Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:12

Səudiyyə kralı Putinlə neft, S-400 və Suriyanın bütövlüyündən danışıb


Kral Salman bin Əbdüləziz əs-Səud (solda) və Rusiya prezidenti Vladimir Putin oktyabrın 5-də Kremldə görüşüblər
Kral Salman bin Əbdüləziz əs-Səud (solda) və Rusiya prezidenti Vladimir Putin oktyabrın 5-də Kremldə görüşüblər

Kral Salman bin Əbdüləziz əs-Səud Rusiyaya rəsmi səfər etmiş ilk Səudiyyə Ərəbistanı monarxı olub. Oktyabrın 5-də onu Kremldə Rusiya prezidenti Vladimir Putin qəbul edib.

O kralın Moskvaya səfərini “əlamətdar” hadisə adlandırıb.

Putin deyib: “Mən əminəm ki, sizin səfəriniz bizim ölkələrimiz arasında bağları daha da canlandıracaq”.

Səudiyyə monarxı bildirib ki, “bizim məqsədimiz sülh və təhlükəsizlik maraqları, habelə dünya iqtisadiyyatının inkişafı naminə münasibətlərimizi gücləndirməkdir”.

Kral Salman həmçinin vurğulayıb ki, Səudiyyə iki ölkənin dünya neft bazarındakı pozitiv əməkdaşlığının davam etməsini istəyir.

Təhlilçilər bildirirlər ki, iki ölkə arasında münasibətlər çox vaxt kifayət qədər gərgin olub.

Soyuq müharibə illərində Səudiyyə əfqan mücahidləri onların sovet işğalına qarşı döyüşündə dəstəkləyirdi.

Bu yaxınlarda isə iki ölkə arasında Səudiyyənin regiondakı əsas rəqibi İrana görə fikir ixtilafları olub.

Riyad Suriya prezidenti Assad-a qarşı döyüşən və ABŞ-dan yardım alan qiyamçıları dəstəkləyir, halbuki Rusiya qoşunları İran qüvvələri ilə birlikdə Suriya prezidentinin hakimiyyətini müdafiə edirlər.

Lakin regional fikir ayrılıqlarına baxmayaraq, Moskva və Riyad “neft qiymətlərinin sabitləşdirilməsi naminə” ortaq məxrəcə gələrək ötən noyabrda neft hasilatının ixtisarına dair OPEC razılaşmasını imzalayıb.

Bu razılaşmadan məqsəd Rusiya və Səudiyyə büdcəsi üçün həyati məna daşıyan neft qiymətlərinin qaldırılmasıdır.

Putinlə 81 yaşlı monarx arasında danışıqların müəyyən təfərrüatları barədə iki ölkənin xarici işlər nazirləri – Sergey Lavrov və Adel əl-Cübeyr brifinq veriblər.

Sergey Lavrov deyib ki, iki lider Moskva və Riyad üçün qarşılıqlı faydalı olacaq partnyorluğun inkişaf etdirilməsi yollarını müzakirə ediblər.

O əlavə edib ki, Putin və kral terrorla mübarizənin mühümlüyü və Yaxın Şərqdəki münaqişələrin dinc yolla həllinə tərəfdar olduqlarını bildiriblər.

Adel əl-Cübeyr deyib ki, Moskva və Riyad Suriyanın bütövlüyünün saxlanmasına ehtiyac olduğu barədə razılığa gəliblər.

O deyib ki, iki ölkə arasında “əvvəllər təsəvvürə belə gəlməyən münasibətlərin inkişafı üçün üfüqlər açılıb”.

Lavrov deyib ki, Səudiyyə və Rusiya arasında bir sıra ilkin kontraktlar imzalanıb.

Səudiyyə Dövlət Hərbi Sənaye Agentliyinin məlumatına görə razılaşmalara əsasən Səudiyyə Rusiyadan S-400 hava müdafiəsi sistemləri, tank əleyhinə Kornet raketləri və zenit qurğuları alacaq.

Agentlik razılaşmaların potensial pul dəyərini açıqlamayıb, lakin bildirib ki, Rusiya tərəfi sözü gedən silahlara aid “texnologiyaların Səudiyyəyə veriləcəyinə və bu sistemlərin cari təmirlərinin lokalizasiya olunacağına qarantiya verib”.

Reuters-in məlumatına görə, habelə iki ölkə 1 milyard dollarlıq birgə investisiya fondu yaratmaq barədə razıalşma əldə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG