Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:33

Keçmiş Tramp administrasiyası üzvlərinin kitablarını nəşr etdirməməyə çağırırlar


D.Tramp
D.Tramp

"The Guardian" yazır ki, ABŞ-da 500-dən artıq yazıçı, publisist və ədəbiyyatçı Amerika naşirlərini Tramp administrasiyası üzvləri ilə kitab kontraktları bağlamamağa çağıran məktubu imzalayıb. "Amerika xalqına qarşı cinayətlərə imkan yaradan, onları təbliğ və ört-basdır edənlər nəşriyyat büdcələri hesabına varlandırılmamalıdır", – məktubda deyilir.

Yazıçı Barri Liqanın tərtib etdiyi məktuba əlavə edilən imzaların sayı artmaqdadır. Məktubun başlığı isə belədir: "Xəyanətkarlarla müqaviləyə yox".

"Buna imkan verə bilmərik"

"Ənənəvi olaraq, rəhbərliyi tərk edən administrasiyanın üzvləri yaxşı kitab kontraktı və sağlam avansa güvənə bilir və güvənir. Tramp administrasiyası və onun təhqir, yalan və üsyana təşviq tarixinə gəldikdə isə, biz buna …imkan verə bilmərik. Heç kim şərə kömək etdiyi üçün zənginləşdirilməməlidir", – B.Liqa "Publishers Weekly" jurnalına deyib.

Bir çox redaktor, yazıçı, kitab satıcısı və nəşriyyat işçisinin dəstəklədiyi məktubda daha sonra deyilir: "Uşaqları qəfəsə salan, tutulmuş qadınlar üzərində onların iradəsinə zidd cərrahiyyə əməliyyatları aparan və milyonlarla insanın ölümcül virusa yoluxduğu vaxtda elmə gülən administrasiyanın heç bir üzvü böyük kitab kontraktlarının, demək olar, mexaniki hala gəlmiş səxavəti sayəsində varlanmamalıdır. 6 yanvar 2021-ci il çevriliş cəhdini təşviq və təbliğ edən, yaxud başqa formada dəstəkləyən heç bir kəsin fəlsəfəsi bizim sevimli nəşriyyatlarımız vasitəsilə mükafatlandırılmamalı və yayılmamalıdır", – məktubda deyilir.

Noyabrda Rupert Mördoka məxsus "Nyu York Post" tabloidində iddia olunurdu ki, Tramp "ümumi dəyəri 100 milyon dollar olan kitab və TV kontraktlarına dair təkliflərlə bombardman edilir". Ancaq onun oğlu kiçik Donald Tramp özünün son kitabını heç bir nəşriyyatın köməyi olmadan özü dərc etdirib.

İfadə azadlığı

B.Liqanın məktubunun yazıldığı həftə Missuridən olan sağ yönlü senator Coş Houli özünün "The Tyranny of Big Tech" adlı kitabını nəşr etdirmək üçün nəşriyyat axtarmalı olub. Bundan əvvəl "Simon&Schuster" nəşriyyatı kitabı çap etməkdən imtina etmişdi. Səbəbsə kitabda əsassız olaraq seçkilərin nəticələrinin oğurlanmasının iddia edilməsi idi. Amerikanın Senzuraya Qarşı Milli Koalisiyası Houlinin kontraktının ləğv edilməsini qınayıb. "Kitabın ləğv edilməsi ifadə azadlığını zəiflədir… Naşirlərin hətta müəllifin dedikləri ilə qətiyyən razı olmadıqları hallarda belə [kitabı] çap etmək qərarının üstündə dayanması çox vacibdir. Kitabı çap etməkdən imtina öz tənqidçilərini susdurmağa çalışanları həvəsləndirir. Bu, naşirlərə təzyiqi artırır, bu isə öz növbəsində daha çox imtinaya səbəb olur", –Koalisiya bildirib.

"Sövdələşmə sənəti"nin əsl müəllifi nə yazıb

İri nəşriyyatlar çap etdikləri kitablarla bağlı ziddiyyətlə üzləşirlər. Noyabrda Kanadanın "Penguin Random House" nəşriyyatı kanadalı psixoloq, özünü "siyasi korrektliliyə qarşı professor" adlandıran Cordan Pitersonun kitabının nəşri ilə bağlı qərara etiraz edib.

"Hachette" nəşriyyatı isə ötən il rejissor Vudi Allenin kitabını çap etməkdən imtina edib. Səbəb nəşriyyat əməkdaşlarının təzyiqi olub. Britaniyada "Little, Brown" nəşriyyatı Culi Burçillin kitabını rədd edib. Buna isə Burçillin Tvitter-də islam haqda dediklərinin "cızığı keçməsi" səbəb olub.

Donald Trampın 1987-ci ildə çapdan çıxmış "The Art of the Deal" (Sövdələşmə sənəti) adlı memuar kitabının əsl müəllifi Toni Şvarts sonradan belə deyib: "Ay Allah, mən sosiopat bir adamın ictimai imicinin yaradılmasına kömək etmişəm və adamlar bunun fərqinə varmır".

Amerikada 1970-ci illərdə cinayətkarlara öz cinayətləri haqda yazaraq pul qazanmağı qadağan edən qanun (Son of Sam laws) qəbul olunubmuş. B.Liqanın məktubunda da əsas arqument həmin qanuna əsaslanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG