Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Baydenin kitabları bestsellerə çevrilir


Co Bayden
Co Bayden

ABŞ-ın aylıq "Rolling Stone" jurnalı yazır ki, Co Baydenin andiçmə mərasimi ölkədə onun kitablarına marağı artırıb. Bu kitabların bir hissəsi onlayn bestseller çartlarında irəliləyib. Hətta kitablardan bəzilərini Baydenlə birlikdə yazmış müəlliflərdən ikisi yenidən çartlarda görünməyə başlayıb. Onların kitabları da çapdan çıxmasının üstündən bir neçə il keçmiş qəfildən daha çox satılmağa başlayıb.

Birinci xanım Cill Baydenin yazdığı uşaq kitabı da oxucular arasında yenidən populyarlaşıb. Ötən ilin iyununda çapdan çıxmış "Joey: The Story of Joe Biden" kitabı "Amazon"un ən çox satılan uşaq kitablarının ilk onluğuna düşüb. Hazırda bu onluğun başında Kamala Harrisin yazdığı "Superheroes Are Everywhere" kitabı durur.

Co Bayden haqda kitabları "Amazon"un "Audible" xidmətində dinləmək də mümkündür. Co Baydenin yazdığı, yaxud onun haqqında yazılmış kitablar bunlardır:

1. "Joe Biden: The Life, the Run, and What Matters Now"

Ötən ilin oktyabrında çapdan çıxmış bu kitabın müəllifi -Milli Kitab Mükafatının qalibi Evan Oznos hazırda "Amazon"un seçkilər haqda ən çox satılan kitablar siyahısında 3-cü yeri tutub. Kitab prezident Baydeni ikinci dəfə Ağ Evə gətirən yol haqdadır. Kitabda bundan başqa Co Baydenin indiki dövrdə ölkə üçün nə demək olduğu haqda mülahizələr əks olunub.

Oznos Baydenin özündən müsahibələr alıb. Kitabda onun sayı 100-ü keçən digər insanlarla müsahibələri də əksini tapıb. Onların arasında keçmiş prezident Barak Obama, senatorlar Kori Buker, Emi Klobuşar, prezidentliyə keçmiş namizəd, hazırda prezident Baydenin nəqliyyat naziri postuna namizədi Pit Butticiç, Co Baydeni yaxından tanıyan müşavirlər və ailə üzvləri də var.

2. "Promise Me, Dad: A Year of Hope, Hardship, and Purpose"

Kitab ozamankı vitse-prezidentin oğlu Boya xərçəng diaqnozu qoyulması və Bayden ailəsinin Bonun son günlərindən çıxardığı dərslər haqqındadır. "Mənə söz ver, ata. Söz ver ki, nə baş versə də, sən yaxşı olacaqsan", – Bo atasına deyib.

3. "Promises to Keep: On Life and Politics"

İlk dəfə 2008-ci ildə çıxmış bu kitab Baydenin ilk kitabı idi. Burada Baydenin Delaverdən olan senator karyerasının hekayəsini oxuyuruq. Eyni zamanda, onun siyasi meyl və məqsədlərini, Ağ Ev uğrunda mübarizəsinin ilk qığılcımlarını görürük.

4. "Joey: The Story of Joe Biden"

Cill Baydenin əri haqqında yazdığı illüstrasiyalı uşaq kitabı "Amazon"un bağça və ibtidai sinif yaşlı uşaqlar üçün bestseller siyahısına düşüb. Ötən ilin iyununda çapdan çıxmış bu 48-səhifəlik kitab kiçik Coui Baydenin hekayəsini danışır. Coui kəkələməsinin və utancaqlığının öhdəsindən gələrək ABŞ-ın vitse-prezidenti olur.

"Amazon"un bestseller siyahısına hazırda ölkənin digər Ali Baş komandanı, keçmiş prezident Barak Obamanın "A Promised Land" adlı memuarı başçılıq edir. Bu kitab artıq 10 həftədir ki, birinci yerdədir. Keçmiş Birinci xanım Mişel Obamanın "Becoming" kitabı da işıq üzü görməsindən iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ onluqdadır.

Hər iki kitab, eyni zamanda, populyar "The New York Times" bestseller siyahısındadır. Bu siyahıda siyasətçi Steysi Abramsın "Lead From the Outside" və 2018-ci ildə çıxmış, Ali Məhkəmənin mərhum hakimi Rut Beyder Qinzburqun "My Own Words" kitabı da yer alıb.

Donald Tramp, nəhayət, prezidentlik kürsüsünü tərk etsə də, ona maraq hələ də yüksəkdir. "Amazon"da ən çox satılan seçki haqda kitabların yarısı hələ də Trampla bağlıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG