Dekabrın 8-də Ukrayna prezidenti Volodimir Zelenski Londonda Avropa liderləri ilə görüşüb. Onun bu gün Brüsseldə NATO baş katibi Mark Rütte ilə də görüşü gözlənilir.
“Ukraynanın yanındayıq, atəşkəs olarsa, ədalətli və davamlı olmalıdır”, – Britaniyanın baş naziri Kir Starmer liderləri qarşılarkən deyib.
Zelenski “Bloomberg News”a müsahibəsində deyib ki, ABŞ-nin rəhbərlik etdiyi danışıqlarda Donbas bölgəsinə nəzarət məsələsində razılığa gəlinməyib. Rusiya dörd ilə yaxındır gedən müharibədə Ukraynanın hələ də nəzarəti saxladığı torpaqları verməsini tələb edir.
“ABŞ, Rusiya və Ukraynanın baxışları fərqlidir, Donbasla bağlı ortaq yanaşmamız yoxdur”, – Zelenski “Bloomberg” telefonla verdiyi müsahibədə deyir.
Prezident bunun Ukraynaya təhlükəsizlik qarantiyaları daxil olmaqla bir neçə “həssas məsələ”dən biri olduğunu, əlavə müzakirələr tələb etdiyini söyləyib.
+++
Dekabrın 8-də Ukrayna prezidenti Volodimir Zelenski Londonda görüşlər keçirəcək, Avropa üçlüyü ilə müzakirələr aparacaq. Ötən həftə Floridada ABŞ ilə danışıqlardan sonra Ukrayna mövqeyini möhkəmləndirməyə çalışır.
Zelenskinin müttəfiqlərindən əlavə müdafiə silahları istəyəcəyi gözlənilir. Bu arada Rusiya mülki və enerji infrastrukturuna hücumları artırıb.
O, Telegram-da yazıb ki Rusiya son bir həftədə Ukraynaya idarəolunan aviabombalarla 1200, dronlarla 1600 zərbə endirib.
Ukrayna prezidenti Britaniyanın baş naziri Kir Starmer, fransalı həmkarı Emmanuel Makron, Almaniya kansleri Fridrix Mertslə görüşməlidir.
Makron deyib ki, dörd lider Londonda sülh danışıqlarının nəticələrini götür-qoy edəcək.
Ötən həftə Mayami yaxınlığında üçgünlük danışıqlar müsbət tonla bitsə də, kəskin dönüş nəzərə çarpmayıb.
"Söhbət asan olmayıb"
ABŞ prezidenti Donald Tramp administrasiyası Kiyevə sülh təklifini qəbul etməsi üçün təzyiq göstərir. Tənqidçilər bu təkliflərin əsasən Rusiyanın xeyrinə olduğunu deyirlər.
Zelenski dekabrın 7-də videomüraciətində bildirib ki, "Amerikanın elçiləri Ukraynanın əsas mövqeyindən xəbərdardır, söhbət konstruktiv keçib, amma asan olmayıb".
ABŞ-nin yekun sülh planının necə olacağı, Rusiyanın hansısa güzəştlərə gedəcəyi bəlli deyil.
ABŞ-nin Ukrayna üzrə elçisi vəzifəsindən getməkdə olan Kit Kelloq dekabrın 7-də deyib ki, Ukraynada müharibənin bitməsi üzrə saziş "gerçəkdən yaxındır".
Onun sözlərinə görə, əsas iki böyük məsələ Ukraynanın Donbas vilayətinə nəzarəti və Zaporojyedəki nüvə elektrik stansiyasının statusudur. Bu stansiya Rusiyanın nəzarətindədir.
"Bu iki məsələni həll etsək, qalan şeylər də yoluna qoyular", – o vurğulayıb.
Ukrayna Rusiyanın işğalçı müharibəsinin ədalətli həlli üçün etibarlı təhlükəsizlik qarantiyaları tələb edir, Rusiyaya ərazi verməyəcəyini bildirir.
Tramp: Zelenski hələ sülh planı ilə tanış olmayıb
Zelenskinin London görüşü öncəsi ABŞ prezidenti Donald Tramp onu son sülh prosesi ilə tanış olmamaqda ittiham edib. O, jurnalistlərlə söhbətində ukraynalı həmkarından "bir az" məyus olduğunu sözlərinə əlavə edib.
"Prezident Putinlə danışmışıq, prezident Zelenski daxil olmaqla Ukrayna liderləri ilə danışmışıq. Bir az məyus olduğumu deməliyəm, prezident Zelenski təkliflə hələ tanış olmayıb, bir neçə saat öncə belə idi", – Tramp dekabrın 7-də deyib.
Zelenski isə dekabrın 7-də qatarda yazılmış gecə müraciətində yeni diplomatik həftənin başlandığını bildirib: "Avropa liderləri ilə müzakirələr olacaq. Hər şeydən öncə təhlükəsizlik məsələləri, qətiyyətimizə dəstək, müdafiəmizə yardım paketləri müzakirə olunacaq".