Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

'Klara və günəş' – insan olmaq barədə roman


Kadzuo İsiquro
Kadzuo İsiquro

Britaniyalı yazıçı, Nobel mükafatı laureatı Kadzuo İsiquronun "Klara və günəş" adlı yeni romanı oxucuları robotu sevməyə vadar edir. Bu, təkcə maşın haqqında roman deyil, həm də maşının dilindən nəql edilən romandır. Maraqlıdır ki, kitabın son hissələrinə qədər onun haqqında bircə kəlmə də yazılmır.

İnsanlar vaxtaşırı Klaranı bullinqə məruz qoyur və ona inanmırlar. Ancaq sonradan "Hər şey yaxşıdırmı, Klara?" deyə onun qayğısına qalırlar. Klara insanları müşahidə etmək və anlamaq üçün yaradılıb. "Nə qədər çox müşahidə edirəmsə, qarşımda o qədər çox növdə hiss açılır", - o deyir.

Sünilik və həqiqilik

Klara süni dostdur (AF). Onu müəmmalı, bəlkə də ölümcül xəstəlikdən əziyyət çəkən Cozi adlı 14-yaşlı qıza dost kimi alıblar. Klara sədaqətli və düşüncəlidir. Onun işi tənhalığın qarşısını almaq və qıza xidmət etməkdir.

Oxucu Klaranı bütün yaxşı şeyləri sevdiyi kimi sevir. Biz Klaraya inanmağa başlayırıq, Klara isə günəşə.

Bu romanda sünilik və həqiqilik mövzuları Kadzuo İsiquronun 2005-ci ildə çıxmış "Məni getməyə qoyma" romanındakına çox bənzəyir. Hər iki roman spekulyativ gələcək haqda olsa da, adama elə gəlir ki, hadisələr indiki dövrdə baş verir. Hər ikisində maraqlı bir mənəvi əxlaqi məqama toxunulur: texnologiyanın inkişafı insanların nəyin insani olub-olmaması ilə bağlı hisslərini dəyişdirib. "Məni getməyə qoyma" romanındakı kimi, "Klara"da da əsas personaj nə baş verdiyini anlamır.

Xoşbəxtlik və ağrı

Romanın başlanğıcında biz Klaranın müştəriləri cəlb etmək üçün şəhərdəki dükanın vitrininə çıxarıldığını görürük. Klara sakit səslə bizə küçədə gördüklərindən danışır. O, maşın olsa da, bir qədər özünü dərk edir. O, həm də çox istedadlı bir süni dostdur, çünki emosional ziddiyyətləri anlamağa qadirdir. Küçədə, bəlkə də neçə ildən sonra ilk dəfə görüşən kişi və qadın bir-birini elə möhkəm qucaqlayır ki, Klara düşünür ki, görəsən, onlar bunu xoşbəxtlikdən edirlər, yoxsa təəssüfdən. "Bəzən belə xüsusi anlarda insanlar xoşbəxtliklə birlikdə ağrı da hiss edirlər", – Klaranın meneceri deyir.

Klara artıq Cozini görüb və dərhal onun dostu olmaq istədiyini anlayıb. Ancaq, hələlik, Cozi Klaranı satın almaq üçün mağazaya qayıtmayıb. Klara böyük səbirlə Cozini gözləyir. Burada tənhalıqla gözləmək, demək olar ki, eyniləşir. Kitab uzaqlaşma və yenidən birləşmə səhnələri ilə doludur. Cozi köhnə dostu Riklə barışır, sonra öz atası ilə görüşür, Rikin anası isə köhnə sevgilisi Venslə əlaqə qurur. Bəzən səbirlə gözləyənlər axırda mükafatlarını alırlar. Bəzənsə reallıq çox məyusedici olur. Ancaq ümid özü-özlüyündə ayrıca bir dəyərə çevrilir. Klara xəstəlik və bəlkə də ölümün qarşısına ümidlə çıxaraq əlindən gələni edir.

İnsan olmaq

Eyni zamanda, oxucu da səbir edərək gözləməyi öyrənməlidir. İsiquro eyhamları bir-birinin ardınca düzür. Klaranın dayandığı vitrinin kənarındakı dünya niyə belə qəribədir? Niyə onun gördüyü uşaqlar bu qədər arıqdır? Niyə dilənçi kişi və onun iti ölü kimi görünür və sonradan yenidən dirilirlər? Görəsən, insanlar süni dostların yeni, təkmilləşdirilmiş versiyasının xəyanətə qadir olacağını anlasalar, nə olacaq? Kitab oxucunu ehtimallar haqda düşünməyə vadar edir.

Roman oxucunu hər şeyi dönə-dönə sorğulamağa vadar etsə də, kitabın fəlsəfi məzmunu sakitcə öz yerini tutur. "Klara və günəş" insan olmağın nə demək olması haqda kitabdır.

Robot necə şüurlu varlıq ola bilər? Klara günəş enerjisi ilə işləyir və dünya bozaranda gərginləşir. O deyir ki, işığın olmaması süni dostu narahat edir. O düşünür ki, bəlkə onun özünə nəsə olub. Klaranın günəşə olan ehtiyacı ilə bir hiss arasında, demək olar ki, heç bir fərq yoxdur.

Klaranın sadəlövhlüyü isə kitabın mühərrikini və gücünü təşkil edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG