Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:20

Kamala Harrisin kitablarının satışı artıb


Kamala Harris
Kamala Harris

Ötən həftə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri bilinəndən sonra çox sayda insan yeni seçilmiş vitse-prezident Kamala Harris haqqında, yaxud da onun müəllifi olduğu kitabları alıb. İnsanlar Harrisin qələbəsindən sonra onun haqqında daha çox öyrənmək istəyirlər.

Ötən bazar günü "Amazon"un 10 ən çox satılan kitabından dördü ya Kamala Harris tərəfindən, ya da onun haqqında yazılmış kitablardır. Bu kitablardan dördü uşaq kitabıdır. "Business Insider" saytı bu xəbəri "The Associated Press" agentliyinin məlumatına istinadən dərc edib.

"Amerika səyahəti"

Kamala Harrisin özünün yazdığı "Superheroes Are Everywhere" adlı uşaq kitabı ikinci ən çox satılan kitab olub. Bu kitabda Harrisin öz uşaqlığı haqda düşüncələri, ailə fotoları, illüstrasiyalar, uşaqlar üçün oyun və çalışmalar əks olunub. Kitab 3 – 7-yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Onun "The Truths We Hold: An American Journey" adlı memuar kitabı isə bu ilin avqustunda çıxıb. Bu kitab da ötən həftəsonu ən çox satılan onluğa daxildir. Bu kitabdan Kamala Harrisin atasının Yamaykadan olan iqtisadçı, anasınınsa Hindistandan gəlmiş xərçəng tədqiqatçısı olduğunu, hər ikisinin nüfuzlu Berkli Universitetinin tələbəsi olduqları zaman vətəndaş hüquqları hərəkatında tanış olduqlarını öyrənirik. Harrisin özü hüquq məktəbini bitirən kimi prokuror kimi çalışmağa başlayıb. Daha sonra əyalət prokurorunun müavini olub. Tezliklə o, San-Fransiskonun seçilmiş Əyalət prokuroru, daha sonra isə bütövlükdə Kaliforniya ştatının baş hüquq mühafizə rəisi olub.

Bacılar

Kamala Harris haqqında yazılmış iki uşaq kitabı da onluqda yer alıb. Onlardan biri "Kamala and Maya's Big Idea" adlanır. Bu kitabı Harrisin bacısı Mayanın qızı Mina Harris yazıb. Yeri gəlmişkən, həm Maya Lakşmi Harris, həm də Mina Harris hüquqşünasdırlar. Bu şəkilli uşaq kitabı Kamala və Maya adlı iki bacının cəmiyyətdə müsbət dəyişiklik yaratmaq üçün çalışması haqdadır. Qızlar insanların həyatında və gələcəyində fərq yaratmaq üçün meyvə və tərəvəz toxumları əkir, çoxlu başqa işlər görürlər. Bu, uşaqları öz güclərinə, dəyişiklik yarada biləcəklərinə inandıran bir kitabdır.

Yeni seçilmiş vitse-prezident haqqında ikinci uşaq kitabı isə "Kamala Harris: Rooted in Justice" adlanır. Kitabın müəllifi Nikki Qraymsdır.

Kaliforniyalı senator və prokuror Kamala Harris ABŞ-ın ilk qadın, qaradərili və Asiya mənşəli vitse-prezidenti kimi tarixə düşəcək.

Co Bayden haqda kitablar da çox satılır

"Business Insider" yeni prezident seçilmiş Co Bayden haqda kitabların da çox satıldığını yazır. Həyat yoldaşı Cill Baydenin yazdığı "Joey: The Story of Joe Biden" adlı uşaq kitabı və Evan Oznosun yazdığı "Joe Biden: The Life, the Run, and What Matters Now" kitabı ötən həftəsonu ən çox satılan 100 kitabın siyahısına düşüb.

Bu yüzlüyə düşən digər siyasi mövzulu kitablar arasında Mişel Obamanın "Becoming" və hazırkı prezident Donald Trampın qardaşı qızı Meri Trampın yazdığı "Too Much and Never Enough: How My Family Created the World's Most Dangerous Man" kitabı da var.

Keçmiş prezident Barak Obamanın "A Promised Land" adlı yeni memuar kitabının öncədən sifarişlərinə hələ noyabrın 17-də başlanacaq. Kitaba marağın indidən çox böyük olduğu deyilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG