Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 15:32

Macarıstan da 'Antifa'nı terrorçu elan edir


"Antifa" yürüşü
"Antifa" yürüşü

Macarıstanın baş naziri Viktor Orban "Antifa" hərəkatını terrorçu elan edib.

Orban Facebook səhifəsində yazıb ki, hökumət sentyabrın 23-də iclasında bu qərarı verib. Vaxtilə Avropanın sülh və təhlükəsizlik adası olduğunu deyən baş nazir hazırda iqtisadi problemlər, miqrasiya və cinayətlər üzündən durumun dəyişdiyini yazıb. Onun fikrincə, bu, aqressivliyi artırır və bu da siyasətdə getdikcə daha çox özünü göstərir.

V.Orban qeyd edib ki, Macarıstanda cinayət törətmiş "Antifa" üzvləri həbs olunublar, amma bu, kifayət etmir. Baş nazirin qənaətincə, "Antifa" və ona bağlı törəmə qurumların solçu terror təşkilatları olduğunu açıq bəyan etmək lazımdır. Orban əlavə edib ki, Macarıstan hökumətinin terrorçu saydığı təşkilatların siyahısı hazırlanacaq.

Tramp antifaşistlərə qarşı

Həftənin əvvəlində ABŞ prezidenti Donald Tramp "Antifa"nı "daxili terrorçu təşkilat" elan edən fərman imzalayıb. Maliyyə naziri Skott Bessent bu həftə deyib ki, administrasiya bu təşkilatı maliyyələşdirənləri araşdıracaq və zorakılıq hərəkətlərinə görə məsuliyyətə cəlb edəcək.

Bu ayın əvvəlində mühafizəkar aktivist Çarli Kirkin qətlindən sonra Tramp sol-qanad qruplara qarşı tədbirlər vəd edib.

Anlamı "antifaşist" olan "Antifa"nın Kirkin qətlinə bağlılığına açıq sübut yoxdur. Qətlin motivi bəlli deyil. İttiham olunan Tayler Robinsonun istintaqla əməkdaşlıq etmədiyi xəbər verilir.

"Antifa" ənənəvi mənada təşkil olunmuş siyasi qrup deyil. Aydın strukturu, lideri olmayan hərəkatdır.

"Reuters" yazır ki, FTB-nin keçmiş direktoru Kristofer Rey "Antifa"nın vahid qurumdan çox, faşizmə və ağların üstünlüyə qarşı ideologiya kimi qəbul edilməli olduğunu deyir. Bu səbəbdən ABŞ Konstitusiyasına Birinci Düzəliş çərçivəsində ifadə azadlığı hüququna malikdir.

"Antifa"nın kökləri 20-ci əsrin əvvəllərində Avropada antifaşist hərəkatına gedib çıxır. Bu hərəkat bir-birindən asılı olmayan yerli qruplar şəklində fəaliyyət göstərir.

İndiyədək ABŞ-də "Antifa" ilə əlaqələndirilən terror hadisəsi qeydə alınmayıb. Tramp isə onu 2020-ci ildə Cord Floyd etirazlarında da "daxili terror təşkilatı" elan etmək istəyirdi.

Hüquq ekspertləri bildiriblər ki, "daxili terrorçuluq" təsnifatı hüquqi və konstitusion baxımdan birmənalı olmaya, həyata keçirilməsi çətin ola, ifadə azadlığı ilə bağlı narahatlıqlar yarada bilər. ABŞ qanunlarına görə, bir ideologiyaya bağlılıq cinayət sayılmır.

XS
SM
MD
LG