Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Uğurlu şair olmağın yolları


Şeir
Şeir

Ser Andrew Motion ingilis şairi və yazıçısıdır. O, 1999 – 2009-cu illər arasında Britaniyanın "Şair" mükafatının laureatı olub. Bundan başqa, bir neçə nüfuzlu mükafata da layiq görülüb. Onların arasında Arvon, John Llewelyn Rhys və Dylan Thomas mükafatları da var. 2009-cu ildə ədəbiyyat sahəsindəki xidmətlərinə görə şairə "ser" titulu verilib.

BBC Ser Andrew Motion-ın uğurlu şair olmaq üçün tövsiyələrini dərc edib.

1. Qoyun mövzu sizi tapsın

" Siz mövzunu tapmırsınız, o sizi tapır. Mənim üçün şeir yazmaq, sadəcə, yas saxlamaq deyil, həm də insanın fani varlıq olmasına qarşı nəsə yaratmaq istəyidir".

2. Hisslərinizin içinə daxil olun

Motion deyir ki, şairlər hisslərindən çıxış edərək yazmadıqlarını deyəndə o bunu anlamır və belə şeirləri çox da bəyənmir: "Mənim ən çox sevdiyim şeirlər mühərrikin emosiyalardan qaynaqlandığı, bizə təqdim edilən nəsnənin içində …hisslərin istiliyinin çox güclü hiss olunduğu şeirlərdir. Məncə, şeir daha çox emosional [sənət] formasıdır və bu belə olmayanda o mənə maraqlı deyil".

3. Sizə vacib olan mövzularda yazın

"Ən yaxşı şairlər mövzunun birbaşa qapısından girərək yazmırlar. Onlar arxa qapıdan, bacadan, yaxud pəncərədən daxil olurlar.

Emily Dickinson deyirdi: "Həqiqəti de, ancaq onu dolayı yolla de". Bu mənim üçün həmişə çox mühüm ifadə olub. Hamının gördüyü yerdə duranda bunu etmək çox çətin ola bilər…"

4. Adi şeyləri dəyərləndir və dəymədüşər olma

Adiliklərin möcüzəsinə dəyər ver. Yadımızda saxlamalıyıq ki, düz burnumuzun altındakı şeylər qeyri-adi, cazibədar, əvəzolunmaz, dərin və bir növ möcüzəlidir.

Onlara ön plandan baxıb, adiliyi ucbatından parlaqlığını itirə bilən şeylərdən həzz alın. Əslində, görünür, özümüzü adi şeylərdən yadlaşdırmaq şeirin edə biləcəyi mühüm şeylərdən biridir.

5. Əlinizdəki bütün alətlərdən yararlanın

Mən artıq uzun illərdir ki, qafiyəli şeir yazmıram. Görünür, buna həvəsimi itirmişəm. Ancaq belə şeirləri oxumağa həvəsim itməyib. Məncə, qafiyənin mütləq olmasını israr edənlər, əslində, şeirin nə olduğu, yaxud nə ola biləcəyi haqda kifayət qədər dərindən düşünmür.

Yadda saxlamaq lazımdır ki, şairlərin içində cürbəcür avadanlıq olan alət qutusu olur. Bunlar digər yazarlarda olmur. Qafiyə bu alətlərdən biri deyil.

Şeirlərinizdə heç vaxt qafiyədən istifadə etməmək maşın alıb heç vaxt ikinci sürətə keçməmək kimidir. Alət qutunuzdakı hər şeydən istifadə edin.

6. Bir yerdə ilişib qalanda çıxıb gəzin, ya da başınızı yuyun

Wordsworth bir dəfə deyib ki, gəzmək yaradıcı proseslə sıx bağlıdır. Mən gəzməyi sevirəm və bir yerdə ilişəndə çıxıb gəzirəm. Vaxtım az olanda isə saçımı yuyuram. Deyəsən, bu mənim beynimi oyadır!

Həmin gün gəzmək yox, saç yumaq günüm olsa belə, iş otağımın içində var-gəl edirəm…

7. Qoyun işiniz təfsirə açıq olsun

İnsanlar sizin şerlərinizi fərqli yozacaqlar. Təfsirlərin çox səfeh olduğu halları nəzərə almasaq, əslində, bu mənim xoşuma gəlir. Hətta şeirlərimin təfsir olunacağına ümid edirəm.

Sizin şeirləriniz oxucuların özlərini yaşadığı, özləri ilə səsləşən şeyləri axtardığı bir dünya ola bilər. Onların bu reaksiyasını məhdudlaşdırmağa çalışmaqsa mənim tərəfimdən çox ağılsız addım olardı.

Auden Yeats-ə həsr etdiyi elegiyasında deyir: "O öz pərəstişkarlarına çevrilib" və mən düşünürəm ki, o, elə, əslində, nəzərdə tutduğunu ifadə edib…

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG