Ermənistanın baş naziri Nikol Paşinyan qayıdış məsələsində Azərbaycana birgə yol xəritəsi hazırlamağı təklif edir. Paşinyan Almaniyaya səfəri zamanı jurnalistlərə danışıb: "Azərbaycandan bir yandan "Qərbi Azərbaycan" deyir, digər yandan deyir ki, "Vay, burada Qarabağ erməniləri" yazılıb. (Bakının Ermənistan-Aİ strateji gündəminə etirazını nəzərdə tutur). Mən Qarabağdakı insanlara dedim ki, geri qayıtmaq real deyil. Amma digər tərəfdən, Ermənistanda görürlər ki, Azərbaycanda davamlı olaraq "Qərbi Azərbaycan" terminologiyasından istifadə edirlər... Gəlin oturaq, bir yol xəritəsi hazırlayaq, bu iki mövzunu eyni vaxtda bağlayaq... Bu mövzunun aradan qaldırılması uzunmüddətli strateji mənada hər hansı münaqişə vəziyyətini tamamilə aradan qaldırmaq deməkdir".
"Artsax nümayəndəliyi"ndə axtarış
Yerevanda İstintaq Komitəsinin "Artsax nümayəndəliyi"ndə axtarış apardığı bildirilir. "Azatutyun" yazır ki, bu barədə "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan məlumat verib.
O, axtarışların "Artsax sakinlərinin geri qaytarılması ilə bağlı parlament dinləmələrindən bir gün sonra" aparıldığını qeyd edib.
Ermənistan İstintaq Komitəsi axtarışın səbəbini açıqlamayıb. Qarabağda doğulmuş vəkil, fəal Roman Yeritsyan reydin "ehtimal edilən iqtisadi cinayətlər" üzrə istintaq ilə əlaqələndirib.
"Azatutyun" "Qarabağın mühacirətdə olan rəhbərliyi"nin bir gün öncə həmin binada dinləmələr keçirdiyini yazır.
Ermənistan Baş Prokurorluğu bu ilin iyulunda Yerevanda məhkəməyə müraciət edərək binanın 2017-ci ildə formal məxsus olduğu "Qarabağ hökuməti"ndən alınmasını xahiş edib.
'Qarabağ ermənilərinin lideri' qayıtmaq uğrunda mübarizə aparacaqlarını deyir
Qarabağın keçmiş separatçı lideri Azərbaycana qayıtmaq hüquqları uğrunda mübarizəni davam etdirəcəklərini deyir. Bu fikirlər dekabrın 10-da Yerevanda dinləmələrdə səslənib.
"Əsas məqsədimiz Artsax (Qarabağ) xalqının vətəninə qayıtmaq, orada təhlükəsiz yaşamaq, gələcək siyasi statusunu öz müqəddəratını təyinetmə əsasında müəyyən etmək hüquqlarını reallaşdırmaqdır", – özünü "Qarabağın prezidenti vəzifəsini icra edən" şəxs kimi təqdim edən Aşot Danielyan deyib.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, dinləmələrə müxalif siyasətçilər, ictimai fiqurlar qatılıb. Danielyanın sözlərinə görə, Qarabağ ermənilərinin qayıdış uğrunda mübarizəsində "yeni fəsil" açacaqlar. Amma o, konkret hansı addımları nəzərdə tutduğunu deməyib.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük hərbi əməliyyatlar ilə ərazi bütövlüyünü bərpa edib. 2023-cü il əməliyyatından sonra 100 mindən çox erməninin Qarabağdan köçdüyü bildirilir. Onlar əsasən Ermənistana gediblər. Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edib, amma Bakı bu ittihamı qəbul etməyib, Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan qaçqınların qayıdışı mövzusunu sülh prosesinə təhlükə saydığını bildirib.
Bakı və Yerevan bu il avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıblar.