Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:48

Hökumət 300-400 bal toplayanlarla nə etmək istəyir? [video]


Qanun dəyişir- tələbə olmağın testdən kənar yolu
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Qanun dəyişir - tələbə olmağın testdənkənar yolu [A-Live]

"Təhsil haqda qanun"a dəyişiklik təklif olunur. 300-400 arası bal toplayıb, amma müsabiqədən keçə bilməyən abituriyentlər ali məktəblərin hazırlıq kursuna qəbul olunacaqlar. Bir illik kursu bitirənlər buraxılış imtahanından keçsələr tələbə hüququ qazanacaqlar. Əgər, qanuna dəyişikliklər təsdiqlənsə..

Təhsil ekspertləri bu dəyişimin əleyhinədirlər. Buraxılış imtahanlarının şəffaf keçirilməsinə, tapşırıq, rüşvət kimi halların olmayacağına şübhə edirlər.

Qanuna dəyişiklikləri iyunun 7-də Milli Məclisin təhsil komitəsi qəbul edib. Elm və Təhsil Komissiyasının sədri İsa Həbibbəyli yerli mediaya müsahibəsində bu dəyişimləri abituriyentlər üçün ədalətli qərar sayır:

Buna da bax:​ Dövlət qulluğunda keçid balları aşağı salınıb

Elm və Təhsil Komissiyasının sədri İsa Həbibbəyli
Elm və Təhsil Komissiyasının sədri İsa Həbibbəyli

“Fikrimcə, belə abituriyentlərin birillik hazırlıq qruplarında təhsilini bir qədər də artırdıqdan sonra ali məktəb tələbəsi hüququ qazanması çox ədalətli iş olardı.

Hazırlıq qruplarına tələbə qəbulunun test üsulu üzrə imtahanların nəticələrinə görə aparılması nəzərdə tutulduğu üçün bu qruplarda qəbul zamanı şəffaflıq tam təmin ediləcək”.

Azərbaycanda ali məktəblərə test üsulu ilə qəbul 1992-ci ildə başlanıb. Həmin illərdə təhsil naziri olan Firudin Cəlilov deyir ki, test üsulu ali məktəblərə qəbulda rüşvət, tapşırıq kimi bir çox halların qarşısını ala bildi. Bu baxımdan o hazırlıq kurslarına qəbulu keçmişə qayıdış kimi dəyərləndirir.

Buna da bax: Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlanıb

“Burada artıq qəbulun iki başı görsənir. Birincisi testlə qəbul, digəri “həsir-basma, dolan gəl” – yəni, hazırlıq kursları. Bir il hazırlıq kurslarına pul ödəyir, müxtəlif yollarla buraxılış imtahanlarından keçib, olur universitetin tələbəsi… Yəni, köhnə sistem yavaş-yavaş gətirilir meydana”.

Ekspertlər qanuna dəyişimin mahiyyətini sadə dildə belə açıqlayırlar. Deyirlər ki, tutalım keçid balı 500 bal olan tibbi universitetinin müalicə işi fakültəsinə 350 bal toplayan abituriyent qəbul ola bilmir. O, universitetin nəzdindəki hazırlıq kurslarında bir il oxuyub, buraxılış imtahanı verir. İmtahandan keçsə həmin fakültənin tələbəsi olmaq hüququ qazanır.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix üzrə fəlsəfə doktorantı Kamran Əsədov hesab edir ki, qanun dəyişikliyin məqsədlərindən biri də ali məktəblərin gəlirlərinin artırılmasıdır:

Buna da bax:​ Ş.Əsgərov: 'Gənclərin təhsilindən pul qazanmağa yaxşı baxmıram'

Kamran Əsədov
Kamran Əsədov

“Ali məktəblərin nəzdində yaradılacaq hazırlıq kursları bizim bu gün gördüyümüz repetitor, hazırlıq mərkəzlərinin bir növüdür. Son illər ali məktəblərə qəbul plan yerləri boş qalır. Bununla da ali təhsil müəssisələri gəlirlərdən məhrum olurlar. Düşünürəm ki, bu addımı atmaqla universitetlərin gəlirlərinin artırılması məqsədini güdürlər”.

Kamran Əsədov düşünür ki, ali məktəblərin hazırlıq kurslarını bitirənlər yenidən qəbul imtahanlarına qatılıb, yuxarı bal topladıqları halda bir baş ikinci kursa daxil olmaları daha ağlabatan olardı.

Niyə qəbul imtahanı yox, məhz buraxılış imtahanı keçirilir? Hazırlıq kurslarına qəbul olunanların təhsil haqqı nə qədər olacaq? Qanun qəbul olunacağı halda bu və digər suallara aydınlıq gətirməsi üçün Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli ilə əlaqə saxladıq. O, bununla bağlı yerli mediaya məlumat verdiyini əsas gətirərək, sualları cavablamadı:

Buna da bax:​ "Orta məktəblərin verdiyi təhsil bəs eləmir"

“Bu haqda yerli mediada ətraflı açıqlamalar, müsahibələr vermişik”.

Keçmiş təhsil naziri Firudin Cəlilov deyir ki, testlə qəbulun əsas məqsədi şəffaflıq idi. İndi bu şəffaflıq qismən məhdudlaşdırılır:

Professor Firudin Cəlilov
Professor Firudin Cəlilov

“Biz çox çətinliklə test sistemini gətirdik. O vaxt bunun əleyhinə çıxanlar çox idi. Amma biz buna nail olduq. Testin gətirilməsinin bir amalı vardı – imtahanların ədalətli olması. Ona qədərki imtahanlarda hər kəsə bəllidir ki, siyahılar tutulurdu, tapşırıq vardı, imkanı olanlar ali məktəbə girirdi. İmkansız, savadlılar qalırdı kənarda”.

Buna da bax:​ 'Təmayül siniflər repetitorluğu aradan qaldırmayacaq'

Amma Firudin Cəlilov deyir ki, məqsəqləri bir neçə ildən sonra bu test sisteminin daha da təkmilləşdirilməsi idi. O təəssüflə bildirir ki, ötən dövrlərdə bu heç bir islahatlar olmadı.

Bəs, Bakı sakinləri bu haqda nə fikirləşir? Test üsulunun üstünlüyü nədir, çatışmayan cəhətləri nə? Cavablara baxaq.

Sizcə test üsulunun üstünlüyü və ya çatışmayan cəhətləri nədədir? [video-sorgu]
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Hələ ki, ali məktəblərə qəbul imtahanları test üsulu ilə aparılır. Parlament təklif edir ki, bu qəbul imtahanında 300-400 bal arası toplayanlar hazırlıq kurslarına daxil olsunlar. “Təhsil haqda qanunun” 22-ci maddəsinə sözügedən dəyişimlər elm və təhsil komitəsi qəbul edib. İyun 13-də Milli Məclisin növbədənkənar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG