Keçid linkləri

2026, 08 Yanvar, Cümə axşamı, Bakı vaxtı 02:11

Valideyn: Yanlış analiz talassemiyalı uşağın doğulmasına gətirib çıxarıb


Qan analizi
Qan analizi

Ağcabədidə gənc ər-arvad 5 yaşlı qızlarının talassemiya xəstəliyindən əziyyət çəkməsinə görə həkimləri təqsirli sayır. Axı bu cütlüyün nikahöncəsi müayinəsində verdikləri qan doğru-düzgün araşdırılsaydı, onlara sağlam olmaları barədə arayış da verilməzdi. Üstəlik, uşağın talassemiya xəstəliyi də belə gec aşkarlanmazdı.

Bu üzdən, uşağın valideynləri illərdir Ağcabədi rayon Mərkəzi Xəstəxanasından və orada çalışan həkimlərdən şikayətçidir. Prokurorluq da olayı araşdırıb və bu işdə Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsinin tərkibi olduğunu müəyyənləşdirib. Di gəl, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini əsas gətirərək işə xitam veriblər. Prokurorluğun 2024-cü ildə çıxardığı qərarda zərərçəkən tərəfə izah olunub ki, şikayətçi olduğu xəstəxana və həkimləri mülki qaydada məhkəməyə verib dəymiş ziyanın əvəzini tələb edə bilər.

Ardından uşağın valideynləri (kimlikləri bilinsə də, açıqlanmasını istəməyiblər – red.) Ağcabədi rayon Mərkəzi Xəstəxanasını, Konsultativ poliklinika şöbəsinin sahə həkim-terapevti Nərmin Əliyevanı və başqalarını məhkəməyə veriblər. Maddi ziyana görə 260 min, mənəvi ziyana görə 50 min manat təzminat tələb edilib. Ziyanın ödənilməsi tələbiylə tərəflər arasındakı məhkəmə çəkişməsi xeyli vaxtdır davam edir. Bugünlərdə Ali Məhkəmə məsələ ilə bağlı yekun qərarını verib.

Uşağın atası iddia ərizəsində göstərib ki, 2019-cu ilin mayında nikah üçün lazım olan sağlamlıq arayışını almaq məqsədilə gərəkli qan nümunələrini verərək testlərdən keçiblər. Xəstəxananın həkimi N.Əliyeva təxminən 10 gün sonra tibbi müayinədən keçdiklərini təsdiqləyən arayışı onlara təqdim edib. Bu sənədləri Ağcabədi rayon Qeydiyyat Şöbəsinə verərək nikahlarını rəsmiləşdiriblər. Həmin arayışlarda onların nikaha daxil olmasını yasaqlayan xəstəliyin (o cümlədən talassemiya və digər qan xəstəliklərinin) olmadığı yazılıb.

2020-ci ilin iyununda cütlüyün qızı dünyaya gəlib

Uşaq təxminən 9 aylıq olanda onun talassemiya xəstəliyi ilə doğulduğu aydınlaşıb. Ardından həkimlər valideynlərin nikahdan öncə verdikləri qan nümunələrini və onun nəticələrini araşdırmağa başlayıblar. Məlum olub ki, nikahdan öncə valideynlərin qan nümunələri Milli Hematologiya və Transfuziologiya Mərkəzinə göndərilib və burada aparılmış müayinələr nəticəsində hər ikisinin beta-talassemiya xəstəliyinin daşıyıcısı olmasına şübhə yaranıb. Bu üzdən, "Nəticə" qrafasında "təkrar qan" sözləri qeyd olunub.

Məhkəməyə iddia ərizəsində vurğulanıb ki, Ağcabədi rayon Mərkəzi Xəstəxanası onları həmin vaxt təkrar müayinəyə göndərməliydi: "Bu xəstəliyin daşıyıcısı olduğumuz da vaxtında aşkara çıxarılsaydı, bu gün nəticə belə olmazdı. Məhz xəstəxana həkimlərinin səhlənkarlığı nəticəsində belə bir ağır xəstəliklə övladım dünyaya gəlib. Hər 15 gündən bir ona qan köçürülməsi üçün Bakıdakı Respublika Talassemiya Mərkəzinə aparırıq. Uşaq bu xəstəlikdən sağalmaq üçün mütləq əməliyyat olunmalı, ilik köçürülməlidir, buna da imkan yoxdur".

Tələb etdiyi maddi ziyanın məbləğini əsaslandıran ata vurğulayıb ki, indiyədək övladının müalicəsinə 60 min manat xərcləyib. Onun sözlərinə görə, uyğun donor tapılarsa, ilikköçürmə əməliyyatı təxminən 200 min manata başa gələcək. Elə bu üzdən, maddi ziyana görə xəstəxana və həkimlərindən 260 min manat tələb ediblər.

Ağcabədi rayon Məhkəməsi isə belə nəticəyə gəlib ki, cəmi 2 min manatlıq xərclərin qəbzlərini təqdim edildiyindən mənəvi ziyana görə də 15 min manat olmaqla, ailəyə cəmi 17 min manat təzminat ödənilsin. Şirvan Apellyasiya Məhkəməsi maddi təzminatın məbləğini 600 manat artıraraq 2 min 600 manat edib. Mənəvi təzminat hissəsində isə 15 min manat olduğu kimi qalıb (toplam 17 min 600 manat). Ailənin bu məbləğlə bağlı verdiyi kassasiya şikayətinə bugünlərdə Ali Məhkəmədə baxılsa da, nəticə dəyişməyib.

Xəstəxanada ittihamla razılaşmırlar

Ağcabədi rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi və həkimlərsə onların ünvanına səslənən ittihamları qəbul etmirlər.

Həkim N.Əliyeva bildirib ki, cütlük nikahdan öncə xəstəxananın laboratoriya şöbəsinə gedib, analizlər verərək arayışlar alıb. Onun sözlərinə görə, həmin arayışları onlara özü verməyib, haradan, kimdən aldıqlarını da bilmir.

XS
SM
MD
LG