Keçid linkləri

2025, 10 Dekabr, çərşənbə, Bakı vaxtı 05:30

Prezidentin əmisi oğlu ilə şəriki arasında əmlak qalmaqalı


Şahbaz Şahbazov
Şahbaz Şahbazov

Tibb Universitetinin professoru Şahbaz Şahbazovla prezident İlham Əliyevin əmisi oğlu İlqar Əliyev arasında əmlak qalmaqalı yaşanır.

Ş.Şahbazov deyir ki, Əliyevlə ortaq olduğu obyekt ondan xəbərsiz satılıb. Tələb edir ki, alqı-satqı müqaviləsi, əmlakın yeni sahibi Xaqan Quliyevin adına dövlət qeydiyyatı ləğv olunsun. Bu tələblə də İ.Əliyevi, onun sahibi olduğu "Riyad-Renta" şirkətini və daha bir şərikləri İlham Məmmədovu məhkəməyə verib.

Mübahisə predmeti olan obyekt – Şamaxı şəhərində yerləşən 812.4 kvadratmetr, ikimərtəbəli qeyri-yaşayış sahəsi "Riyad-Renta" şirkətinin xüsusi mülkiyyətində olub. Şirkətdə 50 faiz pay sahibi İ.Əliyev, hərəsində 25 faiz olmaqla, digər payçılar isə Ş.Şahbazov və İ.Məmmədovdur.

Rəsmi sənədlərə görə, restoran 2022-ci il aprelin 15-də X.Quliyevə 450 min manata satılıb. Bundan bir gün əvvəl – aprelin 14-də isə "Riyad-Renta"nın təsisçilərinin birgə yığıncağı keçirilib, bu barədə protokol tərtib olunub. Protokolda da göstərilib ki, yığıncaqda sözügedən obyektin satılması haqda qərar qəbul olundu.

Obyektin baha satıldığını iddia edir

Ş.Şahbazov deyir ki, təsisçilərdən biri olsa da, ona nə yığıncağın keçirilməsini xəbər veriblər, nə də əmlakın satılmasını. Hesab edir ki, bu addımlar təsisçilərdən birindən gizli atıldığına görə yığıncağın qərarı, protokol və alqı-satqı müqaviləsi etibarsız sayılmalı və ləğv olunmalıdır.

Qarşı tərəf əsas gətirir ki, ölkədə olmadığına görə yığıncaqda iştirak etməyib. O isə bu haqda deyilənlərlə razılaşmır. Bildirir ki, İ.Əliyev və İ.Məmmədovla ortaq olduqları başqa hüquqi şəxslərin, məsələn, "Azinteroil" şirkətinin təsisçilərinin yığıncağında onun nümayəndəsi kimi qardaşı Yaqub Şahbazov iştirak edib. Bu obyektlə bağlı yığıncaq haqda da ona məlumat verilməli idi.

Bundan başqa, Ş.Şahbazov hesab edir ki, obyekt 450 min manata yox, daha baha satılıb, alqı-satqı müqaviləsində isə qiymət az göstərilib. O vurğulayıb ki, qiymətləndirmə şirkəti obyektin bazar qiymətinin həmin dövr üçün 800 min manatdan çox olması barədə rəy verib.

Cavabdeh tərəf Ş.Şahbazovun iddialarının əsassız olduğunu bildirib, onun şikayətinə etiraz edib.

İddia təmin olunmayıb

Məhkəmələr də Ş.Şahbazovun iddiasını təmin etməyib. Hakimlər qərarlarında yazıblar ki, özü, yaxud da nümayəndəsinin təsisçilərin ümumi yığıncağında iştirak etməməsi onun heç bir hüququnu pozmayıb, maraqlarına toxunmayıb: "Ümumi yığıncaqda 75 faiz payçılar iştirak edib və qərar qəbul etməyə səlahiyyətli olub".

Ş.Şahbazovun 2019-cu ildən Azərbaycandan getməsi və axtarışa verilməsi isə onun yığıncaqda iştirak etməməsi üçün arqument göstərilib: "Məhkəmənin qərarı ilə axtarışda olan şəxsin ümumi yığıncaqda iştirakının necə təmin edilməsi izah ediləbilən deyil".

Ş.Şahbazov 2021-ci ildə Binəqədi rayon Məhkəməsinin qərarı ilə axtarışa verilib. O, iddia edir ki, əmlak mübahisələri ilə əlaqədar münasibətlər korlanandan sonra təzyiqlərə məruz qalıb, bir sıra dövlət orqanlarına onun haqqında əsassız şikayətlər göndərilib, şər-böhtanla üzləşib.

Prezident İlham Əliyevin mərhum əmisi Aqil Əliyevin oğlu İ.Əliyevin rəhbərlik etdiyi "Riyad-Renta" şirkəti 1998-ci ildə dövlət qeydiyyatına alınıb.

XS
SM
MD
LG