Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:40

Hillari Klinton terror haqda kitab yazır


Hillari Klinton
Hillari Klinton

"USA Today" qəzeti yazır ki, Hillari Klinton rəfiqəsi, yazıçı Luiza Penni ilə birlikdə "State of Terror" romanını yazmağa başlayıb. Romanın məzmunu Klintonun keçmiş təcrübəsindən qaynaqlanmış ola bilər. Rəqib siyasətçinin administrasiyasında işləyən yeni dövlət katibi terror hücumları dalğasını önləməyə çalışır. Bu il oktyabrın 12-də işıq üzü görəcək roman Klintonun kitablarının çapı ilə məşğul olan "Simon&Schuster" və Penninin kitablarını çap edən "St. Martin's Press" nəşriyyatları tərəfindən buraxılacaq.

Mürəkkəb diplomatiya və xəyanət dünyası

"Luiza ilə birlikdə triller yazmaq çoxdankı arzunun həyata keçməsi deməkdir. Onun kitablarının hər birindən və onların qəhrəmanlarından da, dostluğundan da böyük həzz almışam. İndi biz təcrübələrimizi birləşdirib …mürəkkəb diplomatiya və xəyanət dünyasını kəşf edəcəyik. Hər şey ilk baxışdan göründüyü kimi deyil", – bundan əvvəl də Penniyə pərəstişini ifadə edən Klinton açıqlamasında deyib.

Çoxsaylı mükafatlara layiq görülmüş kanadalı yazıçı Luiza Penni "The Cruelest Month" və "The Brutal Telling" romanlarının müəllifidir. O da öz açıqlamasında Klintonla işləməkdən məmnunluğunu ifadə edib.

"Böhranın qızışdığı bir vaxtda Dövlət Departamentinin, Ağ Evin, Dövlət katibinin düşüncələrinin içinə girmək inanılmaz təcrübədir. Biz işə başlamazdan əvvəl [Hillarinin] Dövlət katibi olduğu vaxtlardan danışdıq. Onun ən qorxunc kabusu nə idi? O, "terror vəziyyəti" cavabını verdi", – Penni açıqlamasında deyib.

Bill Klintonun daha bir kitabı çıxacaq

Bədii yazı və ən arzuolunmaz ssenarilər Hillari Klinton və həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun ən sevdiyi məşğuliyyət olub. Bill Klinton amerikalı yazıçı və filantrop Ceyms Pattersonla birlikdə "The President is Missing" trillerini yazıb. Bu romanın bir milyon nüsxəsi satılıb. Onların əməkdaşlığından doğan yeni, ikinci romansa "The President's Daughter" adlanır. Bu romanın bu ilin iyununda çapdan çıxacağı gözlənilir.

Barak Obamanın birinci prezidentlik dövründə Dövlət katibi olmuş Hillari Klinton bir neçə publisistik kitab da yazıb. Onların arasında "Living History""Hard Choices" memuarlarının adlarını çəkmək olar. "Hard Choices" kitabı Klintonun Obama administrasiyasında işlədiyi vaxtı əhatələyir. Barak Obama 2008-ci il Demokratlar Partiyasının praymerizində Klintonu məğlub etmişdi.

Klintonun daha bir memuarı isə "What Happened" adlanır. 2017-ci ildə işıq üzü görmüş bu kitab onun 2016-cı il prezident seçkilərində Donald Trampa inanılmaz məğlubiyyətindən bəhs edir.

"Əvvəlcə Amerika"ya da toxunur

Görünür, yeni "State of Terror" kitabı təkcə Klintonun Dövlət katibi olduğu illəri əhatə etməyəcək. Kitabda onun Tramp administrasiyasının "Əvvəlcə Amerika" (America First) adlanan xarici siyasətinə münasibəti də əks olunacaq.

"Simon&Schuster" və "St. Martin's Press" nəşriyyatlarının mətbuata verdiyi məlumata görə, romanın baş qəhrəmanı qəddar bir qəsdin üstünü açmaq tapşırığını yerinə yetirməlidir. Bu qəsd Amerika hökumətindən istifadə edərək onu ən çox güvəndiyi yerlərdə gücsüz qoymaq sxemindən ibarətdir.

Klintonla Penni arasındakı əməkdaşlığın maliyyə tərəfi ictimaiyyətə açıqlanmayıb. Klintonu bu işdə Vaşinqtonda çalışan vəkil Robert Barnett təmsil edir. O, Barak Obama və Bill Klintonun da vəkilidir. Penninin maraqlarını isə Devid Qernet təmsil edir. Onun Nyu-Yorkda yerləşən "Gernert Company" şirkətinin müştəriləri arasında Con Qrişem, Stüart O'Nen və Çasten Butticiçin (ABŞ-ın hazırkı Nəqliyyat katibinin həyat yoldaşı) adları var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG