Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:42

'Təmayül siniflər repetitorluğu aradan qaldırmayacaq'


Azərbaycanda orta məktəb.
Azərbaycanda orta məktəb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində texniki, humanitar, riyaziyyat-iqtisadiyyat və təbiət istiqamətləri üzrə təmayüllərin təşkil edilməsi nəzərdə tutulub. Bu haqda “APA” informasiya agentliyinə idarədən deyilib.

Bu addım təhsilin keyfiyyətini artıracaqmı?

“Təhsil xidmətləri” qeyri-hökumət təşkilatının rəhbəri, tarix üzrə fəlsəfə elmləri doktoru Kamran Əsədov AzadlıqRadiosu-nun suallarını cavablandırır. Ona ilk sual da bu haqdadır.

Buna da bax:​ Qəbulda bəziləri imtahan pulu ödəməyəcək

– Kamran bəy, sizcə, təmayül siniflərin açılması təhsilin keyfiyyətini artıracaqmı? Bir də bundan sonra uşaqların repetitor yanına getməsinə son qoyulması mümkündürmü?

– Təmayül siniflərin yaradılması heç bir halda repetitorların rolunu azaltmayacaq. Qəbul imtahanlarında istifadə edilən test modellərinin istifadə dərəcəsi orta məktəblərin tədrisindən dəfələrlə yüksəkdir. 2011-ci ildə qəbul edilmiş qaydalara görə, orta məktəbdə bir sinifdə minimum 20 şagird olmalıdır. 45 dəqiqə ərzində müəllim bu qədər şagirdə lazımi biliyi çatdıra bilməz. İkincisi, orta məktəb müəllimlərinin qəbul imtahanlarına hazırlıq səviyyəsi, peşəkarlığı repetitorlardan aşağıdır. Növbəti məsələni deyim. Təcrübə üçün ali məktəblərə qəbul zamanı istifadə edilmiş test modellərini orta məktəb müəllimlərinin cavablandırmasını istəyiblər. Nəticədə, Azərbaycan dili müəllimlərinin test modellərinə verdiyi cavab 30 faiz həcmində olub. Təsəvvür edin, onların şagirdlərinin verdiyi cavab 80-90 faiz olub, müəllimlərin göstərdiyi nəticə 30-35 faiz. Yəni müəllimlər, şagirdlərdən fərqli olaraq, testlərin incəliklərini mənimsəmirlər. Buna görə də deyirəm ki, heç bir halda, təmayül siniflərin yaradılması repetitorluğu aradan qaldırmayacaq. Buna təsir göstərən səbəblərdən biri müəllimlərin əmək haqqının çox aşağı olmasıdır.

Buna da bax: İmtahan Mərkəzi abituriyentlərə bu il niyə iki şans verir? [video]

Təhsil üzrə ekspert Kamran Əsədov.
Təhsil üzrə ekspert Kamran Əsədov.

– Təmayül siniflərin yaradılmasının hansı təsirləri ola bilər?

– Bu cür siniflərin yaradılması şagirdlərin bilik və bacarıqlarının artmasına, bir də əlavə fənlərdən uzaqlaşmasına, dərs yükünün yüngülləşməsinə gətirəcək. Bu, heç bir halda, repetitorluğu aradan qaldırmayacaq. Repetitorluq Azərbaycan təhsilinin bəlası deyil. Bu gün Azərbaycanda ali məktəblərə qəbul zamanı əldə edilmiş nəticələr Azərbaycan təhsilinin yox, repetitorların nəticəsidir. Bir misal. Ali məktəblərin magistratura pilləsinə 3 fəndən qəbul aparılır: məntiq, informatika, xarici dil. Məntiq ali məktəblərin bakalavr pilləsində tədris olunmur. Amma magistraturaya imtahanda riyazi məntiq, akademik ingilis dili, proqlamlaşdırma səviyyəsində informatika fənnini bilmək tələb olunur. Tədris edilməyən materialdan imtahan keçirilir. Bu da tələbələri kütləvi şəkildə repetitor yanına yönləndirir. Biz həqiqətən də repetitorluğu ləğv etmək istəyiriksə, qəbul imtahanlarını ləğv etməliyik. Bu da mümkün deyil. Biz qəbul imtahanı olmadan tələbələri universitetlərə götürsək, nəticələri ürəkaçan olmayan şagirdlərimizin bilik səviyyəsi daha da aşağı düşəcək. Qəbul imtahanlarında iştirak edənlərin 65 faizi 0-200 bal toplayır. Hazırlıq səviyyəsi çox aşağıdır! Yalnız 35 faiz keçid balını toplayır. Yaxşı olardı ki, islahatları keyfiyyətyönümlü gerçəkləşdirsinlər. Təkcə təmayül sinifləri yaratmasınlar. İl ərzində müəllimlərin də peşəkarlıq səviyyəsinin artırılması üçün attestasiya keçirilsin. Amma bunun da qarşısını alan əməkhaqlarının azlığıdır. Ümumilikdə hesab edirəm ki, təmayül siniflərin yaradılması müsbət haldır, şagirdlər əlavə dərslərdən azad olacaq, öz ixtisasları üzrə hazırlaşmaq imkanları artacaq. Ancaq eyni müəllimlərlə eyni qaydada fərqli nəticə əldə etmək çətin olacaq.

Buna da bax:​ Ş.Əsgərov: 'Gənclərin təhsilindən pul qazanmağa yaxşı baxmıram'

– Bəs siz nə təklif edirsiniz?

Kamran Əsədov: '45 dəqiqə ərzində müəllim bu qədər şagirdə lazımi biliyi çatdıra bilməz'
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00
Direct-ə keçid

– Biz orta məktəbi repetitorlardan azad etmək istəyiriksə, qəbul imtahanları sadələşdirilməlidir. Bu gün dörd ixtisas qrupu var. Tutalım, üçüncü qrupa imtahan verən abituriyent hüquqşünas olmaq istəyirsə, onun riyazi biliklərini yoxlamaq lazım deyil, onun tarixi və hüquqi biliklərini yoxlamaq lazımdır. Yaxud birinci qrupa imtahan verən bir nəfər riyaziyyat müəllimi olmaq istəyirsə, onun dil biliklərini yoxlamaq lazım deyil, zatən həmin bilikləri məktəbdə öyrənib. Biz istəyirik ki, tələbə ali məktəblərə hazır kadr kimi getsin. Buna görə də qəbul imtahanları sadələşdirilməlidir. Bu, şagirdləri də rahatlaşdırar. Ali məktəbə hazırlaşan şagirdlərimiz bu gün psixi baxımdan gərgindirlər, bu da imtahanların ağırlığı ilə bağlıdır. Universitetə qəbul asan olmalı, onu bitirmək çətin olmalıdır. Amma təəssüf ki, bizdə əksinədir. Bax, bu yanaşma dəyişməlidir.

– Bir çox ölkələrdə ali məktəblərə ayrıca qəbul imtahanı aparılmır, orta məktəbin buraxılış imtahanlarının nəticələrinə görə onları müxtəlif universitetlərə yerləşdirirlər. Təmayül məktəblərin yaradılması Azərbaycanda bu yöndə atılan ilk addım sayıla bilərmi?

– Bunu etmək olar. Ancaq onda gərək buraxılış imtahanlarında fənlərin sayı artırılsın. İndi ancaq riyaziyyat və Azərbaycan dilindən imtahan verilir, onda tarix və ədəbiyyatı da əlavə etmək mümkündür. Bu gün Azərbaycan məktəbini bitirib, əlində attestatı olan şəxs Türkiyənin, Gürcüstanın, Ukraynanın, hətta ABŞ-ın, Avropanın, bizim universitetlərdən qat-qat yüksək reytinqə malik ali məktəblərinə qəbul oluna bilirlər. Hesab edirəm ki, bu sistem bizdə tətbiq edilə bilər. Necə olur ki, Türkiyənin dünyada ilk yüzlükdə olan universiteti Azərbaycanın orta məktəbini bitirən şagirdini adi attestatla qəbul edə bilir, amma ilk minliyə düşməyən Azərbaycan universitetləri bunu edə bilmir? Bu, öz təhsil alanına bir inamsızlıqdır. Halbuki Konstitusiyada da, təhsil qanunvericiliyində də deyilir ki, təhsil əlçatan olmalıdır. Ali təhsillilərin sayının çox olması problem deyil. Cənubi Koreyada 90 faiz, Norveçdə 25 yaşından yuxarı hamı ali təhsillidir. Azərbaycanda əhalinin cəmi 17 faizi ali təhsillidir.

Buna da bax:​ 9-cular imtahan verir

– Bu il orta məktəblərin 9-cu sinif şagirdlərinə verilən sualların yarısı açıq idi, yəni cavablar yox idi. Dövlət İmtahan Mərkəzi (DİM) də bəyan etdi ki, bir neçə ilə bütün imtahanlarda suallar bu şəkildə olacaq. Bunu kimi 1990-cı illərdən tətbiq olunan “test sisteminin” ləğvi, kimi də “əzbərçiliyə son” kimi dəyərləndirir. Siz nə düşünürsüz?

– Burda iki yanaşma var. Açıq test modelləri, ənənəvi qapalı test modellərindən fərqli olaraq, cavabsızdır. Şagird cavabını bilirsə, yazır. Müsbət tərəfi odur ki, abituriyent necə gəldi, şansa cavab seçmir. Amma məsələnin ikinci tərəfi də var, təəssüf ki, DİM 9 illik buraxılış imtahanlarında açıq test modellərini tətbiq edəndə bir şeyi unutmuşdu. Azərbaycan məktəbləri 2009-cu ildən kurrikulum sisteminə keçib. Həmin vaxt birinci sinfə gedənlər bu il 9-da oxuyurlar. Onlar 9 ildə məktəbdaxili qiymətləndirmə zamanı, yəni kiçik və böyük summativləri verərkən qapalı testlərlə işləyiblər. Bizdə bəzən yalnız ali məktəblərə imtahan zamanı açıq test sistemindən istifadə olunub. Nəticə də budur ki, qəbulda iştirak edənlərin 14 faizi açıq test modellərinə doğru cavab verirlər. 80 faizdən çoxu cavab verə bilmir. O uşaqlar ki, ali məktəbə yüksək səviyyədə hazırlaşıblar. İkincisi, bu il 9-cu sinfi 130 min nəfər bitirir. Ancaq DİM-in monitorinqlərindən sonra yalnız 80 minədək şagirdin açıq test modelindən xəbəri var. Bəs yerdə qalan 50 min?.. Ümumiyyətlə, orta məktəblərdə attestasiya zamanı minimum biliklər yoxlanmalıdır. Halbuki Dövlət İmtahan Mərkəzi maksimum şəkildə yoxlayır. Zəif bilən 3 alır, yaxşı bilən 5 alır. Bu yanaşma dəyişməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG