Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Amanda Qormanın adını çəkdiyi 9 şəxsiyyət


A.Qorman
A.Qorman

ABŞ prezidentinin andiçmə mərasimində "The Hill We Climb" adlı şeirini oxuyan 22-yaşlı Amanda Qorman ölkənin ilk gənc şair laureatıdır. Milli gənc şair laureatı müsabiqəsi 2016-cı ildə təsis edilmiş və hər il keçirilən müsabiqədir.

Qorman altı dəqiqəlik çıxışında Amerikanın Maya Ancelou, Frederik Duqlas, Lenqston Hyuz və Avrahaam Linkoln kimi böyük yazıçı və natiqlərinin fəaliyyətinə xitab edib.

Şair NPR-a şeirini yazmaq üçün dərin araşdırma apardığını deyib. O, Amerika ədəbiyyatını oxuyub və digər şair laureatların çıxışlarını yaxından tədqiq edib.

"Business Insider" saytı Qormanın şeirində adıçəkilən doqquz şəxsiyyətin fəaliyyətinə nəzər salıb.

Anceloudan Kinqə qədər

Qorman Ancelounun "Still I Rise" şeirindəki "Biz Qərbin qızılı dağları arasından yüksələcəyik. Biz ulu babalarımızın inqilab etdiyi, küləklərin süpürdüyü Şimal-Qərbdən qalxacağıq. Biz göllərin halqasında yaşayan Orta Qərb ştatlarından qalxacağıq. Biz günəşin bişirdiyi Cənubdan qalxacağıq" sətirlərini öz şeirinə daxil edib.

"Pulitzer" mükafatı və Prezidentin Azadlıq Medalı laureatı Ancelou 1993-cü ildə prezident Bill Klintonun andiçmə mərasimində "On the Pulse of Morning" adlı şeirini ifa edib. Qorman öz çıxışını hazırlamaq üçün Ancelounun əsərlərini oxuduğunu deyib.

Qorman vətəndaş hüquqları hərəkatının liderlərindən olan Martin Lüter Kinqin məşhur "I Have a Dream" nitqinə də xitab edib. Qormanın şeirindəki bu sətirlər məhz bu nitqə işarədir: "Biz birliyimizi gücləndirmək, insana aid bütün mədəniyyətlərə, rənglərə, xarakter və hallara sadiq bir ölkə qurmaq üçün vuruşuruq".

Kinq öz məşhur nitqində belə demişdi: "Mənim bir arzum var: mənim dörd balaca uşağıma bir gün dərilərinin rənginə görə deyil, xarakterlərinə görə qiymət veriləcəyi ölkədə yaşasınlar".

"Necəsə biz bunu edirik"

1863-cü ildə Linkoln Vətəndaş müharibəsində döyüşən əsgərləri ilhamlandırmaq üçün etdiyi Qettisberq müraciətində deyib: "Burada döyüşənlər tamamlanmamış işi …bu qədər irəli apardılar. Onlar bunu həyatda qalan bizlər üçün etdilər".

Qorman Linkolnun "tamamlanmamış" işinə xitabən belə deyib: "Necəsə biz bunu edirik, necəsə biz dözdük və sınmamış, sadəcə tamamlanmamış bir ölkənin şahidi olduq".

Corc Vaşinqton ABŞ-ın ilk prezidenti olmaqdan əlavə, həm də Kontinental Ordunun komandanı, Konstitusiya Qurultayının prezidenti, yazıçı və bağban idi.

Tarixçi Corc Tsakiridisə görə, Vaşinqton öz yazışmalarında dəfələrlə "İncil"dən götürülmüş "onların üzüm asması və əncir ağacları altında" ifadəsini işlədib.

Qorman bu ifadəyə nəzərən belə deyib: ""İncil" bizə deyir ki, hərə öz üzüm asması və əncir ağacı altında oturacaq və onları qorxudan olmayacaq".

Dəyişiklik mesajı

Qorman çıxışının başqa bir yerində deyir: "Əgər biz mərhəməti güclə, gücü də haqla birləşdirsək, o zaman sevgi bizim irsimiz, dəyişikliksə doğuluşdan təbii haqqımız olacaq".

Sayt yazır ki, onun dəyişiklikdən danışması Obamanın 2008-ci ildəki seçki kampaniyasının şüarını və andiçmə nitqini yada salır: "Amerikaya dəyişiklik gəlib".

Folknerin 1948-ci ildə yazdığı "Intruder in the Dust" kitabı Cim Krou qanunlarının Amerika Cənubuna təsiri haqdadır. Bu kitabda müəllif qeyd edir ki, amerikalılar öz avtomobillərindən çox heç nəyi sevmirlər. Onlar bazar günlərini onu parıldatmağa həsr edirlər və hər il onun "ilkin bəkarət"ini yeniləyirlər.

Deyəsən, Qorman "Hə, biz parıldamaqdan da, bakirəlikdən də uzağıq. Ancaq bu o demək deyil ki, biz ideal birlik yaratmaq üçün vuruşuruq", - deyəndə bu əsərə eyham vurub.

Bundan başqa, Qorman Twitter-də Toni mükafatına layiq görülmüş "Hamilton" müziklini iki yerdə xatırlatdığını deyib. Onun sözlərinə görə, Vaşinqtonun "üzüm və əncir ağacları altında" ifadəsi bunlardan biridir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG