Keçid linkləri

2026, 23 Yanvar, Cümə, Bakı vaxtı 06:38

Gültəkin Hacıbəylinin şikayəti təmin edilməyib


Əli Kərimlini niyə həbs etdilər?
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Əli Kərimlini niyə həbs etdilər?

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. Bu barədə o özü yanvarın 15-də sosial şəbəkə hesabında məlumat paylaşıb: "Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib'.

19 dekabr

Əli Kərimli ev dustaqlığına buraxılmadı

Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin ev dustaqlığına buraxılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Prosesdən sonra AXCP sədrinin müavini Seymur Həzi deyib ki, onlar belə bir qərarı gözləyiblər: "Məhkəmənin dörd tərəfini polislər mühasirəyə almışdı. Yalnız bir neçə nəfərimizi məhkəmənin qarşısına buraxdılar... Bu münasibət özü göstərir ki, işin əvvəlindən qərəz var, siyasi sifarişdir. Əli Kərimli ifadə verməməkdə və ittihamları rədd etməkdə davam edir".

Bu açıqlamaya Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Dekabrın 1-də AXCP sədri Ə.Kərimli barəsində 2026-cı il fevralın 13-dək həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

15 dekabr

Gültəkin Hacıbəyli: 'Türkiyədən deport olunmağımla bağlı qərar təqdim olundu'

"Bu gün mənə 5 il müddətinə Türkiyədən deport olunmağımla bağlı rəsmi qərar təqdim olundu...". Bunu Geri Göndərmə Mərkəzində saxlandığını bildirən Milli Şura üzvü Gültəkin Hacıbəyli dekabrın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətində yazıb.

"Mən heç bir hüquqi əsas olmadan noyabrın 29- dan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağımla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarını gözləmədən tələsik belə bir qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla verildiyini göstərir", - o əlavə edib.

Bu müraciətə Türkiyə və Azərbaycan hakimiyyətinin münasibəti bəlli deyil. Amma bundan öncə Gültəkin Hacıbəylinin məsələsi Türkiyə Böyük Millət Məclisində də qaldırılıb. DEM Partiyasının Kocaeli millət vəkili Ömer Faruk Gergerlioğlu daxili işlər naziri Ali Yerlikayaya ünvanladığı 14 suallıq rəsmi sorğuda Hacıbəylinin saxlanılması, deportasiya prosesi və hüquqi əsaslarla bağlı geniş izahat tələb etmişdi.

4 dekabr

Əli Kərimlinin qaynının evində axtarış aparıldığı bildirilir

AXCP-dən yayılan məlumata görə, dekabrın 4-də bu partiyanın həbsdə olan sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun evində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) axtarış aparıb.

"Axtarışdan sonra onlar Elnur Seyidovun telefonunu özləri ilə aparıblar", - məlumatda vurğulanır.

Bu məlumata DTX-dən münasibət almaq mümkün olmayıb

E.Seyidovu 2012-ci ilin martında sonradan ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi (Əvəzində DTX yaradıldı) "Texnikabank" (həmin bankın Yasamal filialında müdir müavini olub) işinə görə həbs etmişdi, ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdi. E.Seyidov və digərləri Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittiham olunublar. O, ittihamları rədd edib, heç bir cinayət törətmədiyini söyləyib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

29 noyabr

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə sosial mediada oğlu ilə birlikdə yaşadığı İstanbulda polisə aparıldığını yazıb. O, noyabrın 29-da AzadlıqRadiosuna müsahibəsində PA-ın keçmiş rəhbəri Ramiz Mehdiyevlə işbirliyində olması ittihamını "absurd" adlandırıb. Siyasətçi Türkiyədən Azərbaycana deportasiya olunacağını istisna etməyib: "Görünür, Azərbaycan hakimiyyətinə Ramiz Mehdiyev olayı siyasi müxalifəti sıradan çıxarmaq üçün lazımdır".

AXCP sədri həbs edildi

Dekabrın 1-də Səbail rayon Məhkəməsində AXCP sədri Əli Kərimli barəsində 2026-cı il fevralın 13-dək həbs-qətimkan tədbiri seçilib.

Məmməd İbrahim də həbs edildi

Səbail rayon Məhkəməsinin qərarı ilə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim həbs edilib. Onun barəsində 12 fevral 2026-cı il tarixinə qədər həbs-qətimkan tədbiri seçilib.

Əli Kərimliyə ittiham irəli sürülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ittiham elan olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı Ə.Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

+++

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə də Ə.Kərimli ilə eyni maddə üzrə ittiham elan olunub.

Həmin maddə üzrə şəxsə ömürlük həbs cəzası verilə bilər.

30 noyabr

Cəmil Həsənlinin ifadəsi alınıb

Milli Şuranın sədri Cəmil Həsənlinin noyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.

Yerli saytlarda onun Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı davam edən cinayət işi üzrə şahid qismində dindirildiyi vurğulanır.

Bu barədə C.Həsənli də Facebook səhifəsində açıqlama yayıb. "DTX-da məni Ramiz Mehdiyevin işi ilə bağlı dindirib ifadə aldılar. Mən də izah etdim ki, bu ölkədə Ramiz Mehdiyev vəzifədə olanda onun əleyhinə məndən çox yazan olmayıb", - o qeyd edib.

C.Həsənlinin sözlərinə görə, habelə Milli Şura, 2013-cü ildə prezident seçkisində namizəd olması və başqa məsələlərlə bağlı maraqlanıblar.

Bu açıqlamaya DTX-nın özündən münasibət almaq mümkün olmayıb.

29 noyabr

AXCP sədrinin evində axtarış aparılıb

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin Bakıdakı evində axtarış aparılıb, o saxlanıb. Bu barədə noyabrın 29-da günorta saatlarında AXCP-nin ayrı-ayrı təmsilçiləri məlumat yayıb.

Ə.Kərimlidən başqa AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb. Onun oğlu Turan İbrahim Facebook hesabında əvvəlcə atası ilə əlaqə saxlaya bilmədiyini, daha sonra isə onun saxlandığı barədə məlumat yayıb: "13 nəfər evdə axtarış aparıb, Məmməd İbrahimi götürüb aparıblar. Telefonunu və kompüterini götürüblər".

Partiyanın digər üzvləri də sosial mediada təqib olunduqlarına aid iddialar bölüşüblər.

AXCP fəallarından Faiq Əmirlinin, Ə.Kərimlinin köməkçisi Ruslan Əmirlinin noyabrın 29-da saxlandığı, daha sonra buraxıldığı bildirilir.

Ə.Kərimli ilə bağlı xəbəri hökümətyönlü medialar da yayıb və iddia olunur ki, AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Prezident Administrasiyası Aparatının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri R.Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir. Verilən məlumatlara görə, Səbail rayon Məhkəməsi R.Mehdiyev barəsində cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Onun haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçildiyi vurğulanır.

Bundan əvvəl AXCP təmsilçiləri R.Mehdiyev ilə heç bir əlaqələrinin olmadığını vurğulayıblar.

Əli Kərimli və AXCP ətrafında yaşananlar: Niyə Ramiz Mehdiyev yenidən gündəmə gətirilir?
Gözlə

No media source currently available

0:00 0:08:58 0:00


Əli Kərimlinin evində məktub tapılıb?

Axşam saatlarında AXCP-dən bildirilib ki, Ə.Kərimlini DTX-ya aparıblar.

Partiyadan vurğulandığına görə, axtarışa gələrkən evin qapısını qonşu qadın adı ilə döyüblər, Ə.Kərimli qapını acanda isə evə daxil olublar: "Daha sonra Əli Kərimlinin evdəki masasının siyirməsinə Ramiz Mehdiyevin adından mətbuatda yayılan məktubu qoyublar və axtarış zamanı guya bu məktubu oradan tapıblar".

"Mediada yayılmış məktubu Əli Kərimlinin siyirməsinə məxfi sənəd kimi qoyub, sonra da guya axtarış nəticəsində onu aşkarlamaq işin nə qədər qurama və əsassız olduğunu göstərir", - AXCP-dən bildirilib.

Bu məlumata DTX və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Hakimiyyətə yaxın mediada bir müddət öncə R.Mehdiyevə məxsus olduğu deyilən bir məktubun sürəti yayılıb. Həmin media qurumlarının iddiasına görə, orada yazılanlarla Azərbaycanda hakimiyyət çevrilişi planı həyata keçirmək istəyən Prezident Administrasiyasının sabiq rəhbəri R.Mehdiyev Kremlə üz tutub. Amma belə bir məktubun varlığını nəinki R.Mehdiyev, hələlik heç rəsmi qurumlar da təsdiqləməyib.

AXCP "siyasi motivlidir" deyir

"Əli Kərimlinin saxlanılması sırf siyasi motivlidir". Bunu AXCP noyabrın 29-u axşam saatlarında yaydığı bəyanatında bildirir.

"Son illərdə hakimiyyət ona faktiki blokada tətbiq edib. Buna baxmayaraq, Əli Kərimli Azərbaycanda əsas demokratik fiqurlardan biri olaraq qalır: onun aparıcı beynəlxalq mediaya verdiyi müsahibələr və qlobal siyasi forumlara dəvət alması İlham Əliyev rejimini narahat edib", - AXCP hesab edir

"Siyasi fəaliyyətin ölkədə, demək olar ki, tamamilə qadağan olunduğu, vətəndaş azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı bir şəraitdə bu əməliyyat siyasi repressiyaların daha da gücləndirilməsi istiqamətində növbəti addımdır", - bəyanatda əlavə edilir.

Hakimiyyət rəsmiləri isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə fundamental azadlıqlar qorunur, insanlar tənqidi mövqeləri və siyasi fəaliyyətlərinə görə təqib edilmirlər.

XS
SM
MD
LG