Keçid linkləri

2025, 25 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:09

İranda İsveç vətəndaşı İsrailə casusluq ittihamı ilə saxlanıb


İyunun 24-də İsrail və İran arasında atəşkəsin erkən saatlarında Tehranda təhlükəsizlik işçisi küçədə patrul çəkir.
İyunun 24-də İsrail və İran arasında atəşkəsin erkən saatlarında Tehranda təhlükəsizlik işçisi küçədə patrul çəkir.

İsveç bir vətəndaşının İranda saxlandığını təsdiqləyib. Bundan öncə isə Tehran İsrail üçün casusluqda suçlanan bir isveçlinin məhkəməsinin getdiyini elan edib.

Dekabrın 16-da İsveç Xarici İşlər Nazirliyi (XİN) AzadlıqRadiosunun fars xidmətinə bildirib ki, həmin şəxsin ailəsi ilə əlaqə saxlanıb, o, vəkil ilə təmsil olunur. Nazirlik əlavə məlumat verməyib, "məxfiliyi qorumaq", "işimizə mane olmamaq" kimi səbəbləri əsas gətirib.

Ədliyyənin sözçüsü Əsgər Cahangir dekabrın 16-da deyib ki, İran-İsveç ikili vətəndaşlığı olan şəxs 2023-cü ildə İsrail kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunub, "o, işğal altındakı Fələstin ərazilərinə bir neçə səfər edib, sonuncu səfər İrana daxil olmamışdan iki həftə öncə gerçəkləşib, üzərində elektron casusluq avadanlığı olub". Onun iddiasına görə, şübhəli İsrail üçün casusluq etdiyini boynuna alıb.

Cahangir zaman ardıcıllığına zidd bəzi bilgilər də verib. O əlavə edib ki, təqsirləndirilən şəxs iyunda İsraillə 12 günlük müharibədən bir ay əvvəl İrana daxil olub, Tehrandan 45 kilometr şimal-şərqdə, Kərəc yaxınlığında bir villada qalıb. Amma Əlburz vilayətinin ədliyyə idarəsinin rəhbəri həmin şəxsin müharibənin dördüncü günü, iyunun 16-da saxlandığını bildirmişdi. Onu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) saxlayıb.

İran polisi iyun müharibəsi zamanı təhlükəsizliyi pozmaq ittihamı ilə təxminən 21 min nəfərin saxlanıldığını bildirib. Hazırda neçə nəfərin həbsdə qaldığı aydın deyil.

İyunun sonlarından İran İsrail üçün müharibədən öncə casusluqda təqsirli saydığı bir neçə nəfəri edam edib. Bu, İran daxilində hücumlara "Mossad"ın ölkəyə sızmasının yol açması sarıdan qorxular fonunda baş verib.

Təhlükəsizlik orqanları ikili vətəndaşları həbslər, əmlak müsadirəsi, ailələrə təzyiq yolu ilə geri qayıtmağa vadar edir. Hüquq müdafiəçiləri bu praktikanı "girov diplomatiyası" adlandırır. "Human Rights Watch" bildirir ki, hakimiyyət orqanları siyasi motivli həbslərlə ədalətli məhkəmə prinsiplərini "sistemli" pozub. Tehran ikili vətəndaşlığı tanımır, bu şəxslərə yalnız İran vətəndaşı kimi yanaşır.

XS
SM
MD
LG