Avropa İttifaqının (Aİ) rəhbərliyi, Aİ-nin bir çox üzvü Danimarka və Qrenlandiyaya dəstək, "tam həmrəylik" bildirib, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiklərini bəyan ediblər. Bu bəyanatlar ABŞ prezidenti Donald Trampın Qrenlandiya məsələləri üzrə xüsusi təmsilçi təyin etməsinə cavab olaraq səsləndirilib.
Tramp yanvarda prezident vəzifəsinə başlayandan dəfələrlə bildirib ki, Danimarka Krallığının muxtar hissəsi statusu olan Qrenlandiya ABŞ-nin təhlükəsizliyi üçün həyati əhəmiyyətlidir və Birləşmiş Ştatlar onu öz tərkibinə qatmalıdır. Tramp Qrenlandiyanı Danimarkadan almaq ideyasını prezidentliyin birinci dönəmində də irəli sürüb. Qrenlandiya və Danimarka isə adanın ABŞ-yə verilməyəcəyini bildiriblər.
Aİ rəhbərliyinin birgə bəyanatında deyilir ki, Arktikada təhlükəsizlik Aİ üçün prioritetdir. Danimarka və Qrenlandiya xalqı ilə "həmrəylik" vurğulanır. Aİ Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də oxşar açıqlamalar veriblər. Blokun Almaniya, İsveç, Litva və Estoniya kimi üzvlərindən də açıqlamalar gəlib. Amma əksər siyasətçilər ABŞ və Trampın adını çəkməyiblər. Danimarka və Qrenlandiya rəsmiləri istisnadır.
ABŞ prezidenti D.Tramp dekabrın 21-də Luiziana ştatının qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi elçi təyin edib. Tramp adanın mümkün ilhaqından danışmayıb, amma Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. Lendri isə X sosial şəbəkəsində yazıb ki, "Qrenlandiyanı ABŞ-nin bir hissəsinə çevirmək" üçün işləməkdən məmnun olar.
O, yeni vəzifəsinin ictimai əsaslarla olduğunu, Luiziana ştatının qubernatoru postunda qaldığını da bildirib.