Azərbaycan xəbərləri
Həbsdəki Xalq Cəbhəsi fəalına dərmanların çatdırılmadığı deyilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin hazırda həbsdə olan fəalı, ikinci qrup əlil Vüqar Qədirlinin ona lazım olan dərmanların verilməməsi səbəbindən aclıq aksiyasına başladığı bildirilir.
Bu barədə mayın 5-də onun mənsub olduğu AXCP-dən məlumat yayılıb. Məlumatda vurğulanır ki, o, Lənkəran Penitensiar Kompleksində saxlanılır. "Vüqar Qədirli Qarabağ müharibəsində başından ciddi xəsarət alıb. Başında hələ də çıxarılmayan qəlpələr var. Bu da ona dözülməz ağrılar verir. Artıq iki aya yaxındır ki, Lənkəran Penitensiar Kompleksi Vüqar Qədirlinin evindən gətirilən dərmanları qəbul etmir. Bu barədə Vüqar Qədirlinin ailəsi Ombudsman Aparatına məlumat versə də, heç bir nəticə yoxdur. Dərmanların verilməməsi Vüqar Qədirliyə həyatı təhlükəsi yaradır", –partiyadan iddia edilib.
Lakin aksiyaya nə vaxt başlanıldığı açıqlanmayıb.
Bu məlumata münasibət almaq üçün Penitensiar Xidmət və Ombudsman Aparatına müraciət edilsə də, cavab alına bilməyib.
V.Qədirlinin yaxınları martın sonunda da oxşar şikayəti ictimaiyyətə açıqlamışdılar.
V.Qədirli ötən il dekabrın 12-də İmişli rayonunda saxlanılıb. Dekabrın 13-də isə onun barəsində qanunsuz silah saxlama ittihamı ilə həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmir.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-dək fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var.
Bütün xəbərləri izləyin
Ermənistanın interneti Azərbaycandan keçəcək
Ermənistanın beynəlxalq internet trafiki Azərbaycan üzərindən tranzit olunacaq. "AzerTelecom" MMC bu gün, iyunun 22-də, "Telecom Armenia" şirkəti ilə bu barədə müqavilə imzaladığını açıqlayıb. Bildirilir ki, bununla da Ermənistanın beynəlxalq internet bağlantısı Azərbaycan üzərindən təmin ediləcək.
Şirkətdən verilən məlumata görə, bu cür razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının artırılmasına və bu sahədə əməkdaşlığın inkişafına xidmət edir.
2008-ci ildə yaradılmış "AzerTelecom" MMC Azərbaycanı beynəlxalq internet şəbəkəsinə birləşdirən magistral internet operatorudur.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalara səbəb olmuş, 1990-cı illərin əvvəllərində isə Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildəki birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini tam bərpa edib.
Keçən il avqustun 8-də 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Paraflanmış mətndə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, həmçinin qarşılıqlı iddialardan imtina olunacağı vurğulanır.
Artıq iki ölkə arasında yükdaşımalar da bərpa edilib.
6 rayonda dəniz çirkli çıxdı, çimərliklərə qadağa qoyuldu
Azərbaycanın bir çox çimərliyində dəniz suyu çirkləndiyi üçün çimmək qadağan edilib. Səhiyyə Nazirliyinin məlumatına görə, Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Xaçmaz rayonunun Niyazoba qəsəbələrində, həmçinin Lənkəranın Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi və Kiçik Bazar yaşayış massivində dəniz suyunun keyfiyyət göstəriciləri normativ tələblərə cavab vermir. Bunun səbəbi həmin ərazilərdə çimərliklərin tullantı və çirkab suları ilə çirklənməsidir.
Qurumun açıqlamasında bildirilir ki, sözügedən zonalarda fəaliyyət göstərən həm qanuni, həm də qeyri-qanuni çimərliklərdə dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edilib.
Səhiyyə Nazirliyi bundan əvvəlki illərdə də ölkədəki bir çox çimərliklə bağlı oxşar qərarlar qəbul edib. Son monitorinqlər isə onların çoxunda vəziyyətin dəyişmədiyini göstərir.
Vətəndaşlar çimərliklərdəki sanitar vəziyyətlə yanaşı, qiymətlərlə bağlı da tez-tez şikayətlənirlər.
Məsələyə cavabdeh rəsmi qurumlardan əlavə şərh almaq mümkün olmayıb.
Azərbaycanda ənənəvi çimərlik mövsümü iyunun 15-də rəsmi olaraq açıq elan edilib.
Dübəndidə Xəzər dənizinə neft axıb: 'Səbəb gəmi lövbəri ola bilər'
Sosial şəbəkələrdə Bakıdan 40 kilometr aralıda yerləşən Dübəndi qəsəbəsi sahilində Xəzər dənizinin geniş ərazisində qara maye ilə çirklənməni əks etdirən görüntülər yayılıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib. Nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin "Azneft" İstehsalat Birliyinə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib.
SOCAR-dan verilən açıqlamada bildirilir: "Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmərlə neftin nəqli dayandırılıb. "Azneft" İB-nin dalğıc xidmətinin araşdırmaları nəticəsində sualtı neft kəmərində mexaniki zədələnmələr aşkarlanıb. İlkin qiymətləndirməyə əsasən, bu xəsarətlər xarici predmetlə — ehtimal ki, gəmi lövbəri ilə təmas nəticəsində yaranıb. Zədələnmə aşkar edildikdən sonra təmir-bərpa işlərinə başlanılıb".
Xatırlatma
Bu hadisə Xəzər dənizinin ekoloji durumu ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Son illər ekoloqlar davamlı olaraq dənizin çirklənməsinə diqqət çəkirlər. Ekspertlərin fikrincə, Xəzərin ekoloji böhranı əsasən qurudan daxil olan çirkab suları, sənaye tullantıları və neft hasilatı ilə bağlı qlobal problemdir.
Ekoloqlar sahilyanı ölkələrin çirklənmə ilə mübarizəsini yetərsiz sayır.
Xəzər dənizi beş ölkə – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran ilə əhatə olunub.
AXCP-də həbslər var
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarından Anar Ərkivanın 30 sutka həbs edildiyi bildirilir. O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə təqsirləndirilib. Bu barədə AXCP məlumat yayıb.
Partiyadan vurğulandığına görə, dünən, iyunun 16-da şəxsi avtomobilini idarə edən zaman Dövlət Yol Polisinin (DYP) əməkdaşı onu saxlayaraq telefonla danışmaqda günahlandırıraq cərimələmək istəyib. O, isə avtomobili idarə edən zaman telefonla danışmadığını deyib: “Yazılacaq cəriməyə etirazını bildirib. DYP əməkdaşı əlavə qüvvə çağıraraq Anar bəyə zor işlədib, onu Nərumanov rayon Polis İdarəsinin 17- ci polis şöbəsinə gətiriblər . Bir sutka orada saxlandıqdan sonra bu gün Nərimanov rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub".
Hələlik, bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Anar Ərkivan bu ilin fevralında da polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka həbs edilmişdi. Yaxınları onda da onun şərləndiyini açılamışdılar.
AXCP-dən yayılan məlumata görə, ötən həftə isə Masallı Rayon Şöbələrinin fəalı Əlixan Rəcəbov narkotik ittihamı ilə həbs olunub. Partiyadan bu il yanvarın 7-də saxlanan Əlixan Rəcəbovun 1 il 6 ay həbs cəzası aldığını açıqlayıblar.
AXCP bildirir ki, o, sərt tənqidlərinə görə cəzalandırılıb.
Amma rəsmi qurumlar isə bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.
Xatırlatma
Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-i civarında üzvü isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 328 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Azərbaycanda Media və Yayım Şurası yaradılır: iki qurumun funksiyaları birləşir
Azərbaycanda yeni dövlət qurumunun – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur.
Bu, iyunun 16-da Milli Məclisin İnsan Hüquqları Komitəsində müzakirə olunan "Dövlət qulluğu" və "Media" qanunlarına düzəlişlər layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Media və Yayım Şurası ölkədə bu sahə üzrə səlahiyyətli dövlət orqanı olacaq. Yeni qurum Medianın İnkişafı Agentliyi (MEDİA) və Audiovizual Şuranın funksiyalarını üzərinə götürəcək.
Qanun layihəsində yeni təsis ediləcək quruma daha iki mühüm və geniş səlahiyyətin verilməsi təklif olunur:
Rəqəmsal məzmunun təhlili: sosial şəbəkə platformalarında və mediada yayımlanan rəqəmsal materialları təhlil etmək və nəticələrinə uyğun tədbirlər görmək.
Qanun pozuntularına qarşı müdaxilə: Media subyektlərinin fəaliyyətində qanun pozuntuları aşkarlandıqda müvafiq sanksiyaların tətbiqi üçün aidiyyəti dövlət orqanlarına rəsmi müraciət etmək.
Müstəqil ekspertlərin tənqidləri
Bir sıra müstəqil ekspertlər isə dəyişikliklərin cəmiyyətin inkişafına töhfə verəcəyinə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, bu addım ictimai nəzarət və özünütənzimləmə mexanizmlərini tamamilə sıradan çıxarır. Ekspertlərin fikrincə, layihədəki bir çox bənd mürtəce xarakter daşıyır.
Dörd il əvvəl ölkədə "Media haqqında" yeni qanun qəbul edilərkən də həm yerli, həm də beynəlxalq mütəxəssislər tərəfindən ciddi tənqidlər səsləndirilmişdi. Onlar xüsusilə Media Reyestrinin tətbiqini müstəqil media orqanlarının fəaliyyətinin tam məhdudlaşdırılması kimi dəyərləndirmişdilər.
Medianın İnkişafı Agentliyi (MEDİA) dövlət başçısının "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli fərmanı ilə yaradılıb. Milli Televiziya və Radio Şurasının xələfi olan Audiovizual Şuranın isə 24 illik fəaliyyət tarixi var.
Hazırda Azərbaycanda 20-dən çox jurnalist əsasən qaçaqmalçılıq ittihamı ilə həbsdədir. Media Reyestrində əsasən yer almayan həmin jurnalistlər ittihamları qəbul etmir və həbslərini birbaşa peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Rəsmilər isə, bir qayda olaraq, iddia edirlər ki, jurnalistlər tənqidi yazılara görə deyil, konkret qanunsuzluqlara yol verdikləri üçün məsuliyyətə cəlb olunublar.
Azərbaycan və İran Araz çayının suyunu bölüşdürəcək
Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı Azərbaycan-İran birgə iş rejimləri təsdiq edilib.
Azərbaycan-İran daimi Birgə Komissiyasının 55-ci iclası İranda baş tutub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsinə dair birgə iş rejimləri hazırlanıb və təsdiq edilib.
Bununla yanaşı, çaydan götürülən suyun monitorinqi, keyfiyyətə nəzarət, müasir suölçmə qurğularının quraşdırılması və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşün yekununda tərəflər arasında müvafiq protokol imzalanıb.
Araz çayının bir hissəsi Azərbaycanla İran arasında dövlət sərhədindən keçir.
Xatırlatma
Azərbaycan-İran münasibətləri 2023-cü ilin yanvarında Tehrandakı səfirliyə edilən silahlı hücumdan sonra kəskin gərginləşmişdi. Həmin hücum nəticəsində bir nəfər həlak olmuşdu.
Sonrakı dövrdə əlaqələrdə müəyyən yumşalma yaransa və tərəflər birgə hərbi təlimlər keçirsə də, regional geosiyasi gərginlik fonunda yeni böhranlar yaşanıb. Xüsusilə, 2025-ci ilin martında İsrail və ABŞ-nin İranla hərbi toqquşmaları zamanı Azərbaycanın Naxçıvan bölgəsinə dronların düşməsi münasibətləri yenidən sınağa çəkdi. Prezident İlham Əliyev bu hadisəni "terror aktı" kimi pisləyərək İrandan rəsmi üzrxahlıq tələb etdi. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan edərək araşdırma aparılacağını bildirdi. Gərginlik səbəbindən dayandırılan yük daşımaları iki ölkə liderinin telefon danışığından sonra bərpa olundu. Ardınca Azərbaycan İrana humanitar yardım göndərdi.
Parlamentdə sayı azalan kitabxanaların 'inkişafı'ndan danışıblar
"Sovetlərdən qalma kitabxana sistemində həm infrastruktur, həm də məzmun baxımından bir çox problemlər var". AZƏRTAC-ın xəbərinə görə, bunu mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Milli Məclisdə "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə bildirib.
Nazir qeyd edib ki, kitabxana sisteminin təkmilləşdirilməsi və optimallaşdırılmasının ilk hüquqi əsası prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı fərmanla qoyulub: "Həmin sənəddə kitabxana sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması və yeni yanaşmalar əsasında yenidən qurulması ilə bağlı həm Mədəniyyət Nazirliyinə, həm də hökumətə konkret tapşırıqlar verilib. Bu, ilkin hüquqi baza kimi çıxış edir. Eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında da bu istiqamətdə xüsusi tapşırıqlar müəyyən olunub. Ümumilikdə, yeni mədəniyyət modelinin yaradılmasının əsas prinsiplərindən biri əlçatanlığın təmin edilməsidir".
Xatırlatma
Son iki onillikdə Azərbaycanda kitabxanaların sayında kəskin azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin (DSK) hesabatına görə, 2005-ci ildə ölkədə 4004 kitabxana fəaliyyət göstərdiyi halda, 2015-ci ildə bu rəqəm 3242-yə, 2024-cü ildə isə 2914-ə düşüb.
2025-ci ilin göstəriciləri isə hələlik açıqlanmayıb. Hazırda elə kəndlər var ki, orada kitabxanalar tamamilə fəaliyyətini dayandırıb. Ekspertlər bu tendensiyanın əhalinin mədəni səviyyəsinə mənfi təsir göstərəcəyindən narahatdırlar.
'BakıKart'ın satış qiyməti bahalaşır
Bu il iyulun 1-dən etibarən "BakıKart"ın satış qiyməti 2 manatdan 3 manata qaldırılacaq. Bu barədə "BakıKart"dan yerli KİV-lərə məlumat verilib.
"Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb. Bu dövr ərzində... rəqəmsal xidmətlər daha da genişləndirilib. Qiymət dəyişikliyi yalnız yeni alınan 'BakıKart' kartlarına şamil olunur. Gediş haqlarında və mövcud kartların balansında dəyişiklik yoxdur", – açıqlamada bildirilir.
"BakıKart" Bakı metrosunda və bir çox avtobus xətlərində tətbiq olunan vahid ödəniş kartıdır. Dövriyyəyə 2015-ci ildə buraxılıb. O vaxtdan metro və avtobusda gediş haqları bir neçə dəfə artırılıb.
7 may
'BakuBus' və taksi xidməti Metropolitenə birləşdirilir
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yenidən təşkil ediləcək. Bununla bağlı Prezident İlham Əliyev bu gün, mayın 7-də fərman imzalayıb.
Fərmana əsasən, “BakuBus” və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətləri “Bakı Metropoliteni” QSC-nin tərkibinə birləşdirilir.
Fərmana görə, "Bakı Metropoliteni" QSC ictimai nəqliyyatda sərnişindaşmanın keyfiyyətini və təhlükəsizliyini yüksəltməlidir. Xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üçün yeni, rəqəmsal həllər tətbiq etməlidir. Həmçinin bu sahəni vahid mərkəzdən idarə etməli və əlaqələndirməlidir.
QSC-nin fəaliyyətinə ümumi rəhbərlik və nəzarət üçün sədr daxil olmaqla, beş üzvdən ibarət Müşahidə Şurası yaradılır.
"Bakı Taksi Xidməti" 2015-ci ildə Nəqliyyat Nazirliyinin, "BakuBus" isə 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində yaradılıb.
Xatırlatma
Son illərdə taksi fəaliyyəti sahəsində qəbul edilmiş qərarlar və qanunvericilik dəyişiklikləri, rəsmi olaraq, xidmətin keyfiyyətinin artırılması məqsədi daşıyıb. Lakin nəticədə taksilərin sayında azalma və qiymət artımı müşahidə olunub. Müstəqil iqtisadçılar bu prosesi taksi xidmətinin inhisara alınması kimi dəyərləndiriblər.
