Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:13

Rusiya Türkiyəyə S-400-ləri satır, ‘sirlərini’ yox


Rusiyanın gazeta.ru saytının məlumatına görə, Moskva Türkiyə tərəfinin ricasını rədd edərək onun mütəxəssislərinə Ankaraya satılan S-400 Triumph qurğularının daxili sisteminə giriş verməkdən imtina edib.

Bundan başqa Türkiyəyə satılan raketlərə “dost-düşmən” (svoy-çujoy) tanıma sistemləri də qoyulacaq. Bu isə o deməkdir ki, bu raketlər Rusiyaya və onun müttəfiqlərinə aid hədəfləri vurmayacaq.

Alış-veriş razılaşması ilə yaxından tanış olan mənbə gazeta.ru saytına deyib ki, “biz onlara bütün elektron kodlarını və “içalatı” vermirik”.

Üstəlik S-400 zenit-raket qurğularına “dost-düşmən” radiolokasiya tanıma sistemini Rusiya tərəfinin öz ekspertləri quraşdıracaqlar.

Həmin mənbə deyib: “Biz onların daxili sistemə giriş ricasını rədd etmişik və buna görə də raketlərdə Rusiya istehsalı olan “dost-düşmən” sistemi quraşdırılacaq. Onlar çox israr edirdilər ki, biz onlara parolları və nəzarət sistemini verək, lakin biz imtina etdik”.

Türklər tələsdirirlər, Moskva isə...

Mediada verilən xəbərlərə, eləcə də prezident Erdoğanın öz bəyanatlarına görə Türkiyə artıq bu bahalı qurğular üçün beh ödəyib. Moskva bu pulu aldığını sentyabrın 29-da təsdiqləyib.

Bu xüsusda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin demişdi ki, qurğuların Türkiyəyə çatdırılması müddətləri hələlik müəyyən edilməyib: “Onlar mümkün qədər tez istəyirlər, lakin məsələ hələ müzakirə olunur”.

Bu barədə habelə prezident Vladimir Putinin Ankaraya səfərindən bir gün sonra məlumat verilmişdi. Erdoğanla Putinin Ankara danışıqlarındakı mövzulardan bir də S-400 raket sistemləri idi.

Bundan əvvəl sentyabrın 25-də Türkiyə Müdafiə Sənayesi katibliyinin sözçüsü İsmail Demir S-400-lərin Türkiyəyə verilməsinin iki il müddətində reallaşacağını demişdi.

Putin (solda) və Erdoğan S-400 məsələsini Ankara görüşündə də müzakirə ediblər
Putin (solda) və Erdoğan S-400 məsələsini Ankara görüşündə də müzakirə ediblər

Moskva və Ankara Türkiyəyə Rusiya istehsalı olan S-400 zenit raket komleksinin (ZRK) satılması barədə kontraktı sentyabrın 12-də imzalamışdılar. Elə həmin gün Erdoğan beh verildiyini elan etmişdi.

Rusiya Federasiyası hərbi-texniki əməkdaşlıq xidməti mövzunun “həssalığı” səbəbilə kontraktın detallarına varmamışdı.

Türkiyənin Rusiyadan S-400 raket sistemləri almaq qərarı onun NATO üzrə müttəfiqlərini narahat və məyus etmişdi. Buna baxmayaraq alyans Ankaranın bu hərəkətini qətiyyətlə pisləməmişdi.

Alyansın baş katibinin ictimai diplomatiya məsələləri üzrə milliyyətcə türk köməkçisi Tacan İldem bu kontrakt barədə danışarkən demişdi ki, nə NATO-nun , nə də Türkiyənin S-400-lərlə bağlı problemi yoxdur və NATO-Türkiyə müttəfiqliyi qüvvədə qalır.

S-400 və Patriot

Rusiya Təhlükəsizlik Problemləri Akademiyasının birinci vise-prezidenti Viktor Yesin gazeta.ru saytına deyib ki, zenit-raket kompleksinin daxili sistemlərinə girişin məhdudlaşdırılması ölkələrarası silah ticarətində adi praktikadır.

O əlavə edib ki, bu mənada Türkiyənin də problemi olmayacaq S-400 ZRK üçün gələcəkdə lazım olan sazlama və təmir işlərini Rusiya ekspertləri həyata keçirəcəklər.

