Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 09:25

Tramp və Orban nələrdən danışacaq: neft, Rusiya, Ukrayna


Donald Tramp Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza sammiti zamanı Viktor Orbanı salamlayır.
Donald Tramp Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza sammiti zamanı Viktor Orbanı salamlayır.

Noyabrın 7-də ABŞ prezidenti Donald Tramp Ağ evdə Macarıstanın baş naziri Viktor Orbanı qəbul edəcək. İki liderin münasibətləri yaxşıdır deyə, görüş isti keçəcək, elə müzakirə olunası mövzular da az deyil.

Tramp və Orbanı uzun illər ideologiya və ritorika birləşdirib. Amma Rusiya neftinin idxalı məsələsində mövqeləri fərqlidir. Orban Budapeştdə Tramp və Rusiya prezidenti Vladimir Putinin sammitinə ev sahibliyi edəcəkdi, indilik bu məsələ arxa plana keçib.

Orban Vaşinqtonda əsas nəyi istəyə bilər – Rusiyadan neft alışına ABŞ-nin məhdudiyyətlərindən azad olmağı.

AzadlıqRadiosunun macar xidməti hökumət mənbələrinə istinadla xəbər verir ki, onlar bu istisnanın mümkünlüyünə inanırlar. Avropada artıq presedent var – ötən ay "Rosneft"in Almaniyadakı törəmə şirkətinin sanksiyalardan müvəqqəti azad olunmasına qərar verilib.

Ağ ev, Dövlət Departamenti AzadlıqRadiosunun suallarını şərh etməyib.

"O, istisna istəyib. Biz hələ verməmişik... Viktor mənim dostumdur. O, istisna istəyib", – Tramp oktyabrın 31-də "Air Force One" təyyarəsində jurnalistlərə deyib.

Rusiya nefti sanksiya altında

Keçən ay Vaşinqton Rusiyanın iki böyük neft şirkətinə - dövlətə məxsus "Rosneft" və özəl "LUKoil"a sanksiyalar elan edib. Məqsəd Putini Ukraynada dörd ilə yaxındır apardığı genişmiqyaslı müharibəni dayandırmaq üçün danışıqlara vadar etməkdir. Həmin şirkətlərlə əməkdaşlıq edənlər də ikinci dərəcəli sanksiyalara məruz qala bilərlər.

Bundan öncə Tramp Rusiya xam neftini idxal edən ölkələri əlavə rüsumlarla hədələyirdi. Sentyabrda o, NATO-nun bütün üzvlərini bu idxalı dayandırmağa çağırıb. Tramp birbaşa Macarıstanın adını çəkməsə də, bunu ötən ay yüksəksəviyyəli diplomatlarından biri edib. ABŞ-nin NATO-dakı səfiri Mett Uitaker deyib ki, "Budapeşt bir çox qonşularından fərqli olaraq, Rusiya enerji təchizatından imtina etmək üçün heç bir plan hazırlamayıb və fəal addım atmayıb".

Orban isə bu məsələdən narazılığını gizlətməyib. Ondan ABŞ sanksiyalarının aşırı olub-olmadığını soruşanda "Macarıstanın nöqteyi-nəzərindən, bəli" cavabını verib. O, neft alışını dayandırmağın "fəlakət" olacağını, ölkə iqtisadiyyatını diz çökdürəcəyini deyib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə noyabrın 5-də bu mövzuya toxunmayıb. Bəlkə də, Vaşinqtonda razılaşma ilə bağlı gözləntiləri azaltmaq istəyib.

Budapeştdən 170 kilometr cənubda, Kişkundorojmada qaz paylama məntəqəsi.
Budapeştdən 170 kilometr cənubda, Kişkundorojmada qaz paylama məntəqəsi.

"Bir-birimizə çox şey təklif edə bilmərik"

Siyartonun açıqlamasına görə, ikitərəfli münasibətlər qızıl dövrünü yaşayır və danışıqların əsas mövzusu iqtisadi və enerji əməkdaşlığı olacaq.

Macarıstan ABŞ üçün əsas ticarət tərəfdaşı deyil. ABŞ Əhalini Siyahıyaalma Bürosunun məlumatına görə, 2024-cü ildə Birləşmiş Ştatların Macarıstanla ikitərəfli ticarətdə kəsiri 9.4 milyard dollar, ixracın həcmi isə cəmi 3.2 milyard dollar olub.

Macarıstan hökumətindəki mənbə AzadlıqRadiosunun macar xidmətinə bildirib ki, "bir-birimizə çox şey təklif edə bilmirik". Amma onu da deyib ki, Orban ABŞ-dən mayeləşdirilmiş təbii qaz almağa razılaşa bilər. Əvvəllər bunu Rusiyadan idxal edilən qazla müqayisədə iqtisadi baxımdan sərfəli saymırdı.

Budapeşt neft sanksiyalarından istisna qarşılığında Vaşinqtondan bəzi kiçik silahlar almağa, ABŞ şirkətləri ilə mülki nüvə enerjisi sahəsində əməkdaşlığa da razılaşa bilər.

Orbanın 180 nəfərlik nümayəndə heyətinə bir neçə nazir, biznes liderləri və digər şəxslər daxildir. Onlar səfərə "Wizz Air" aviaşirkətindən icarəyə götürülmüş təyyarə ilə gedirlər.

Siyarto Ukraynada sülhün də danışıqların əsas mövzularından biri olacağını deyib. 2022-ci ilin fevralında Rusiya genişmiqyaslı işğala başlayandan Orbanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyib: Kiyevə hərbi yardımın əleyhinədir, üstəlik, Rusiyaya sanksiyaların qarşısını almağa çalışır.

Bu mövqeyinə görə vaxtilə Tramp ilə eyni cərgədə idi. Ancaq Putinin sülh danışıqlarında güzəştə getmək istəməməsi ABŞ liderini getdikcə daha çox narazı salıb.

Tramp oktyabrın 22-də deyib ki, Putinlə söhbətləri hər dəfə yaxşı keçir, amma nəticəsiz qalır. Bu bəyanatdan sonra yeni neft sanksiyaları tətbiq olundu, Putin isə bunu "qeyri-dost addım" adlandırdı.

Viktor Orban Brüsseldə Avropa İttifaqı Şurasının sammitdə Volodimir Zelenski ilə danışır.
Viktor Orban Brüsseldə Avropa İttifaqı Şurasının sammitdə Volodimir Zelenski ilə danışır.

Orban Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşıdır. Avqustda "Bloomberg" yazırdı ki, Tramp Orbanla əlaqə saxlayaraq Kiyevin üzvlük danışıqlarını önləməsini dayandırmağını istəyib. Nazir Siyarto isə bunu təkzib edib, belə bir telefon danışığının olmadığını deyib.

Orbanın səfəri ərəfəsində bu məsələ yenidən gündəmə gəlib. Noyabrın 4-də Ukrayna prezidenti Volodimir Zelenskidən soruşublar ki, Tramp Ukraynanın Aİ üzvlüyünü dəstəkləyirmi? O deyib ki, Tramp bu məsələni dəstəkləyir, onlar Macarıstan liderinin bəzi məsələləri bloklamasından danışıblar: "Prezident Trampdan bu məsələdə mənə dəstək olmasını xahiş etdim. O da mənə dedi ki, bu yöndə mümkün olan hər şeyi edəcək".

Orban isə elə həmin gün sosial şəbəkədə buna cavab verib: "Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmir, dəstəkləməyəcək. Çünki bu halda müharibə Avropaya gələcək, macarların pulu Ukraynaya gedəcək".

Tramp-Orban danışıqları ərəfəsində başqa bir hadisə də baş verib: noyabrın 5-də ABŞ Qlobal Media Agentliyinin rəhbəri vəzifəsini icra edən Keri Leyk Konqresə məktubunda yazıb ki, AzadlıqRadiosunun macar xidmətinin fəaliyyəti dayandırılacaq, ona maliyyə ayrılmayacaq. Səbəb kimi bu xidmətin "ABŞ milli maraqları ilə uyğun gəlməməsi" göstərilib.

Bu xidmət ABŞ Konqresinin göstərişi ilə 2020-ci ildə yenidən fəaliyyətə başlayıb.

AzadlıqRadiosunun rəhbərliyi, hələlik, məsələni şərh verməyib.

XS
SM
MD
LG