Ötən il oktyabrın 1-də metro və bəzi marşrutlarda gediş haqqı 60 qəpiyə qaldırılıb. Halbuki, metro və bir sıra marşrutlarda gediş haqqı ondan bir il əvvəl də 10 qəpik artırılmışdı. Bəzi müstəqil ekspertlər hesab edir ki, hökumət bu fərmandan sonra yenidən qiymət artımına gedə bilər.
Mülki PUA-lara nəzarət gücləndirilir: Yoxlamalar aparılacaq
Azərbaycanda mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət gücləndiriləcək və bu sahədə ciddi yoxlamalar aparılacaq. Yerli mətbuatın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasında müzakirəyə çıxarılan "Aviasiya haqqında" qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Yeni layihəyə əsasən, avtonom pilotsuz uçuş aparatları yalnız dövlətin müəyyən etdiyi xüsusi qaydalar çərçivəsində və ayrılmış xüsusi coğrafi zonalarda uça bilər.
Bundan əlavə, layihəyə görə, mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının dövriyyəsi yalnız xüsusi icazə əsasında mümkün olacaq.
Dəyişiklik layihələri cəmiyyətdə azadlıqlar baxımından müəyyən tənqidlərə səbəb olub. Əslində, Azərbaycanda PUA-ların idxalı və onlardan istifadə olunması ilə bağlı narazılıqlar əvvəllər də mövcud idi. Bir neçə il əvvəl bloqer Mehman Hüseynov silsilə korrupsiya araşdırmalarını məhz bu səbəbdən dayandırmağa məcbur olduğunu bəyan etmişdi. O, çəkiliş apardığı dronun polis tərəfindən müsadirə edildiyini bildirmişdi. Hüseynovun sözlərinə görə, hüquq-mühafizə orqanları cihazın ölkəyə qanuni yolla gətirildiyi təqdirdə geri qaytarılacağını vəd etmişdi. Daxili İşlər Nazirliyi isə mediaya açıqlamasında məsələnin araşdırıldığını bildirsə də, yekun nəticə rəsmən açıqlanmayıb.
Hələ həmin dövrdə hüquqşünaslar ölkəyə dronların gətirilməsi və istifadəsi üçün elektron formada beş fərqli dövlət qurumundan icazə alınmasının zəruri olduğunu bildirirdilər: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi.
Azərbaycanın futbol klubu avrokuboklardan kənarlaşdırılıb
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasını üçüncü pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanan "Turan Tovuz" klubu həmin turnirdən kənarlaşdırılıb. Qərar iyunun 2-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) tərəfindən qəbul edilib.
UEFA bu addımı atarkən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) 13 dekabr 2019-cu il tarixli qərarına əsaslanıb. Həmin vaxt AFFA İntizam Komitəsi 2019-2020 mövsümündə I Divizionda çıxış edən "Turan Tovuz"un 7 futbolçusunu "danışılmış oyunlar"a görə futboldan ömürlük uzaqlaşdırmışdı. Cəzalandırılan şəxslərin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
"Turan Tovuz" klubunun rəsmi açıqlamasında UEFA-nın bu qərarına qarşı hüquqi mübarizəyə başlanacağı vurğulanıb: "Qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən (iyunun 3-dən) etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq".
Klub həmçinin bildirib ki, Konfrans Liqasına hazırlıq planlarında heç bir dəyişiklik yoxdur: "Bu ay komanda üzvləri bir araya gələcək və Türkiyəyə təlim-məşq toplanışına yollanacaq".
"Turan Tovuz" 2022-ci ildə yenidən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2025/2026 mövsümündə liqanı üçüncü pillədə başa vurub.
Çempionatın qalibi isə Masazırın "Sabah" klubu olub. "Sabah" mübarizəyə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayacaq.
Tramp Azərbaycana səfir namizədini açıqladı
ABŞ prezidenti Donald Tramp bir neçə ölkəyə səfir namizədləri irəli sürüb. Azərbaycana səfir vəzifəsinə Virciniya ştatından Aleksandr Alden namizəd göstərilib. Təyinat təsdiqlənməsi üçün Senata göndərilib.
A.Alden ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda yüksək vəzifələrdə çalışıb. Dövlət katibinin Avropa məsələləri üzrə müavini kimi ABŞ ilə Avropa İttifaqı arasında münasibətlərin möhkəmləndirilməsi üzərində işləyib.
A.Alden Atlantik Şurasının Brent Skoukroft adına Strateji və Təhlükəsizlik Mərkəzinin "Geostrategiya Təşəbbüsü" proqramında qeyri-rezident baş elmi işçidir.
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi 2024-cü ilin dekabrında səhhəti ilə əlaqədar istefa verib.
Bakıda diplomatik missiyaya rəhbərliyi ötən ilin iyulundan ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon həyata keçirir.
Milli Məclis növbədənkənar sessiyaya toplanır
Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb. Bu barədə parlamentin rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Milli Məclisin sədri 82 deputatın tələbi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2026-cı il iyunun 1-dən parlamentin növbədənkənar sessiyasının çağırılması barədə sərəncam verib.
26 may
Yenə Milli Məclisin növbədənkənar sessiyası gözlənilir
Milli Məclisin növbədənkənar sessiyasının çağırılacağı gözlənilir. Yerli medianın yaydığı məlumata görə, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb və sessiyanın iyun ayında keçirilməsi nəzərdə tutulur.Amma növbədənkənar sessiya təklifinin, hələlik, bu dəfə hansı səbəbdən verildiyi açıqlanmır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir.
Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.
Bundan əvvəlki illərdə də...
Bundan əvvəlki bir çox illərdə də Milli Məclisin növbədənkənar sessiyaları olub. Məsələn, ötən il Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası iyunun 3-də keçirilmişdi. İclasın gündəliyinə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun, habelə bir sıra məcəllə və qanunlara dəyişiklik layihələri daxil edilmişdi.
2024-cü ilin növbədənkənar sessiyasında isə daha çox diqqətçəkən məsələlər yer almışdı. Parlament dövlət büdcəsinə və bir çox qanunlara dəyişikliklərlə yanaşı, növbədənkənar seçkilərin təyin edilməsi üçün prezidentə müraciət də ünvanlamışdı. Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu təşəbbüsü zəruri edən əsas amil kimi həmin ilin noyabrında ölkədə keçirilən BMT-nin iqlim konfransı (COP29) və digər irimiqyaslı tədbirləri göstərmişdi.
Həmin seçkilərdə də YAP-ın böyük üstünlük əldə etdiyi açıqlandı. Buna baxmayaraq, bəzi müxalifət partiyaları seçki prosesinin total saxtakarlıqlarla müşayiət olunduğunu bildirərək onun nəticələrini tanımadı. ATƏT-in seçki missiyası da seçki zamanı qanun pozuntularına yol verildiyini qeyd etdi. Bunun əksinə, rəsmi tərəf seçkilərin xalqın azad iradəsini əks etdirdiyini vurğuladı.
82 yaşlı anası Ələsgər Məmmədli ilə görüş ala bilməyib
ToplumTV-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədlinin Bakı İstintaq Təcridxanasında ailəsi ilə görüşünə icazə verilmədiyi bildirilir. Bu barədə media ekspertinin xanımı Günay Məmmədli mayın 31-də sosial şəbəkə hesabında məlumat yayıb. Onun vurğulamasına görə, görüş üçün Ə.Məmmədlinin 82 yaşlı anası və xəstə bacısı 400 kilometrdən çox məsafə qət edərək Bakıya gəliblər: "Çox təəssüf ki, üç-dörd saat gözləntidən sonra görüş ala bilməyib qayıdıblar...".
"Səhhət problemləri ilə mübarizə apara-apara, bu qədər haqsızlığa dözərək ədalətin bərpa olunacağı günü gözləyən, həmçinin ailəsinin və doğmalarının qanuni qaydada həftədə iki dəfə zəng və bir dəfə canlı görüşündən az da olsa mənəvi dəstək alan bir adamı bundan da məhrum etmək nə məqsəd daşıyır?", – o, sual edib.
Bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Azərbaycanda həbsdəki müxalif jurnalist və fəalların ailələri son dövrlər görüş məhdudiyyətlərindən tez-tez şikayət edirlər. Onların sözlərinə görə, görüşlər şüşə arxasından keçirilir, proses saatlarla yubanır və telefon əlaqəsi qəfil kəsilir. Penitensiar Xidmətin rəsmiləri isə bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulayıblar ki, təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərlə qanun çərçivəsində davranırlar.
Xatırlatma
2024-cü ilin martından başlayan "ToplumTV işi" çərçivəsində Ə.Məmmədli də daxil olmaqla 10-a yaxın şəxs həbs olunub. Onlar qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, vergidən yayınma və əmək müqaviləsiz işçi çalışdırmaqda ittiham edilirlər. Bu maddələr üzrə 12 ilədək həbs təhlükəsi ilə üzləşən təqsirləndirilənlərin heç biri ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar. Hazırda iş üzrə məhkəmə prosesi davam edir.
Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür
Bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il keçir.
Rusiyada çarın devrilməsindən sonra, 108 il əvvəl Tbilisidə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 ay fəaliyyət göstərə bilib. 1920-ci il aprelin 27-də Rusiyanın silahlı təcavüzü ilə süqut edib. AXC paytaxtı Tbilisidən Gəncəyə, daha sonra 2018-ci il sentyabrın 15-də isə Bakının işğaldan azad edilməsi ilə ora köçürülmüşdü. Azərbaycanın indiki faktiki ərazilərini Rusiya 19-cu əsrin əvvəllərində işğal etmişdi.
Cümhuriyyətin bir çox qurucuları Azərbaycanın təkrar işğalından sonra mühacirət etmək məcburiyyətində qalıblar.
1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.
1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika, 2021-ci ildən isə Müstəqillik günü kimi qeyd edilir. Milli Məclisin 2021-ci il oktyabrın 15-də keçirilən iclasında "Müstəqillik Günü haqqında" yeni qanun layihəsi qəbul edilib. 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.
Balakəndə 'qarpız' yükünün altından 110 kq marixuana çıxdı
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) İrandan Gürcüstana "qarpız" daşıyan yük maşınında külli miqdarda narkotik vasitə aşkarlayıb.
Rəsmi məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımqara" postunda saxlanılan yük avtomobili stasionar rentgen qurğusundan keçirilərkən şübhəli görüntülər qeydə alınıb. Bu səbəbdən maşın əsaslı yoxlamaya cəlb olunub.
Kinoloji xidmət itlərinin də cəlb olunduğu axtarış zamanı "qarpız" qutularının altında xüsusi üsulla gizlədilmiş 110 kiloqram 300 qram marixuana tapılıb.
Faktla bağlı araşdırma başlanılıb. Rəsmi Tehran hələlik hadisəyə münasibət bildirməyib.
Müstəqil ekspertlərin fikrincə, təhqiqat zamanı bu qədər yükün Azərbaycan ərazisinə hansı yolla daxil olduğu və Gürcüstan sərhədinə qədər maneəsiz necə çatdırıldığı mütləq aydınlaşdırılmalıdır. Onlar vurğulayırlar ki, İrandan Avropaya yönələn narkotrafikin ölkə ərazisindən keçməsi faktları xüsusi və ciddi araşdırmalar tələb edir.
Xatırlatma
Rəsmi Bakı vaxtaşırı İrandan gələn narkotik tranzitinin qarşısının alınması barədə hesabatlar dərc edir.
Bu ayın əvvəlində Azərbaycan Baş Prokurorluğu ölkəyə qayıqla 373 kiloqram narkotik maddə keçirməkdə ittiham olunan üç İran vətəndaşı barəsindəki cinayət işi üzrə istintaqın yekunlaşdığını bəyan etmişdi. İran tərəfi isə bu növ ittihamları, bir qayda olaraq, şərh etmir.