Bununla belə, Yesin əlavə edib ki, praktik baxımdan S-400 sistemi texnologiyasının NATO-nun əlinə keçməyəcəyinə yüz faizli qarantiya yoxdur.

Yesin daha sonra bildirib: “Lakin bütün əsas sirlər qorunacaq. Belə silahları təkcə biz satmırıq. Amerikalılar da belə kompleksləri satırlar və onlar da bu avadanlığa belə öhdəliklər əlavə edirlər. Bu komplekslərin içində nə varsa və onların necə işləməsi sirr olaraq qalacaq. Türklərin buna dair heç bir məlumatları yoxdur”.

Almaniyadakı Patriot raketləri
Almaniyadakı Patriot raketləri

S-400 Triump hədəfləri 40 kilometrlik məsafədə aşkar edə bilir. Bu məsafədən onlar saniyədə 4, 8 metrədək sürətlə uçan aerodinamik hədəfləri məhv etməyə qabildir.

Bunlar qanadlı raket də ola bilər, strateji və taktiki aviasiyanın təyyarələri də.

Rusiyalı hərbi ekspert və “Arsenal oteçestva” jurnalının baş redaktoru Viktor Muraxovski gazeta.ru saytına deyib ki, S-400-lə müqayisəyə gələcək sistem bütün dünyada yoxdur.

Ona sözlərinə görə, belə keyfiyyətlərə malik yeganə sistem ABŞ-ın Patriot raketləridir.

Lakin Patriot raketlərindən fərqli olaraq S-400 yerdən cəmi 5 metr aralı olan obyektləri də vurur, halbuki Patriot antiraket sistemi üçün minimal yüksəklik 60 metrdir.

S-400 Türkiyə səmalarını NATO-nun üzünə bağlayacaq?

Gazeta.ru saytının yaydığı məlumatlar bundan əvvəl Türkiyə tərəfinin verdiyi açıqlamalarla tam ziddiyyət təşkil edir.

Hələ iyul ayında bir Türkiyə rəsmisi Bloomberg-ə demişdi ki, Türkiyənin Rusiyadan aldığı raket qurğularında “dost-düşmən” sistemləri quraşdırılmayacaq və bu onlardan istənilən hədəfə qarşı istifadə etmək imkanı verəcək.

Bloomberg-in yazdığına görə Moskvadakı Strategiyalar və Texnologiyalar Mərkəzinin təhlilçisi Konstantin Makienko Rusiyanın Vzqlyad saytına demişdi ki, “əgər türklər Rusiyanın raket müdafiəsi sistemlərini alsalar, S-400 “Türkiyə səmalarını Qərb təyyarələrinin üzünə bağlayacaq və bu, bütün silah bazarında tektonik təlatüm yaradacaq”.

Türkiyə bundan əvvəl raket sistemləri və texnologiyalarını ABŞ, İtaliya və Fransadan da almağa cəhd göstərmişdi.

Ankara bildirirdi ki, bahalığı bir yana Türkiyəyə satılacaq Qərb silahlarına ciddi istifadə məhdudiyyətləri qoyulurdu.

Məsələn bu raketlərin Ermənistan sərhədini, Egey dənizi sahilini və Yunanıstan sərhədini hədəfləməsinə blok qoyulurdu.

Türkiyə Moskva ilə S-400 sövdələşməsinə girməsinin səbəblərini bu məqamlarla izah edirdi. Lakin indi Rusiya mediasının yazdıqları təsdiq olunarsa, Ankaranın strateji istəklərinin yenə də yerinə yetmədiyi aydın olar.

Ankara hələ 2015-ci ildə ABŞ-dan Türkiyədəki Patriot raketlərini çıxarmamasını rica edirdi. Vaşinqton onların təkrar sazlanmaya ehtiyacı olduğunu bildiridi. Yunanıstanın Patriot raketləri var.

Patriot raketləri hazırda heç də ABŞ-ın bütün müttəfiqlərinin cəbbəxanalarında yoxdur.

Hələlik Patriot yalnız 12 ölkənin arsenalına daxildir.

Bunlar Hollandiya, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG