Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:36

Trampın kitablarını yandıran kitabxana işçisi qovuldu


Donald Tramp Nyu-Yorkda "Crippled America" kitabının təqdimatında. 2015
Donald Tramp Nyu-Yorkda "Crippled America" kitabının təqdimatında. 2015

"The Independent" qəzeti yazır ki, ABŞ-ın Tennessi ştatında bir kitabxana işçisi mühafizəkar alim Enn Koulter və keçmiş prezident Donald Trampın kitablarını yandırmaqda ittiham olunaraq işdən qovulub.

Dekabrda Instagram-da Kemeron Uilyamsın Koulterin 2004-cü ildə çapdan çıxmış "How to Talk to a Liberal (If You Must)" adlı esse toplusunun və Trampın 2015-ci ildə nəşr olunmuş "Crippled America" kitabının üzərinə yandırıcı maye tökməsinin videosu çıxıb. Onun işdən azad edilməsinə də bu video səbəb olub.

Etirazlar zamanı həbs edilmişdi

Videoda Uilyamsın YG və Nipsi Hasslın "FDT" adlı antitramp mətnli rep mahnısının sədaları altında kitablara od vurduğu deyilir. O bütün bunları öz arxa həyətində edir.

Koulter Trampın immiqrasiya siyasətinə ciddi təsir göstərmiş adamdır. Ancaq sonradan o, Trampı sərhəd boyu divarın tikintisini gecikdirməkdə günahlandırıb və onların arası dəyib.

35-yaşlı Uilyams öz icmasında "Black Lives Matter" hərəkatının fəalı və musiqiçi kimi tanınır. O, 2020-ci ilin yayında polisin Corc Floydu qətlə yetirməsindən sonra Çattanuqa şəhərciyində baş qaldırmış etirazlar zamanı həbs edilən bir neçə nəfərdən biridir.

Instagram-da çıxan video kitabxananın diqqətini cəlb edən kimi həmin əməkdaş ödənişli inzibati məzuniyyətə göndərilib. Aparılan araşdırmalardan sonra isə fevralın 10-da işdən azad edilib.

"Kitabxana senzura yeri deyil"

Kitabxananın sözçüsü hələ dekabrda Çattanuqada çıxan "Times Free Press" qəzetinə müsahibəsində Uilyamsın bütün baxış bucaqlarına tolerantlıq prinsipi ilə bağlı qaydaları pozduğunu demişdi.

"Həyatda bütün yolları seçmiş insanların hər hansı mühakimə, yaxud önyarqı olmadan informasiyaya çıxışını təmin etmək bizim işimizdir. Bu materialların yandırılaraq məhv edilməsi, yaxud, sadəcə, aradan götürülməsi bizim qaydalarımıza ziddir. Çünki son nəticədə biz inanırıq ki, kitabxana senzura yeri deyil", –sözçü bildirib.

Uilyamsdan kitabxananın rəflərindəki köhnə, zədəli və həqiqətdən uzaq kitabları təmizləməyə kömək etmək xahiş olunub. Bu, yeni nəşrlərə yer açmaq üçün edilir və kitabxanaçılar bu prosesə "budama" deyirlər. Uilyams bu sahədə təlim də keçibmiş. Ancaq kitabxana bildirir ki, videoda görünən kitablar rəflərdən yığışdırılmaq üçün işarələnməmişdi.

Yeganə qaradərili kişi

Kemeron Uilyams isə hesab edir ki, kitabxana rəsmiləri onu cəzalandıran zaman presedentə əməl etməyiblər.

"Düzünü desəm, bu, mənim bir neçə ildir qaradərili insanların rifahı üçün danışan icma üzvü olduğuma görə baş verir", – Uilyams "The Washington Post"a müsahibəsində deyib.

Uilyams əmindir ki, müdiri ondan siyasi elmlər bölməsini "budamağı" tapşırıb. Özü də bu zaman açıq-aydın onun aktivist fəaliyyətinə işarə edib. Ona verilən tapşırıqda deyilib ki, yanlış informasiya yayan, yaxud içindəki məsələlərlə bağlı baxış, yanaşma və ya informasiyanın dəyişdiyi kitablar rəflərdən götürülməlidir. Onun sözlərinə görə, 10 ildən köhnə kitablar da yığışdırıla bilərdi.

Kulterin kitabı 2004-cü ildə çıxıb. Trampın 2015-ci ildə çıxmış kitabını isə Uilyams Kapitoli binasına hücuma görə rəfdən yığışdırıb. O, müsahibəsində belə deyib.

Uilyams qəzetə müsahibəsində daha sonra 80 nəfərlik kitabxana heyətinin içində yeganə qaradərili kişi olduğunu deyib: "Mənimlə göstərmə ekzemplyar qaradərili kimi davranırdılar. Ancaq mən qaradərililərin haqları barədə sərt danışanda xarakterimi öldürməyə çalışırdılar".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG