Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:31

Prustun 'Yetmiş beş səhifə'si çap olunacaq


Marsel Prust. 1895
Marsel Prust. 1895

"The Guardian" yazır ki, Fransa nəşriyyatı "Gallimard" martın 18-də böyük fransız yazıçısı Marsel Prustun əvvəllər heç vaxt nəşr olunmamış "Yetmiş beş səhifə" (Les Soixante-quinze feuillets) kitabını çap edəcəyini açıqlayıb.

"Yetmiş beş səhifə" kitabının mətni 1908-ci ildə, təqribən Prustun "İtirilmiş zamanın axtarışında" romanı üzərində işlədiyi zaman yazılıb. "İtirilmiş zamanın axtarışında" romanı 1913 və 1927-ci illər arasında nəşr edilib.

Valideyn təsviri

"Yetmiş beş səhifə" əsərinin əlyazmaları isə 2018-ci ildə dünyasını dəyişmiş naşir Bernar de Falluanın sənəd kolleksiyasının bir hissəsi olub. De Fallua həyatda ikən Prustun bir neçə əsərinin nəşrini həyata keçirib. Bura yazıçının 1890-cı illərdə yazdığı və yarımçıq qoyduğu "Jan Santey" romanı da daxildir.

1952-ci ildə çapdan çıxmış "Jan Santey" romanında valideynlərin təsviri daha sərtdir. Müqayisə üçün deyək ki, Prustun şah əsəri sayılan "İtirilmiş zamanın axtarışında" romanında onlar xüsusi rəğbət və istiliklə təsvir olunur.

"Kef və günlər" adlı digər romanının oxucular tərəfindən çox da yaxşı qarşılanmaması yazıçını ruhdan salıb və o, 1897-ci ildə "Jan Santey"dən yavaş-yavaş uzaqlaşıb. 1899-cu ildə isə onun üzərində işləməyi birdəfəlik dayandırıb.

De Fallua "Yetmiş beş səhifə" romanının səhifələrinin mövcudluğunu ilk dəfə 1954-cü ildə açıqlayıb. O bunu Prustun həmin il nəşr edilmiş, əvvəllər məlum olmayan esselər toplusunun ön sözündə qeyd edib. Prustun 1895 – 1900-cü illər arasında yazdığı bu yarımçıq esse kitabının adı belədir: "Sent-Bevə qarşı".

Hamının tapmağa çalışdığı xəzinə

De Fallua "Yetmiş beş səhifə" əsərini "İtirilmiş zamanın axtarışında" romanını anlamaq üçün "dəyərli bələdçi" və həmin romanın yaradılışının "qeyd kitabçası" adlandırıb. Bu kitaba Prustun işləyərək şah əsərinə daxil edəcəyi altı epizod daxildir. Ancaq De Fallua yazır ki, Prustun baş qəhrəmanı Şarl Svan bu kitabda yoxdur. Əvəzində həmin personaj bir neçə fərqli rola bölünüb.

"Yetmiş beş səhifə" əsərinin mətni itirilmiş hesab olunurdu. Fransa alimləri on illərlə bu mətni axtarmaqla məşğul olublar. Onların bəziləri artıq bu mətnin mövcud olmadığına inanmağa başlamışdı. Bəziləri isə əsərin axtarışını heç vaxt dayandırmayıb. Buna görə də bu əsər bir növ hamının tapmağa çalışdığı xəzinə ilə müqayisə edilirdi.

Ancaq ötən həftə "Gallimard" həmin səhifələrin De Falluanın arxivində tapıldığını bəyan edib. De Fallua öz arxivini Fransa Milli Kitabxanasına vəsiyyət edib.

Külliyyata işıq salacaq

Sənədlər arasında Prustun qardaşı qızı Süzi Mant-Prustun da iki əsəri tapılıb. Mant-Prust bu əsərləri 1949-cu ildə De Falluaya verəndə onlar hələ çap olunmamışdı. Əsərlərdən biri tərcümə edilərək 2019-cu ildə "Müəmmalı müəllif" adı ilə çap edilib.

"Gallimard" nəşriyyatı öz internet səhifəsində verdiyi açıqlamada "Yetmiş beş səhifə" romanını "Prust xəzinəsi", mətnin tapılmasını isə "şimşək zərbəsi" adlandırıb.

Detalları açıqlamayan nəşriyyat bildirib ki, bu kitab oxşar personaj və səhnələri ehtiva etdiyi üçün "pazlın mühüm hissəsidir" və Prustun yeddi cildlik əsərlər külliyyatına daha çox işıq salacaq.

"Kitab yazıçının qoyub getdiyi açarlar sayəsində …bizə Prust kitabələrinə çıxmaq imkanı verir", – "Gallimard"ın açıqlamasında deyilir.

Əsərin digər dillərə nə zaman çevriləcəyi elan edilməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG