Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 02:38

Qazax sement zavodu indi 'ən böyük' oldu


Sement zavodu (arxiv fotosu).

Məsələn, hava limanlarına, təyyarələrə sahib olan «Azərbaycan Hava Yolları» ASC-nin nizamnamə kapitalı Qazaxdakı sement zavodundan cəmi 23,9 milyon manat çoxdur

Ötən il alman şirkəti ilə Qazax rayonunda «Akkord» korporasiyasına məxsus sement zavodunun əsasında birgə müəssisə quran tərəflər onun kapitalını 800 milyon manata qaldırıblar.

Almaniyanın «HeidelbergCement AG» şirkəti Qazax sement zavodunda 50 faizlik pay əldə edib. Tərəflər müəssisəni «HGC Group» MMC adlandırıblar. O zaman şirkətin ödənilmiş nizamnamə kapitalı 9,8 milyon manat olub. Ortaqlığın yaradılmasından bir müddət sonra kapital 800 milyon manata çatıb. Sürətli artım yaxın gələcəkdə sərmayə qoyuluşlarından da soraq verir.

Buna da bax:​ 'Akkord' korporasiyası genişlənir

Sement zavodları arasında birinci

Dünya sement bazarında önəmli yeri olan alman şirkəti ilə razılaşmaya görə, «Akkord» korporasiyası onun Gürcüstandakı müəssisələrində 25 faiz pay alıb.

Hazırda kapital həcmi baxımından «HGC Group» MMC Azərbaycanın sement zavodları arasında birincidir. Ona bu göstərici üzrə nəinki özəl şirkətlər, hətta iri dövlət şirkətləri də qibtə edə bilər. Məsələn, hava limanlarına, təyyarələrə sahib olan «Azərbaycan Hava Yolları» ASC-nin nizamnamə kapitalı Qazaxdakı sement zavodundan cəmi 23,9 milyon manat çoxdur.

Buna da bax: Tikinti materialları istehsalı azalıb

«Akkord» ABB-nin kreditindən yararlanıb

Diqqət çəkən fakt odur ki, Qazaxdakı zavodun qurulmasına «Akkord» 2010-2014-cü illərdə 225 milyon manat – ovaxtkı məzənnə ilə 277 milyon dollar sərmayə yatırıb. Bu, «Akkord»un ölkə iqtisadiyyatına ən iri sərmayəsidir. Vəsaitin önəmli hissəsi Azərbaycan Beynəlxalq Bankından götürülmüş kredit hesabına qoyulub.

Bu müəssisəyə ildə 1 milyon ton sement istehsal etmək imkanı qazandırıb. İqtisadi böhran və tikintidəki geriləmə həmin göstəricini gerçəkləşdirməyə mane olub. Bir məlumatı demək yetər: Dövlət Statistika Komitəsi ötən il ölkədə sement istehsalının 15 faiz azalaraq 2,3 milyon tona düşdüyünü açıqlayıb.

Buna da bax:'Norm', 'Holcim' ağır durumda

Böhran şirkətin planlarını dəyişib

«Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası» ASC müəssisənin illik istehsal gücünü 2017-ci ildə 3 milyon tona qaldırmaq haqda planlar qururdu. Amma böhran bu planlara öz düzəlişini edib.

Alman tərəfi ilə ortaqlıq qurulmazdan öncə nəzərdə tutulan bəzi niyyətlər də gerçəkləşməyib. Məsələn, «Qazax Sement Zavodu» MMC və «Akkord Beton» MMC-nin birləşməsi ilə bağlı atılan addımlar sona çatdırılmayıb. Vergilər Nazirliyi birləşmənin tərəfi olan «Akkord Beton» MMC-nin fəaliyyətini davam etdirdiyini bildirir.

Ötən il Qazax sement zavodu satış coğrafiyasını genişləndirib. Gürcüstana 184,4 min ton sement yarımfabrikatı – klinker satılıb. Satışdan 8,2 milyon dollar gəlir götürülüb.

Buna da bax: 'Akkord' korporasiyası alman şirkətiylə ortaq biznesə başlayır

Bazarda rəqabət də var

Azərbaycanda sement buraxan şirkətlər yetərincədir. Bazarda əsas söz sahibləri «Holcim» (Azərbaycan) ASC, «Norm» MMC və «HGC Group» MMC-dir. Onların toplam illik istehsal gücü 4,7 milyon tondur. Digər istehsalçılar - «Retro Holding», «Garant İnşaat Sənaye», «Silk Way Aviaşirkəti» MMC-nin «SW Construction and İndustry»" filialı və başqalarıdır.

2005-ci ildə yaradılan «Akkord» korporasiyası «VIP Estate» şirkəti (51 faiz) vasitəsilə Əşrəf Kamilovun nəzarətindədir. Korporasiyaya daxil olan şirkətlərin sayı daim artır və hazırda 50-yə çatır. Onların əksəriyyəti istehsal yönümlüdür.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG