Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Amanda Qormanın şeirini holland dilinə kim çevirəcək


Amanda Qorman
Amanda Qorman

Amerikalı şair Amanda Qormanın ABŞ prezidenti Co Baydenin andiçmə mərasimində oxuduğu şeirini holland dilinə tərcümə etmək üçün seçilmiş niderlandlı yazıçı bu təklifi rədd edib. Səbəb məsələ ilə bağlı tənqidlərin səslənməsi olub. Tənqidçilər ABŞ tarixində andiçmə mərasimində şeirini oxumuş ən gənc şair olan qaradərili Amanda Qormanın şeirinin tərcüməsinin ağdərili şairə həvalə edilməsini bəyənməyiblər.

Marike Lukas Reyneveldin özü də gəncdir. O, ötən il Beynəlxalq Buker Mükafatını qazanmış ən gənc yazıçı olub. Mükafatı ona "The Discomfort of Evening" adlı romanı qazandırıb. Yazıçı Amanda Qormanın şeirini tərcümə etmək təklifini rədd etdiyini fevralın 26-sı özünün Twitter hesabından elan edib.

Nəşriyyat tərcüməçi axtarır

Qormanın prezident Baydenin andiçmə mərasimində oxuduğu "The Hill We Climb" şeirinin tərcüməsinin martın axırı işıq üzü görəcəyi gözlənilirdi. Tərcüməni Amsterdamda yerləşən "Meulenhoff" nəşriyyatı çap edəcəkdi. "Meulenhoff" Reyneveldin rəsmi naşiridir.

"Mən özümün Amanda Qormanın mesajının yayılmasında iştirakım ətrafında yaranmış səs-küydən şok keçirirəm. Mən “Meulenhoff"un bu işi mənə həvalə etməsindən narahat olan insanları anlayıram", – həm şeir, həm də romanların müəllifi olan Reyneveld deyib.

"Meulenhoff" nəşriyyatının baş direktoru Mayke le Nobl açıqlamasında bildirib ki, təmsil etdiyi qurum başına gələnlərdən dərs çıxarmağa çalışır.

"Biz Amandanın sözlərini, ümid və ilham mesajını mümkün qədər yaxşı və müəllifin ruhuna uyğun tərcümə etmək üçün əməkdaşlıq edə biləcəyimiz bir komanda axtaracağıq", - le Nobl deyib.

Tənqidçi nə deyir

Nəşriyyat ötən həftə bildirib ki, Reyneveld onun arzuladığı tərcüməçi idi. "Amanda Qormanın özü də gənc şairin seçimi ilə bağlı dərhal entuziazm nümayiş etdirmişdi", –nəşriyyat vurğulayıb.

Tərcüməçi kimi Reyneveldin seçilməsini tənqid edənlərdən biri ictimai fəal və jurnalist Janis Deyl olub. O, Niderlandın "De Volkskrant" adlı milli gündəlik qəzetində bu mövzuda məqalə dərc etdirib.

"Reyneveldin məziyyətlərinə sözümüz yoxdur, ancaq niyə də Qormanın özü kimi söz sənətinin ustası, gənc, qadın və açıq-aşkar qaradərili olan bir nəfər seçilməsin?", –o, məqaləsində yazır.

Reyneveldin təklifi rədd etməsindən sonra isə Deyl belə bir tvit paylaşıb: "Bu qərar üçün çox sağ olun". O bu tvitdə Reyneveld və "Meulenhoff" nəşriyyatını taq edib.

Reyneveld təhsilini niyə yarımçıq qoyub

29-yaşlı Reyneveld hələ ibtidai məktəbdə oxuyarkən bədii yaradıcılığa başlayıb. O, Coan Roulinqin "Harri Potter" seriyasından olan kitablarından birini oxuduqdan sonra yazıçı olmaq qərarına gəlib.

Orta məktəbdə uşaqlar onu oğlana bənzədib bullinqə məruz qoyurmuş. Daha sonra, 19 yaşında o özünə ikinci ad kimi "Lukas" adını seçib. Beləliklə indi onun həm qadın, həm də kişi adı var.

Reyneveld ona Beynəlxalq Buker Mükafatı qazandırmış "The Discomfort of Evening" romanını yazarkən qismən qardaşının ölümündən təsirləndiyini deyib. Qardaşı Reyneveldin 3 yaşı olanda vəfat edib.

Reyneveld universitetə daxil olaraq holland dili müəllimi peşəsinə yiyələnməyə başlasa da, roman və şeir yazmağa fokuslana bilmək üçün təhsilini yarımçıq qoyub. 2015-ci ildə onun ilk şeirlər toplusu çap olunub.

Amanda Qormanın sözügedən şeiri müxtəlif dillərə tərcümə olunmaqdadır. Şeirin fransız dilinə tərcüməsi Konqo əsilli belçikalı gənc musiqiçi Mari-Pyera Kakomaya həvalə edilib. Tərcümənin may ayında hazır olacağı bildirilir. Kakomanın səhnə təxəllüsləri Lous və Yakudzadır.

XS
SM
MD
LG