Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:37

Putin deyir ki, seçki barədə hələ qərara gəlməyib


Rusiyada növbəti prezident seçkisinə 6 aydan da az vaxt qalarkən prezident Vladimir Putin deyib ki, o seçkiyə qatılıb-qatılmayacağı barədə hələki qərar qəbul etməyib.

AzadlıqRadiosu yazır ki, ona dördüncü müddətə prezidentlik verəcək bu seçkidə Putinin iştirakı və asan qələbəsi gözlənilir və bu mənada onun oktyabrın 4-də verdiyi bəyanat elə də təəccüb doğurmayıb. O qərarını dekabrın əvvəllərində elan edəcək.

Moskvada keçirilən beynəlxalq enerji konfransı zamanı Putin deyib: “Mən nəinki kiminlə yarışacağımı, hətta bu seçkidə ümumiyyətlə iştirakımı qət etməmişəm".

O bildirib ki, qanuna görə prezident seçkisinin namizədləri noyabrın sonlarında, dekabrın əvvəllərində rəsmən elan ediləcək və namizədlər də məhz o zamandan öz seçki platformalarını açıqlayacaqlar.

Navalnıdan bir kəlmə də

Putin bu çıxışında müxalifət lideri və özünün qatı tənqidçisi Aleksey Navalnı barədə bir kəlmə də deməyib. Mərkəzi Seçki Komissiyası bildirib ki, üstündə olan maliyyə cinayəti ittihamına görə Navalnı seçkidə iştirak edə bilməz.

Başqa bir insidentlə bağlı hazırda 20 sutkalıq həbsdə olan Navalnı deyib ki, ona qarşı irəli sürülmüş ittihamlar siyasi motivlidir.

O oktyabrın 7-də - Putinin 65 illik yubileyi günündə ölkə boyunca etiraz aksiyalarına çağırıb.

1999-cu ildən gah prezident, gah da baş nazir postlarını tutmuş Putin konstitusiyaya uyğun olaraq 2024-cü ildə keçiriləcək seçkidə beşinci müddətə namizədliyini verə bilməz.

Tənqidçilər deyirlər ki, o, indiyədək öz hakimiyyətini - medianı susdurmaq, seçki siyasəti üzərində Kremlin nəzarətini təmin etmək, polis və təhlükəsizlik qvvələrinin zoru ilə möhkəmləndirib.

ABŞ-la kəskin gərgin münasibətlər

Putinin hazırkı prezidentlik müddəti Birləşmiş Ştatlar və Qərblə Rusiya arasında son dərəcə korlanmış münasibətlərlə xarakterizə olunur.

Bu ilk növbədə Rusiyanın Krımı qanunsuz ilhaq etməsi, Ukraynanın şərqindəki separatçı münaqişəyə müdaxiləsi ilə əlaqədar baş verib. Bu münaqişədə artıq 10 mindən çox insan həyatını itirib.

Qərb bütün bunlarla bağlı Rusiya üzərinə sərt sanksiyalar tətbiq edir. Üstəlik Birləşmiş Ştatlar Rusiyanın ABŞ prezident seçkisini təsirləndirmək kampaniyası ilə bağlı Moskva üzərinə daha ağır sanksiyalar qoyub. ABŞ kəşfiyyatı bildirib ki, Putin bu seçkiyə müdaxilə ilə demokrat Hillary Clinton-u məğlub, Donald Trump-ı isə qalib etmək istəyib.

Moskva Donald Trump-ın prezident seçilməsi ilə iki ölkə arasındakı münasibətlərin yaxşılaşacağına ümid edirdi, lakin bu, baş verməyib, əksinə münasibətlər daha da korlanıb.

Bu konfransda aparıcının Rusiya-ABŞ münasibətlərinə dair sualına cavab olaraq Putin deyib ki, “münasibətlər ABŞ-ın daxili siyasətinin girovuna çevrilib”.

Lakin konkret olaraq Trump-ın girov olub-olmadığı barədə suala Putin “Trump kiminsə girovuna çevriləcək adam deyil” deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG