Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00

Abituriyentə ikinci şans verilir


İmtahan

Azərbaycanda abituriyentlər ali məktəblərə bir ildə iki dəfə imtahan verə biləcəklər. Bununla bağlı ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, cari ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə biləcəklər. Abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyənləşdirəcək.

«BUNDAN DÖVLƏTƏ MÜƏYYƏN MALİYYƏ GƏLƏCƏK»

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bu addımı pozitiv sayır. Deyir ki, kimsə xəstəlik üzündən və ya hər hansı bir səbəbdən imtahana gəlməyə, qəbul imtahanına yaxşı hazırlaşmaya bilər: «Üstündən bir neçə ay keçəndən sonra o, hazırlaşıb daha yaxşı nəticə əldə edə bilər, bu mümkündür. Bununla da, abituriyentə bir yox, iki dəfə şans veriləcək».

Nabatəli Qulamoğlu: “Abituriyent bir yox, 2 dəfə şansını sınaya biləcək. Bundan dövlətə müəyyən maliyyə gələcək”
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
Direct-ə keçid

Ekspertin sözlərinə görə, vaxtilə ali məktəblərə qəbul imtahanı dövlətin hesabına aparılırdı və ona görə də artıq xərclərə yol verilmirdi. Amma indi durum dəyişib: «Artıq maliyyə dövlətin yox, vətəndaşların üzərindədir. Dövlət İmtahan Mərkəzi artıq hüquqi şəxsdir və imtahanları abituriyentlərin öz hesabına aparacaq. Abituriyent bir yox, iki dəfə şansını sınaya biləcək. Üstəlik də, bundan dövlətə müəyyən maliyyə gələcək. Bu qərara neqativ baxmağa dəyməz».

Altay Göyüşov
Altay Göyüşov

DÖRD İL ÖNCƏKİ TƏKLİF

Mütəxəssislər də dəfələrlə qəbul imtahanlarının ildə bir neçə dəfə keçirilməsi təklifiylə çıxış ediblər. Onlardan biri də Bakı Dövlət Universitetinin keçmiş müəllimi Altay Göyüşovdur. O, dörd il öncə Facebook səhifəsində yazırdı: «Qəbul imtahanlarının cəmi ildə bir dəfə keçirilməsi tamamilə səhvdir. Allah eləməmiş, oradan kimsə anlaşılmazlıq üzündən çıxarıla bilər. Həmin gün kiminsə içəridə qarnı, başı, dişi ağrıya bilər. Səhər imtahana gələndə maşın, avtobus qəzaya uğrayar. Adamın evdə nənəsi, babası rəhmətə gedə bilər və sair və ilaxır. Stressi təsəvvür edirsiniz?

Buna da bax-Azərbaycanda ali təhsil: Rentgen deyil, adi gözlə baxanda... (1-ci yazı)

Ali məktəbə qəbul üçün nəzərdə tutulan ümumi hazırlığı qiymətləndirən imtahanları bir yox, bir neçə dəfə vermək üçün şərait yaratmaq lazımdır. Sıxma-boğma ilə idarə edib, uğura cəhd göstərmək köhnənin səsidir. Dünyanın fəlsəfəsi başqadır indi.

Məsələn, Amerikada SAT və ACT-ni bir neçə dəfə verə bilərsən, hər dəfəsinə təxminən 50 dollar pul keçirməklə. Universitetə isə topladığın ən yüksək balları göndərirsən. Fərq yalnız ondadır ki, prestijli universitetlər bir oturumdakı ən ümumi yüksək balı istəyirlər, bəziləri isə ayrı-ayrı oturumlarda ayrı-ayrı fənlərdən yığılan ən yüksək balları göndərməyi məqbul sayırlar».

Asif Cahangirov
Asif Cahangirov

«MÜKƏMMƏL TƏHSİL VERİLMƏLİDİR»

Abituriyentlərə ikinci şansın verilməsi yaxşıdır, amma bu da tələbələrin sayının artması deyilmi? Təhsil üzrə ekspert Asif Cahangirov tələbə sayının artmasından narahat olmağa və ya qorxmağa ehtiyac görmür. O, sadəcə, bu yerdə başqa bir məqamı xüsusi vurğulayır: «Əsas odur ki, tələbələrə keyfiyyətli təhsil verilsin. Mənim dostum, təhsil eksperti Şahlar Əsgərovun gözəl sözü var: «Universitetlərin qapıları girişdə açıq olmalı, çıxışda isə dar olmalıdır». Yəni mükəmməl təhsil alan tələbələrə diplom verilməlidir».

Buna da bax-Azərbaycanda ali təhsil: Rentgen deyil, adi gözlə baxanda... (2-ci yazı)

A.Cahangirov Azərbaycanda beynəlxalq miqyasda rəqabətqabiliyyətli təhsil müəssisələrinin sayının həddindən artıq az olduğunu və bu istiqamətdə «kəskin islahatlara» başlamağın zamanının çatdığını bildirir.

Asif Cahangirov: “Biz də inkişaf etmiş ölkələrdəki kimi ali məktəblərin qapısını abituriyentlərə geniş açmalıyıq”
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00
Direct-ə keçid

Tələbələrin sayının artması alqışlanır, bəs ali məktəblər bu qədər tələbəni qəbul etməyə, onları müəllim, texniki avadanlıqla təmin etməyə hazırdırmı? A.Cahangirov ilk illərdə tələbələrin kəskin şəkildə artacağına inanmır. «Xəstə olan, tutalım, cavabları qaralamadan köçürəndə düzgün işarələməyən abituriyentlərin sayı 10-15 faiz olacaq. Onların da, tutalım, 50 faizi qəbul olacaq, çox olmayacaq. Ancaq istənilən halda, biz də inkişaf etmiş ölkələrdəki kimi ali məktəblərin qapısını abituriyentlərə geniş açmalıyıq», – ekspert söyləyir.

BU DA NAZİRDƏN GƏLƏN TƏKLİF

Nazir Mikayıl Cabbarov təklif edir: «Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meylli olan, ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə başlaya biləcəklər».

Nabatəli Qulamoğlu zəif tələbələrin hazırlıq kurslarına yönləndirilməsini «maliyyə qazanmaq» istəyi kimi izah edir: «İndi çalışırlar ki, dövlət hesabına maliyyələşən ali məktəbləri öz hesabına keçirsinlər. Belə kurslar açılacaqsa, abituriyentlər, yəqin, müəyyən məbləğdə ödəmə edəcəklər. Güman edirəm, məqsəd maliyyə qazanmaqdır. Məcburi olmayacaq, təbii. Abituriyent imtina da edə bilər. Hələlik, detallar da yoxdur. Elə-belə təklifdir, səsləndiriblər».

Cavid İsmayıl adlı istifadəçi Facebook səhifəsində yazır: «Bu o deməkdir ki, Azərbaycanda tələbə kütləsinin sayı əhəmiyyətli dərəcədə artacaq. Ötən illərdə keçid balını 150-200 baladək aşağı salsalar da, bəzi ali məktəblərə tələbə qəbulu planı dolmadı. İndi ölkədə 150 bal toplayanların sayını daha da artırırlar. Niyəsini demirlər. Böyük ehtimalla, məqsəd təhsil haqqı ödəyənlərin sayını artırmaqla büdcəyə ödənişləri artırmaqdır. Amma kimsə orta məktəblərdən başlayaraq təhsilin səviyyəsini artırmaq barədə düşünmür...».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG