Agentliyinin (BEA) qrafiki (EIA International Energy Outlook 2017)

Günün bütün mövzuları

XS
SM
MD
LG