Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:15

Ş.Əsgərov: 'Gənclərin təhsilindən pul qazanmağa yaxşı baxmıram'


Şahlar Əsgərov
Şahlar Əsgərov

Martın 6-da Tarif Şurası tələbə qəbuluyla bağlı ödənişli xidmətlərin qiymətlərini müəyyən etdi. Tariflər 9 qrup üzrə dəyərləndirilməklə imtahanın növündən asılı olaraq, 10-100 manat arasında dəyişəcək.

Qərara görə, orta ixtisas təhsili müəssisələrinə test imtahanında 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə imtahanda isə 40 manat ödəmək lazım gələcək.

Buna da bax-Abituriyentə ikinci şans verilir

Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının qiyməti isə 50 manat (ikinci mərhələdə 60 manat), tibb təhsili əsasında rezidenturaya qəbul imtahanında ödəniş 60 (ikinci mərhələdə 100) manat müəyyən edilib.

Orta ixtisas təhsil müəssisələrinə ilk dəfə qəbul imtahanı verənlər ödəniş etməyəcəklər, bu ödənişi dövlət üzərinə götürəcək. Bundan başqa, ali təhsilin bakalavriat (eləcə də, tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə ilk dəfə imtahan verənlər də ödəniş etməyəcəklər. Bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Bakı Dövlət Universitetinin müəllimi, professor, parlamentin Təhsil komissiyasının keçmiş sədri Şahlar Əsgərov bəzi imtahanların ödənişli olmasını müsbət qarşılamır. O bununla bağlı AzadlıqRadiosuna deyir:

– Buna müsbət baxmıram. Xüsusilə təhsil sahəsindən, gənclərin gələcək karyerasına getdiyi yoldan pul qazanmağa yaxşı baxmıram. İstənilən dövlət, o cümlədən Azərbaycan dövləti büdcəsindən təhsilə vəsait ayırır. Bütün bu ödənişlər də həmin büdcədən təmin edilməlidir. Mənim yanaşmam belədir. Tələbələrdən imtahan haqqı alınması haqda qərarı bəyənmirəm.

- Belə yanaşmalar da var ki, övladını repetitor yanına göndərən valideyn imtahan üçün gərəkli məbləği də tapacaq. Üstəlik də, bu məbləğin çox da yüksək olmadığını deyirlər.

- Bəyəm bizim pulsuz yaxşı məktəbimiz var? Bəyəm biz kefimizdən repetitorun yanına gedirik? Bu sözbazlıqdır. Repetitorun yanına da uşaqlar əlacsızlıqdan gedirlər. Birtəhər pul tapıb uşağı göndərirlər müəllim yanına. Elə indi də imtahan verəndə o pulu tapıb ödəyəcəklər. Bu da əlacsızlıqdan olacaq. Amma bunun fəsadları ola bilər. Ölkənin ümumi intellektual səviyyəsini aşağı sala bilər. Bundan qorxuram mən. Mən istəyirəm ki, Azərbaycan gəncliyi savadlı olsun. Buna görə də gəncliyin qarşısında yol açmaq lazımdır, əksinə, yeni baryerlər yaratmaq lazım deyil.

- Şahlar müəllim, maraqlanmısızmı başqa ölkələrdə durum necədir? Orda ali məktəbə qəbul imtahanı üçün ödəniş edilirmi?

- Ölkədən ölkəyə fərq var. İkincisi də, mənim dəqiq araşdırmalarıma görə, ölkələri müqayisə etmək qüsurlu haldır. Misal üçün, Azərbaycanı ABŞ-la, ya da Finlandiyayla müqayisə etmək qüsurlu haldır. Çünki Finlandiyada adambaşına düşən ümumdaxili məhsulla insan potensialının inkişaf indeksi yaxındır. Yəni o ölkələri müqayisə etməlisən ki, orda ümumdaxili məhsulla inkişaf indeksi başqası ilə yaxın olsun, bənzər olsun. Yoxsa Azərbaycanı İsraillə də müqayisə etmək olmaz, Finlandiyayla da. Azərbaycanı müqayisə edə bilərsən Gürcüstanla... Rusiyayla, Türkiyəylə də müqayisə etmək olar. Ancaq yenə də bütün müqayisələr qüsurludur.

Osman Gündüz
Osman Gündüz

«TARİFLƏR YÜKSƏKDİR»

İmtahanların ödənişli olması sosial şəbəkələrdə də müzakirə olunur. Məsələn, Osman Gündüz Facebook səhifəsində yazır: «Düşünürəm ki, Tarif Şurasının imtahanlara giriş üçün müəyyən etdiyi tariflər xeyli yüksəkdir. Mən də heç bu qədər gözləmirdim. Əlbəttə, imtahanların təşkili ilə bağlı bəlli bir xərclər var. Kimsə bir neçə dəfə imtahan verəcəksə, müəyyən xərcləri qarşılaması məntiqlidir. Təbii ki, burada hansısa dövlət qurumunun gəlir əldə etməsindən söhbət gedə bilməz.

Bununla belə, fikrimcə, bu məsələyə yalnız «xərclərin qarşılanması» baxımından yanaşmaq da doğru olmazdı. Düşünürəm ki, bu problemin həllinə təhsil sahəsində milli maraqlarımız baxımından, təhsil almaq istəyənlərin start vəziyyətlərinin uyğun olması baxımından yanaşmaq, sosialyönümlü yanaşmaq doğru olardı.

Məhz bu prinsiplər nəzərə alınmaqla Prezidentin bir müddət öncə təsdiqlədiyi Sərəncama uyğun olaraq, ilk dəfə imtahan verənlərin də xərclərini dövlət öz üzərinə götürüb.

Ümid edirəm ki, təhsilin inkişafına cavabdeh qurumlar bu məsələni yenidən gündəmə gətirəcəklər və Tarif Şurası tariflərə yenidən nəzər salacaq».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG