Keçid linkləri

2025, 05 Dekabr, cümə, Bakı vaxtı 22:18

Çexiyada Babişin qələbəsi Brüsselə və Kiyevə başağrısı ola bilər


ANO lideri Andrey Babiş parlament seçkilərinin ilkin nəticələrini bayram edir.
ANO lideri Andrey Babiş parlament seçkilərinin ilkin nəticələrini bayram edir.

Sağçı populist Andrey Babişin ötən həftəsonu Çexiyada seçkidə qalib gəlməsi onu Brüssel üçün daha bir problemli Mərkəzi Avropa ölkəsinə çevirə bilər. Babişin seçki kampaniyası Ukraynaya dəstəyi azaltmaq, Aİ ilə miqrasiya və ətraf mühit siyasətləri üzrə mübarizə aparmaq vədləri üzərində qurulub.

Keçmiş baş nazir və milyarder Babişə mediada bəzən "Çexiyanın Donald Trampı" deyirlər. Onun ANO (BƏLİ) partiyası seçkidə asanlıqla 35 faiz səs toplayıb.

Nəticələr bilinincə Babiş təkpartiyalı azlıq hökuməti qurmaq niyyətini açıqlayıb. Amma parlamentdə çoxluq üçün sağçı SPD daxil iki kiçik partiya ilə danışıqlar aparacağını da deyib.

AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak yazır ki, Brüsseldə hələ panika olmasa da, bəzi rəsmilər Babişin Robert Fitso və ya Viktor Orban olmadığını deyirlər.

Slovakiya və Macarıstan liderləri son illər blokda problemlər yaradıblar – Rusiyaya qarşı sanksiyaları zəiflədib, yubadıblar; Ukraynaya hərbi və iqtisadi dəstəyi, Aİ-yə üzvlük danışıqlarını yavaşladıblar; qanunun aliliyini zəiflədiblər.

Orban Avropada Babişi ilk təbrik edən lider olub.

Babiş 2017-ci ilin dekabrından 2021-ci ilin dekabrına qədər Çexiyanın baş naziri olub.

Babiş hökuməti nələrə qarşı çıxa bilər

"Globsec" təhlil mərkəzində Çexiya-Aİ siyasətini izləyən Filip Nerad AzadlıqRadiosuna deyib ki, Babiş hökuməti Aİ-nin "Yaşıl razılaşma" kimi böyük təşəbbüslərinə daha tənqidi yanaşacaq. Bu təşəbbüs 2050-ci ilə qədər blokun iqlim baxımından neytral olmasını hədəfləyir. Məqsəd iqlim dəyişikliyini önləmək üçün karbon izini minimuma salmaqdır.

O həmçinin deyib ki, Babiş gələn il qüvvəyə minəcək, Aİ-də ümumi sığınacaq sistemi yaratmağı hədəfləyən miqrasiya paktına qarşıdır.

Çexiyanın baş naziri Andrey Babiş macarıstanlı həmkarı Viktor Orbanı Praqadakı salamlayır.
Çexiyanın baş naziri Andrey Babiş macarıstanlı həmkarı Viktor Orbanı Praqadakı salamlayır.

Ancaq 71 yaşlı lider Budapeştdən və Bratislavadan fərqli mövqedə ola bilər. Bu isə Brüsselin Praqa ilə müəyyən səviyyədə əməkdaşlıq edəcəyinə ümid yaradır.

Seçkidə digər üç populist partiya – SPD, "Motoriste sobye" (AUTO) və "Staçilo!" (Yetər!) gözlənildiyindən zəif nəticə göstərib. "Staçilo!" parlamentə daxil olmaq üçün gərəkən 5 faizlik baryeri keçə bilməyib. Bu, Babiş üçün potensial koalisiya tərəfdaşının itirilməsi deməkdir.

Slovakiya doğumlu Babiş AUTO və SPD partiyalarının siyasi dəstəyi ilə yalnız ANO nazirlərindən ibarət azlıq hökuməti qurmaq istəyə bilər. Amma təhlilçilər partiyalar arasında danışıqların çətin olacağını deyirlər.

Prezident amili

Hökuməti zəif və qeyri-sabit olarsa, Babiş hakimiyyətdən getməkdə olan ənənəvi partiyalara üz tutmaq məcburiyyətində qala bilər.

Digər tərəfdən, seçki kampaniyası dövründəki ritorikası tez-tez Aİ-yə qarşı yönəlsə də, çexlər arasında populyar olan, Babişi balanslaşdıra biləcək qərbyönlü prezident Petr Pavellə yanaşı işləmək üçün mərkəzə meyllənməyə məcbur qala bilər.

Pavel böyük gücə malik deyil, amma kabinet nazirlərini o təsdiqləyir. O artıq bildirib ki, Babişin hökumətini təsdiqləmək üçün heç bir "antisistem" namizədi qəbul etməyəcək.

ANO-dan Karel Havliçek Adam Voytex daha öncə nazir postlarında Brüsseldə yaxşı qəbul olunublar.

Babişin özünə gəlincə, praktik səbəblərdən Qərbə yaxın qalmaq istəyir.

Kənd təsərrüfatı və mediadakı biznes maraqları Avstriya və Almaniyaya bağlıdır, Aİ-nin ayırdığı puldan asılıdır.

Babiş Çexiyanın NATO qarşısında öhdəliyinə əməl edəcəyini vəd edib.

XS
SM
MD
LG