Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Lev Tolstoy: Qumardan 'sabahın məşğuliyyəti'nə


Lev Tolstoy
Lev Tolstoy

"Kommersant" qəzeti yazır ki, yazıçı Lev Tolstoy gəncliyində kart oyunlarında uduzur, eyni zamanda "Zəif yerlər üçün gündəlik" tutub burada özünü ömrünü boşa keçirdiyinə görə qınayırmış. Bundan sonra yenidən kart oynamağa gedirmiş.

Bir qədər yaşa dolandan sonra o, hesabını bilən mülkədara, 8 min 740 hektarlıq torpaq sahəsinin sahibinə çevrilir.

Ömrünün sonuna yaxın fani sərvətlərə laqeyd olan Tolstoy varlanmaq həvəsinə ikrahla baxır, qonorarlarını isə təqiblərdən yaxa qurtarmaq üçün Kanadaya mühacirət etməyə hazırlaşan duxoborlara ianə edir.

Ot kökü üstündə bitər

Tolstoyu, ailəsini və əcdadlarını tanıyanlar bilirdilər ki, o, əcdadların kultunu mirasdan daha üstün sayırdı. O özünü "daha əvvəlki insanların əsəri" sayırdı. Onların arasında ana və ata babaları daha çox nəzərə çarpır.

Doğrudan da, gənc və subay vaxtlarında Tolstoy özünü elə aparırdı ki, sanki ata babası İlya Andreyeviç Tolstoya bənzəmək istəyirdi. Dünyagörüşü çox da geniş olmayan İlya Andreyeviç çox şən və mülayim adam imiş. Onun 1200 təhkimlisi, 4370 hektar torpağı, məhsulunu Rusiya bazarına çıxaran 3 şərab zavodu var idi.

Bu bədxərc və ərköyün insan nökərlərini təzə bənövşə üçün Fransaya, nərə balığı üçünsə Həştərxana göndərirmiş. Paltarlarını isə yudurmaq üçün düz Hollandiyaya yollayırmış. Yarım milyardlıq varidatı küləyə sovuran İlya Tolstoy yaşlı vaxtlarında Kazanın qubernatoru olur.

Gənc Lev Tolstoy babasının hər zaman "en grand" (geninə-boluna) yaşamağa hazır olmasına heyran idi. Görünür, "Hərb və sülh" romanındakı qoca qraf Tolstoyun prototipi də elə İlya Andreyeviçdir.

Ancaq onu tanıyanlar əmindirlər ki, Lev Tolstoy evli, sanballı adam, tanınmış yazıçı olandan sonra daha çox ana babası Nikolay Sergeyeviç Volkonskini xatırladırmış. Volkonski qayda-qanun və səliqə-səhman prinsipi ilə yaşayırmış. "Hərb və sülh" romanında o, yaşlı knyaz Bolkonski obrazının prototipidir.

Yasnaya Polyana və 4 min gümüş rubl

1847-ci ilin aprelində Tolstoyun qardaşları və bir bacısı arasında valideynlərindən qalan əmlakın bölgüsü baş verir. Lev Tolstoyun payına Yasnaya Polyana da daxil olmaqla Tula quberniyasında beş kənd, ümumilikdə 1606 hektar torpaq, 330 baş kişi təhkimli düşür. Bundan başqa, qardaşları ona 4 min gümüş rubl da verir.

Yasnaya Polyananın torpağı münbit, buğdası gəlirli, meşəsi ağacla dolu, kəndliləri isə işlək idi. Ancaq torpaq Qəyyumlar şurasında girov qoyulmuşdu. Tolstoy ilk iş olaraq torpağı qəyyumluqdan çıxarıb tamamilə öz mülkiyyətinə keçirməyə çalışdı. O, eyni zamanda, Rusiyada meşələrin salınması və Yasnaya Polyana kəndlilərinin töycüdən azad edilməsi məsələləri ilə məşğul idi. Bundan başqa, Xarici İşlər Nazirliyində xidmət etmək haqda düşünür, kəndlilərin uşaqları üçün məktəb açırdı.

Ancaq onun bütün layihələri kağız üzərində qalırdı. "Boş, qulluqsuz, məşğuliyyətsiz və məqsədsiz" yaşadığından oyuna aludə olur. Get-gedə daha böyük məbləğlər uduzmağa başlayır. Borclarını ödəmək üçün kəndlərini satışa çıxarır, cins atlarını yarmarkada dəyər-dəyməzinə satır, ən bahalı restoranlarda və dəbli dərzilərdə pul səpir. Böyük qardaşları onu "avara gədə" adlandırırdı.

Bu azmış kimi, ərazinin koxasını da "vicdansızcasına çapıb-talayır" və Yasnaya Polyana çöküş vəziyyətinə çatır.

"Mənim təyinatım nədir?"

8 il davamlı olaraq gündəliyində "Mənim təyinatım nədir" sualı verən Tolstoy yalnız 1851-ci il martın 7-də yazır: "Sabahın məşğuliyyəti... roman". Beləliklə yazmağa başlayır və "Uşaqlıq" povestini sona çatdırır.

"Sovremennik" jurnalı onun əlyazmasını qəbul edəndə çox sevinir və qonorarını tələb edir. Çünki həmin vaxt onun pula çox ehtiyacı vardı. O, yeni peşədə ilk addımlarından etibarən yazıçılığı adi zadəgan məşğuliyyəti kimi yox, peşə kimi, bütün iqtisadi tərəfləri ilə birlikdə qəbul edir. Ancaq məktublaşmadan aydın olur ki, "Sovremennik" debütantlara qonorar ödəmir. Əvəzində jurnalın baş redaktoru Nekrasov ona növbəti əsərləri üçün daha yaxşı məbləğ – hər çap vərəqi üçün 50 gümüş rubl vəd edir.

Lev Tolstoy özünü peşəkar sayır, ədəbiyyatı təkcə düşüncə üçün deyil, həm də pul qazanmaq üçün iş kimi qəbul edirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG