Keçid linkləri

2025, 12 Dekabr, Cümə, Bakı vaxtı 00:06

Azərbaycan hökuməti Bişkekdəki Heydər Əliyev adına məktəb və parka görə məhkəməyə verilib


Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı
Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı

Bişkekdə Prezident İlham Əliyevin iştirakıyla Heydər Əliyev adına məktəbin və Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışından üç ildən çox ötüb. Di gəl, tikintiləri gerçəkləşdirən Qırğızıstan şirkəti iddia edir ki, indiyədək pulunu tam ala bilməyib. Bu üzdən, həmin şirkət – "Meadi" MMC Azərbaycan Xarici İşlər Nazirliyini (XİN) məhkəməyə verib.

Şirkət iddia ərizəsində göstərib ki, Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə 2019-cu ildə bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliklərini (parkın və 550 şagird üçün nəzərdə tutulmuş məktəbin tikintisi) yerinə yetirsə də, səfirlik pulun bir hissəsini ödəməyib. "Meadi" MMC ilə səfirlik arasında qarşılıqlı hesablaşmaların uzlaşdırılma aktına əsasən, 2021-ci ildə səfirliyin şirkətə 3 milyon 29 min 257 dollar borcu qalıb.

İstər Qırğızıstan-Azərbaycan Dostluq Parkı, istərsə Bişkek şəhərindəki məktəb tikintisi ilə bağlı hökumətlərarası saziş imzalanıb. Sazişə əsasən, Azərbaycan hökuməti bu işlərin maliyyələşməsini öz üzərinə götürüb. Park və məktəb üçün toplam 8 milyon 62 min dollar vəsait ayrılması qərara alınıb. Bunun 162 min dolları dizayn və smeta sənədlərinin hazırlanması, 4 milyonu parkın salınması, 3 milyon 900 mini isə məktəb tikintisi üçün nəzərdə tutulub. Sazişə uyğun olaraq, maliyyələşmə Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım İdarəsinə həvalə edilib. Ardından 2019-cu ildə Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə tikinti işlərini aparacaq "Meadi” şirkəti arasında müqavilə imzalanıb.

İlham Əliyev və Sadır Japarov parkın açılışında.
İlham Əliyev və Sadır Japarov parkın açılışında.

Parkın lenti kəsilib, məktəb açılıb, amma...

2022-ci il oktyabrın 11-də prezident İlham Əliyev Bişkekdə qırğız həmkarı Sadır Japarovla parkın lentini kəsib, oktyabrın 12-də də Heydər Əliyev adına məktəbin açılışına qatılıb.

Şirkət məhkəməyə iddia ərizəsində vurğulayıb ki, 3 milyon 29 min dollarlıq borcun ödənişindən ötrü dəfələrlə Azərbaycanın Qırğızıstandakı səfirliyinə üz tutsa da, faydası olmayıb. Bu problemlə bağlı başqa qurumlara da şikayətlər nəticə vermədiyindən Bakıda məhkəməyə müraciət edilib.

"Meadi" şirkəti öncə iddianı Xarici İşlər Nazirliyinə qarşı qaldırsa da, sonradan Maliyyə Nazirliyini də cavabdehlər sırasına artırıb.

Maliyyə Nazirliyi isə şirkətin məhkəmə iddiasına etiraz edərək təmin olunmamasını istəyib. Nazirliyin nümayəndəsi etiraz ərizəsində göstərib ki, belə məsələlərlə bağlı məhkəmə mübahisəsi üçün qanunda üç il müddət nəzərdə tutulub. Şirkətsə üç illik iddia müddətini ötürüb, yəni məhkəməyə gec müraciət edib. Ona görə iddia təmin olunmamalıdır.

"Nazirlər Kabinetinin müvafiq sərəncamları əsasında Maliyyə Nazirliyi həmin tikintinin aparılması məqsədi ilə vəsaitin ayrılmasını təmin edib. Həmçinin "Meadi" MMC ilə Maliyyə Nazirliyi arasında hər hansı bir müqavilə bağlanmayıb. Ona görə də hazırkı iş üzrə nazirlik heç bir öhdəlik daşımır", - etiraz ərizəsində vurğulanıb.

Xarici İşlər Nazirliyi də şirkətin iddia müddətinin ötürdüyünü əsas gətirərək təmin edilməməsini istəyib.

Məhkəmə "Meadi" MMC-nin iddiasını rədd edib. Şirkət apellyasiya şikayəti versə də, nəticə dəyişmədiyindən Ali Məhkəməyə üz tutub.

XS
SM
MD
LG