Keçid linkləri

2026, 08 Yanvar, Cümə axşamı, Bakı vaxtı 23:45

Stomatoloqlar aksiya keçirib [Video]


Etiraz aksiyası
Etiraz aksiyası

Bu gün, yanvarın 7-də bir qrup stomatoloq Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) inzibati binasının qarşısında etiraz aksiyası keçirib. Onlar deyiblər ki, aksiya keçirmələrinə səbəb ixtisar olunmalarıdır. Aksiya iştirakçıları baş verənlərə görə TƏBİB rəhbərliyini günahlandırıblar.

Əraziyə yığışanlar əlavə ediblər ki, rayonlarda stomatoloqlara ehtiyac daha böyükdür. Onların sözlərinə görə, 100-150 mindən çox əhalisi olan rayonlarda hər xəstəxanada yalnız üç stomatoloq ştatı saxlanıb.

"Niyə insanlar özəl klinikaya getməyə məcbur qalmalıdır", - etirazçılardan biri sual edib.

Hələlik etiraz aksiyasına TƏBİB-dən münasibət bildirilməyib.

Hələ ötən ilin mayında Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara yeni maddi tələblər qoyulduğu ilə bağlı yerli mediada müxtəlif iddialar yer almışdı. Amma TƏBİB-dən belə iddiaları yalanlamışdılar. Üstəlik, ayrı-ayrı stomatoloqlar şikayətlənmişdilər ki, TƏBİB-dən lazımi dəstəyi almırlar.

Daha sonra isə bəzi bölgələrdəki dövlət tibb müəssisələrində çalışan stomatoloqların ixtisar olunması ilə bağlı məlumatlar yayıldı.

TƏBİB-dən cavab

"...Stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir". Bunu etirazlarla bağlı APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.

Qurum qeyd edib ki, stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir.

Vurğulanıb ki, bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib: "Eyni zamanda, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərib ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir...".

XS
SM
MD
LG