Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən biri - partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalov (Basqal) deyir ki, heç bir cinayət törətmədiyi halda, doqquz aydır həbsdə saxlanılır. Bu barədə o, dekabrın 11-də öz məhkəməsində ifadə verərkən danışıb.
AXCP fəalının mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. Vəkil Nazim Musayev dekabrın 11-də məhkəmədə bu işə baxan hakimlərə etiraz edib. Bildirib ki, hakimlər K.Basqala münasibətdə prosessual qanunvericiliyin tələbini pozublar. Onun haqqında həbs-qətimkan tədbirinin müddəti noyabrın 7-də başa çatsa da, həbsin uzadılması barədə qərar olmadan azadlığı əlindən alınıb. Vəkil vurğulayıb ki, hakimlər ən azı, məhkəmənin ilkin hazırlıq iclasının vaxtını irəli çəkə bilərdilər: "Amma etmədilər, 17 gün gecikmə oldu. Nəticədə Kənan Zeynalov bu müddətdə qanunsuz şəkildə həbsdə saxlandı".
Mahirə Kərimovanın sədrliyi ilə Fəxri Məmmədov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyası bu vəsatətin baxılmamış saxlanmasına qərar verib.
Vəkil ötən məhkəmə iclasında vəsatət qaldırmışdı ki, öncə prosesdə K.Basqalın bıçaqladığı iddia edilən zərərçəkmiş dindirilsin, ardınca o da ifadə verəcək. Lakin prokuror da, hakimlər də təkid edib ki, əvvəl AXCP fəalı dindirilsin, yoxsa "ifadə verməkdən imtina" kimi qəbul edəcəklər. Bu üzdən K.Basqal dekabrın 11-də ifadə verib.
Yeni Günəşli ərazisində Anar Rəhimov adlı şəxsi bıçaqlamaqda ittiham olunan K.Basqal ifadəsində deyib ki, yalandır, nə üstündə bıçaq olub, nə də kimisə bıçaqlayıb. Necə tutulması haqda danışan AXCP fəalı deyib ki, Ramazan ayı idi, o da oruc tutmuşdu, axşamtərəfi məscidə gedirdi. Onun sözlərinə görə, evinin yaxınlığında həmin şəxs qarşısına çıxıb: "Dedi ki, "məni söymüsən". Başa düşdüm ki, salamat adam deyil, aralanıb çıxıb getmək istəyirdim. İmkan vermirdi. Axırda dedim ki, yaxşı, üzr istəyirəm, burax, çıxım gedim. Bu, məni qaldırıb, yerə vurdu. Dərhal da polislər gəldilər, məni yerə yıxmışdılar. Birdən bu da yıxıldı yanıma. Soruşdum ki, "buna nə oldu?". Dedilər ki, "sən onu bıçaqlamısan"...".
K.Basqal vurğulayıb ki, əgər bu əməli törətsəydi, onu inkar etməyi özünə sığışdırmazdı. O əlavə edib ki, zərərçəkmiş qismində tanınan A.Rəhimov fiziki baxımdan ondan daha güclü, yaşca da xeyli cavandır: "36 yaşlı, 120 kilo çəkisi olan adamdır, mənim isə 60 yaşım var. Sonradan özünə də dedim ki, "ola bilsin, üstündə hansısa cinayət işi var, ona görə mənə şər atıb üzümə durmaqla xilas olmaq istəyirsən". Mən namusuma and içirəm ki, bu cinayəti törətməmişəm".
O əlavə edib ki, təqsirsiz olmasına baxmayaraq, məhkəmədən ədalətli hökm gözləntisi yoxdur, çünki ölkədə məhkəmə sisteminin vəziyyətini yaxşı bilir.
Məhkəmə prosesi dekabrın 25-də davam edəcək.
Xatırlatma
K.Basqal bu il martın 21-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 11 ilədək həbs cəzası nəzərdə tutulub.
Cinayət işinin materiallarında iddia olunur ki, AXCP üzvü A.Rəhimovla mübahisə edib və ona bıçaqla xəsarət yetirib. Hadisədən sonra əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Partiya sədri Əli Kərimli mühafizəçisinin həbsini "qeyri-adi şərləmə" adlandırıb: "Kənan Basqalı tanıyanlar bilir ki, o, həddən artıq mədəni, mehriban, heç vaxt zorakılığa meyl göstərməyən bir insandır".
Müxalifətdə olan AXCP-nin sədri də daxil olmaqla, hazırda 15-dən çox üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu bəyan edib. Həbsdəki cəbhəçilərin bir neçəsi Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi, sürücüsü olub.
Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycanda 400-ə yaxın siyasi məhbus var.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.