Yanvarın 1-də ölkədəki iqtisadi çətinliklərə etirazların beşinci günündə ölənlərin və saxlanılanların sayı artıb. Bu gün daha çox iğtişaş gözlənilir.
Prezident Pezeşkian hökumətin iqtisadi vəziyyəti yaxşılaşdıracaq yeni qərarlar qəbul edəcəyinə söz verib.
Şirin Ebadi deyir ki, "itirəsi heç nəyi qalmayan adamlara qarşı gücdən istifadə ictimai qəzəbi daha da gücləndirəcək, bu yanğının üstünə benzin tökməyə bənzəyir".
Yanvarın 2-də İranın bir neçə bölgədə daha çox iğtişaş gözlənilir. Yanvarın 1-də ölkədəki iqtisadi çətinliklərə etirazların beşinci günündə ölənlərin və saxlanılanların sayı artıb.
Dövlət nəzarətində olan media orqanları, beynəlxalq insan haqları qrupları etirazçılarla təhlükəsizlik qüvvələrinin toqquşmalarında azı yeddi nəfərin öldüyünü, onlarla insanın yaralandığını xəbər verir. Hökumətə bağlı xəbər agentlikləri baş verənlərə görə iğtişaşçıları günahlandırıb.
Rəsmi orqanlar bu məlumatları hələ təsdiqləməyib, AzadlıqRadiosunun fars xidməti onları müstəqil təsdiqlədə bilməyib.
Bir çox müşahidəçilərin nisbətən mülayim saydığı prezident Məsud Pezeşkian gərginliyi azaltmağa çalışıb. O, iranlıların "qanuni" tələblərini anladığını deyib, hökuməti iqtisadi çətinlikləri yüngülləşdirəcək addımlar atmağa çağırıb.
"İslami baxımdan… insanların dolanışıq problemini həll etməsək, cəhənnəmə gedəcəyik", – Pezeşkian dövlət televiziyasına deyib.
Sərt xətt tərəfdarı təhlükəsizlik qüvvələri isə etirazçılara və "vəziyyətdən yararlanaraq" xaos yaratmağa çalışanlarla sərt davranacaqlarını bəyan ediblər.
Tennessi Universitetinin dosenti Səid Qolkar İrandakı prosesləri izləyir. O, sosial şəbəkələrdə yazıb ki, etirazların yeni dalğasının səbəbi "iqtisadi narazılıqlar olsa da, kökləri rejimin repressiyasına, ideoloji siyasəti və səriştəsizliyinə gedib çıxır".
Berlində yerləşən Yaxın Şərq və Qlobal Nizam Mərkəzinin qurucusu və direktoru Əli Fətullah-Nejad dekabrın 30-da yazıb ki, "İslam Respublikası yol ayrıcındadır. Yenidən başlayan ümummilli etirazlar yığılıb qalmış böhranların nəticəsidir: valyutanın sürətlə dəyərsizləşməsi, su və elektrik qıtlığı, yanacağın bahalanması, hiperinflyasiya həddinə çatan inflyasiya, ekoloji dağıntılar və s.".
Ölüm xəbərləri
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Fars" xəbər agentliyi ölkənin cənub-qərbindəki Lordeqan şəhərində etirazlar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmaların olduğunu yazıb. Agentlik "məlumatlı" mənbəyə istinadla iki nəfərin öldüyünü bildirib.
Norveçdə yerləşən "Hengaw" insan haqları qrupu da Lordeqanda ölümlər olduğunu qeyd edir. Qrupun məlumatına görə, təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb, iki nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. "Hengaw" həmçinin dekabrın 31-də İranın mərkəzindəki İsfahan vilayətində bir etirazçının öldürüldüyünü bildirib.
Qrupun məlumatına görə, Lordeqanın bir neçə yerində etirazlar keçirilib, nümayişlər gözyaşardıcı qaz və döyüş sursatı ilə zorakılıqla yatırılıb.
"Fars" İranın qərbindəki Luristan vilayətində 48 min əhalisi olan Əzna şəhərində təhlükəsizlik qüvvələri ilə nümayişçilərin toqquşmalarımda üç nəfərin öldüyünü, 17 nəfərin yaralandığını yazıb. Etirazçıların polis bölməsinə hücum etdiyi haqda təsdiqlənməmiş məlumatlar var.
SEPAH isə yanvarın 1-də bildirib ki, "Bəsic" könüllü yarımhərbi qurumunun bir üzvü bir gün öncə Luristan vilayətindəki Kuhdəşt şəhərində öldürülüb.
Saxlanılanların sayı artır
"Tasnim" xəbər agentliyi paytaxt Tehranda azı 30 nəfərin ictimai asayişi pozduqlarına görə saxlanıldığını bildirib. Malard şəhərində, Əlburz, Luristan və Çahar-Mahal və Bəxtiyari vilayətlərində də saxlanılanların olduğu xəbər verilir.
Sosial şəbəkələrdə yayılan videolar və məlumatlarda yanvarın 1-də Tehranda bazarların yenidən bağlandığı deyilir. Tacirlər küçələrdə yürüş ediblər, onlar valyutanın kəskin ucuzlaşmasının yaratdığı inflyasiyaya etiraz edirlər.
"Odun üstünə benzin tökmək"
Bu iğtişaşlar İranın teokratik hakimiyyəti üçün ən ciddi sınaq kimi dəyərləndirilir. 2022-ci ilin sentyabrında 22 yaşlı iranlı-kürd tələbə Məhsa Əmini guya hicab qaydasını pozduğuna görə saxlanılandan sonra polis nəzarətində ölüb. Bundan sonra ölkəni "Qadın, Həyat, Azadlıq" şüarı ilə etirazlar bürüyüb.
Prezident Pezeşkian daha öncə vətəndaşları etirazlara çıxmaqdansa həmrəylik göstərməyə çağırıb. O, hökumətin iqtisadi vəziyyəti yaxşılaşdıracaq yeni qərarlar qəbul edəcəyinə söz verib.
Amma bütün bunlar iranlıların qəzəbini azaltmayıb. Ölkədə inflyasiya 50 faizdən yuxarıdır. Qeyri-rəsmi bazarlarda 1 dollar 1.4 milyon riala yaxındır, bir il öncə bu göstərici 800 min civarında idi.
Rəsmi məzənnələr daha əlverişli olsa da, bir çox iranlılar və bizneslər üçün əlçatan deyil.
"Son etirazlar bir açıq reallığı üzə çıxarır: bir çox iranlı qərara gəlib ki, sevdikləri ölkə məhv olmamışdan indiki isteblişment nəyin bahasına olursa-olsun, mümkün qədər tez sona çatmalıdır", – bunu isə Nobel Sülh Mükafatı Şirin Ebadi yanvarın 1-də "Radio Fərda"ya telefon müsahibəsində deyib. O, İranda demokratiyanın təşviqi, insan haqlarının qorunması yönündəki fəaliyyətinə görə 2003-cü ildə bu mükafata layiq görülüb.
"İnsanların itirəcək bir şeyləri yoxdur, artıq dözə bilmirlər. İnsanların süfrələri boşdur, aclıq o qədər güclü basqı edir ki, insanlar həyatdan əllərini üzüblər. Rejim bunu anlayır və odun üzərinə benzin tökmək istəmir", – o deyib.