Keçid linkləri

2026, 07 Yanvar, çərşənbə, Bakı vaxtı 00:16

'Mən hələ prezidentəm' - Maduro Nyu-York məhkəməsində çıxış etdi


Maduronun ələ keçirilməsi avtoritar ölkələrə necə təsir edəcək?
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Maduronun ələ keçirilməsi avtoritar ölkələrə necə təsir edəcək?

ABŞ-nin xüsusi əməliyyatı zamanı tutularaq hakimiyyətdən uzaqlaşdırılan Venesuela lideri Nikolas Maduro və xanımı Siliya Flores bazar ertəsi ilk dəfə Nyu-Yorkda federal məhkəmə qarşısına çıxarılıb.

Daha əvvəl federal hakim ittihamnaməni açıqlayıb - Maduro, xanımı və daha dörd nəfərə "narkoterrorizm" və kokain idxalı məqsədilə əlbirlik də daxil olmaqla, dörd maddə üzrə ittiham irəli sürülüb. Üçüncü və dördüncü maddələr silahın istifadəsi və saxlanılması ilə bağlıdır. Məhkəmədə ittihamnamənin qısaldılmış versiyası oxunub.

Məhkəmə zalından yayılan xəbərlərə görə, Maduro və xanımı eyni masa arxasında oturublar, Maduronun qollarına qandal taxılmışdı. Keçmiş Venesuela lideri məhkəmə ilə tərcüməçi vasitəsilə danışıb. O, özünü "Venesuela prezidenti" adlandırıb və, xanımı kimi, günahsız olduğunu bildirib. "Mən hələ də prezidentəm", - o deyib.

Maduro hələlik ittihamnamə ilə tanış olmadığını vurğulayıb. Tərəfdarları məhkəmə binasının qarşısında toplaşıblar.

Hakim növbəti iclası martın 17-nə təyin edib. Məhkəmə Venesuela konsulunun onu ziyarət etməsinə icazə verib. "Bloomberg"in məlumatına görə, işə mahiyyəti üzrə baxılmasına 2027-ci ildə başlana bilər.

İclasa 92-yaşlı dairə hakimi Elvin Hellerşteyn sədrlik edib, o, bir çox səs-küylü məhkəmə proseslərinin iştirakçısıdır. Maduronun vəkilinin adı da açıqlanıb – bu, əvvəllər "WikiLeaks"in qurucusu Culian Assanjın maraqlarını təmsil edən Barri Pollakdır.

Çin: 'Heç bir ölkə dünya polisi kimi hərəkət edə bilməz'

Çinin xarici işlər naziri ABŞ-nin Venesuelanın lideri Nikolas Maduronu ələ keçirərək Nyu-Yorkda məhkəməyə çıxarmaqla "dünyanın hakimi" kimi davranmaqda ittiham edib. "Reuters" yazır ki, Pekinin BMT-də bu addımın qanuniliyi ilə bağlı Vaşinqtonla mübahisə edəcəyi gözlənilir.

Pekin qeyri-müdaxilə siyasəti yürüdür, BMT Təhlükəsizlik Şurasının təsdiqi olmadan hərbi əməliyyatları mütəmadi tənqid edir.

"Heç bir ölkə dünyanın polisi kimi hərəkət edə bilməz, heç bir xalq özünü dünyanın hakimi kimi təqdim edə bilməz", – Çinin xarici işlər naziri Van İ yanvarın 5-də deyib.

O, Venesueladakı "qəfil" dəyişikliklərə toxunub, amma birbaşa ABŞ-nin adını çəkməyib. V.İ beynəlxalq hüquq çərçivəsində bütün ölkələrin suverenliyi və təhlükəsizliyinin tam qorunmasının vacibliyini vurğulayıb.

4 yanvar

Trampdan Venesuelanı idarə edənlərə xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp Venesuelanı idarə edənlərə xəbərdarlıq edib ki, Vaşinqtonla əməkdaşlıq etməsələr, "çox böyük bədəl" ödəyəcəklər. Venesuelanın devrilmiş lideri Nikolas Maduro hazırda ABŞ həbsxanasındadır, Vaşinqtonun bu ölkəyə hərbi zərbələri dünyada narahatlıq doğurub.

Tramp yanvarın 4-də "Atlantic"ə müsahibəsində deyib ki, Venesuelanın prezidenti vəzifəsini icra edən Delsi Rodriqes "düzgün olanı etməsə, çox böyük, Madurodan da böyük bədəl ödəyəcək".

Maduronun vitse-prezidenti olmuş solçu Rodriqes yanvarın 4-də prezident vəzifəsini icra etməyə başlayıb. O, ABŞ-nin hərəkətini BMT nizamnaməsinin pozulması adlandıraraq deyib ki, "bir daha kölə olmayacağıq".

Maduro isə yanvarın 4-də Nyu-Yorkda həbsxanada qalıb. ABŞ qüvvələri onu yanvarın 3-də ələ keçiriblər. İran, Rusiya, ölkənin digər müttəfiqləri bu addımı pisləsələr də, mühacirətdə yaşayan venesuelalılar alqışlayıblar.

Maduro və xanımının yanvarın 5-də narkotik ittihamları ilə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes (mərkəzdə) müdafiə naziri Vladimir Padrino (soldan ikinci) və digər rəsmilərlə görüşür.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes (mərkəzdə) müdafiə naziri Vladimir Padrino (soldan ikinci) və digər rəsmilərlə görüşür.

Rodriqes barışdırıcı mövqeyə keçid alır

ABŞ generalı Venesuelaya zərbələrə 150 təyyarənin cəlb olunduğunu, əməliyyata hazırlığın aylarla çəkdiyini bildirib. İtki sayı açıqlanmasa da, Tramp ABŞ hərbçilərindən xəsarət alanların olduğunu deyib. Kuba isə ABŞ-nin hücumu zamanı Venesuelada 32 təhlükəsizlik əməkdaşının öldürüldüyünü açıqlayıb.

Tramp Venesuelanı "təhlükəsiz, münasib" keçid baş verənəcən ABŞ-nin idarə edəcəyini desə də, detalları açıqlamayıb. O, jurnalistlərə deyib ki, hökumətində Venesualaya cavabdeh olacaq adamlar təyin edəcək.

Venesuela Ali Məhkəməsi Rodriqesi müvəqqəti prezident vəzifəsinə təyin edəndən sonra Tramp öncə ona dəstək bildirib, "o, Venesuelanı yenidən böyük etmək üçün vacib saydıqlarımızı etməyə əsasən hazırdır" deyib.

Rodriqes əvvəlcə Maduronu ölkənin yeganə prezidenti, ABŞ-nin zərbəsini əlaqələrə "dəhşətli ləkə" adlandırıb. Amma Tramp ikinci zərbə dalğasına hazır olmasına siqnal verəndən sonra Rodriqes daha barışdırıcı mövqe tutub. O, yanvarın 5-də səhər sosial mediada yazıb ki, Karakas Vaşinqtonla "balanslı və hörmətli" münasibət istəyir.

Karakasın müttəfiqlərinin, BMT-nin mövqeyi

Karakasın müttəfiqləri baş verənləri pisləyiblər, BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin hərbi əməliyyatının "təhlükəli presedent" olduğunu deyib.

Yanvarın 5-də BMT Təhlükəsizlik Şurasının ABŞ-nin əməliyyatını müzakirə edəcəyi gözlənilir. Diplomatlara görə, iclasın keçirilməsini Kolumbiya xahiş edib, Rusiya və Çin onu dəstəkləyib.

Rusiya və İran Vaşinqtonun əməliyyatını pisləyiblər. Moskva bildirib ki, Maduro və xanımının ölkədən zorla çıxarılmasından narahatdır və Birləşmiş Ştatları onları buraxmağa çağırıb.

İran bildirib ki, ABŞ-nin hücumu Venesuelanın suverenliyini, ərazi bütövlüyünü, həmçinin BMT nizamnaməsini pozub.

Xaricdə yaşayan venesuelalılar isə Maduronun ələ keçirilməsini bayram ediblər.

"Biz azadıq. Diktaturanın çökməsindən, ölkəmizin azadlığa çıxmasından xoşbəxtik", – yeddi ildir Çilidə yaşayan Xati Yanez adlı venesuelalı qadın "Reuters"ə deyib.

Nyu-Yorkun Tayms-Skver meydanında insanlar ABŞ-nin Venesuelaya hücumlarına etiraz edirlər.
Nyu-Yorkun Tayms-Skver meydanında insanlar ABŞ-nin Venesuelaya hücumlarına etiraz edirlər.

Vaşinqtonun müttəfiqləri nə deyirlər

Vaşinqtonun Qərb müttəfiqləri isə beynəlxalq hüquqa əməl etməyin vacibliyini vurğulayıblar.

Britaniyanın baş naziri Kir Starmer deyib ki, "biz Maduronu qeyri-legitim prezident sayırdıq, onun rejiminin sona çatması bizi kədərləndirmədi. Mən beynəlxalq hüquqa dəstəyimi bildirirəm".

Almaniya kansleri Fridrix Merts Maduronun ölkəsini xarabalığa çevirdiyini deyib, amma ABŞ-nin hərəkətini hüquqi baxımdan "mürəkkəb" adlandırıb.

İtaliyanın ifrat sağçı baş naziri Corco Meloni isə ABŞ-nin addımının "legitim" və "müdafiə xarakterli" olduğunu deyib.

Avropa İttifaqı ölkələri, Macarıstanı çıxmaqla, Venesuelada bütün tərəfli təmkinli olmağa çağırıb. Blok bildirib ki, Venesuela xalqının iradəsinə hörmət demokratiyanın bərpası üçün vacibdir.

Vaşinqton bir neçə ay idi Venesuelaya iqtisadi və hərbi təzyiqi artırmışdı. Venesuelanın neft tankerləri ələ keçirilib, narkotik daşıdığı iddia olunan qayıqlara zərbələrdə onlarla adam öldürülüb.

Maduro 2013-cü ildə Uqo Çavesdən sonra hakimiyyətə gələndən Vaşinqton onun prezident kimi legitimliyini mübahisələndirib. Müxalifət də o vaxtdan bəri keçirilən seçkilərin saxtalaşdırıldığını bildirib.

XS
SM
MD
LG