ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilərək ölkədən çıxarıldığını açıqlayıb. İran və Rusiya Birləşmiş Ştatların Venesuelaya irimiqyaslı zərbəsini kəskin pisləyib.
"Onları Nyu-Yorka aparacaqlar. Onları (ölkədən) vertolyotla çıxarıblar, vertolyotla uçuş yaxşı keçib, əminəm ki, bəyəniblər", – Tramp yanvarın 3-də "Fox News"a müsahibəsində deyib.
D.Tramp yanvarın 3-də mətbuat konfransında deyib ki, Venesuelada hakimiyyətin təhlükəsiz və münasib keçidi baş verənədək ABŞ bu ölkəni idarə edəcək. Tramp bunun necə gerçəkləşdiriləcəyini açıqlamayıb.
Venesuela hökuməti Maduronun ələ keçirildiyini təsdiqləməyib. Ölkənin vitse-prezidenti Delsi Rodriqes Maduronun və Birinci ledinin yerinin bəlli olmadığını deyib. Rodriqes televiziya ilə çıxışında Vaşinqtondan onların sağ olmalarına dəlil tələb edib. O deyib ki, yanvarın 3-də hücum zamanı ölkə rəsmiləri, hərbçilər, dinc insanlar həlak olub.
ABŞ-nin baş prokuroru Pem Bondi Maduro və Birinci xanım Siliya Floresə Nyu-York Cənub Dairəsində ittiham irəli sürüldüyünü, onların tezliklə Amerika torpağında, Amerika məhkəmələrində mühakimə ediləcəyini söyləyib. Bondi Maduroya narkoterrorçuluq, kokain idxalı, silah və dağıdıcı qurğular saxlamaq ittihamları irəli sürüldüyünü açıqlayıb.
Rusiya və İran hücumu pisləyib
Karakasın tərəfdaşları ABŞ-nin zərbələrini, Maduronun ələ keçirilməsini kəskin pisləyiblər.
Moskva Maduro və xanımının Vaşinqtonun "təcavüzkar hərəkətləri" zamanı ölkədən zorla çıxarılması xəbərlərindən aşırı narahatlığını bildirib. Xarici İşlər Nazirliyi vəziyyətin dərhal aydınlaşdırılmasına çağırıb. Qurum Latın Amerikasının sülh zonası kimi qalmasının vacibliyini vurğulayıb.
Venesuelanın digər əsas müttəfiqi İran da ABŞ-nin hərbi hücumunu pisləyib. Xarici İşlər Nazirliyi bildirib ki, iddia olunan hücum Venesuelanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də BMT nizamnaməsini pozur.
Vaşinqton bir neçə ay idi Venesuelaya iqtisadi və hərbi təzyiqi artırmışdı. Venesuelanın neft tankerləri ələ keçirilib, narkotik daşıdığı iddia olunan qayıqlara zərbələrdə onlarla adam öldürülüb.
Maduro 2013-cü ildə Uqo Çavesdən sonra hakimiyyətə gələndən Vaşinqton onun prezident kimi legitimliyini mübahisələndirib. Müxalifət də o vaxtdan bəri keçirilən seçkilərin saxtalaşdırıldığını bildirib.
Kuba, Meksika zərbələri pisləyiblər.
Avropada bir çox ölkələr isə durumu yaxından izlədiklərini bildiriblər.
Ukrayna, Kosovo Vaşinqtonun yanında olduqlarını bəyan ediblər.