Yunanıstanın keçmiş maliyyə naziri, iqtisadçı Yanis Varufakis Azərbaycan prezidenti İlham Əliyevi AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadəni azad etməyə çağırır. F.Mehralızadə iqtisadçının "Qızımla iqtisadiyyat söhbətləri" kitabını tərcümə edib və kitab bu yaxınlarda çapdan çıxıb.
"O, tək deyil. Azərbaycanda həbsdə daha 24-25 jurnalist var. Beynəlxalq insan haqları qrupları onların Azərbaycan hökumətini tənqid etdikləri üçün həbs olunduqlarını bildirir. Azərbaycan hökuməti isə Fərid və digər jurnalistlərin müxtəlif cinayətlərə görə həbs edildiklərini deyir. Bilirik ki, hər bir avtoritar rejim jurnalistləri həbsə atanda belə danışır. Bizim də üzərimizə onlara azadlıq çağırışı etmək düşür", – yazıçı X platformasında paylaşdığı videomüraciətində deyir.
4 dekabr
AzadlıqRadiosunun jurnalisti həbsdə 'Qızımla iqtisadiyyat söhbətləri'ni tərcümə edib
AzadlıqRadiosunun həbsdə olan jurnalisti, iqtisadçı Fərid Mehralızadə yunan iqtisadçısı Yanis Varufakisin "Qızımla iqtisadiyyat söhbətləri" kitabını tərcümə edib.
Bu əsər qlobal iqtisadiyyatın əsaslarını izah edir. Müəllif mürəkkəb iqtisadi anlayışları gündəlik həyatdakı nümunələrlə, pulun, bazarların, əmək və kapitalın mahiyyətini açıqlayır. Ədalətsizlik, bərabərsizlik və müasir böhranların səbəbləri göstərilir.
Müəllif kitabı öz qızına xitab şəklində yazsa da, mətn bütün yaş qruplarından olan oxucular üçün nəzərdə tutulub.
F.Mehralızadə hazırda 9 illik həbs cəzası çəkir. "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə qarşı onun da ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 7 jurnalistə 7 il yarımdan 9 ilədək həbs kəsilib. Onlar valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, vergidən yayınma və s. əməllərdə suçlanır. Amma ittihamları rədd edir, peşəkar jurnalist fəaliyyətlərinə, korrupsiya cinayətlərini ifşa edən araşdırmalarına görə cəzalandırıldıqlarını deyirlər.
Yerli və beynəlxalq insan haqları təşkilatları bu hökmləri qınayıb, onları Azərbaycanda tənqidi səslərin susdurulması üçün repressiya kimi qiymətləndirib.
Hazırda ölkədə azı 30 jurnalist, ictimai fəal oxşar ittihamlarla həbsdədir. Hakimiyyət onların və siyasi məhbus sayılan digər şəxslərin haqsız həbsiylə bağlı beynəlxalq tənqidləri qəbul etmir, konkret cinayətlərə görə mühakimə olunduqlarını deyir. Beynəlxalq qurumlar isə hökuməti haqsız tutulanları azad etməyə çağırıb.