Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:05

İmtahan Mərkəzi abituriyentlərə bu il niyə iki şans verir? [video]


Tələbə qəbulunda nələr dəyişib?
Gözlə

No media source currently available

0:00 0:15:35 0:00

Tələbə qəbulunda nələr dəyişib? [video]

Nazirlər Kabineti ali və orta ixtisas məktəblərinə qəbul və buraxılış imtahanları ilə bağlı yeni qaydalar qəbul edib.

Abituriyentlərin sualları bitib, tükənmir

Nə dəyişib, necə dəyişib, indi necə olacaq? Azərbaycan dilindən repetitor Qönçə Qədirli deyir ki, abituriyentlərin sualları bitib, tükənmir:

“Biz də dəqiq, ətraflı məlumat olmadığı üçün onların suallarını cavablaya bilmirik. Əsas suallar imtahanlarla bağlıdır. Yeni qaydalara görə imtahanlar iki mərhələdə olacaq. Abituriyentlər bilmək istəyir ki, bu imtahanların hansı əsas götürüləcək. Hər ikisinə qatılmaq şərtdir, yoxsa biri sınaq əhəmiyyəti daşıyır. İmtahanlar nə vaxt olacaq”.

Buna da bax:​ Abituriyentə ikinci şans verilir

Özəlliklə, 9-cu siniflərin həyəcanı artıb. Günay Əliyeva deyir ki, imtahanlara az vaxt qalmış qaydaları dəyişmək onun imtahan həyəcanını daha da artırıb. Üstəlik, yeni qaydalardan sonra bəlli olub ki, cəmi bir aydan sonra imtahanlardır.

Bütün bu suallar və narahatlıqlarla bağlı Dövlət İmtahan Mərkəzi AzadlıqRadiosu-nun suallarını cavablayıb.

Qaydalar kökündən dəyişilir...

Əvvəla onu deyək ki, Nazirlər Kabineti fevralın əvvəlində orta ixtisas təhsil müəssisələrinə, ali təhsilin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını dəyişib.

Buna da bax: İmtahanlara da Tarif Şurası qiymət qoya bilər

Ali təhsillə bağlı əsas yenilik odur ki, əvvəllər abituriyentlərin ildə bir dəfə imtahan vermək şansı varıydısa, bundan sonra onların ildə iki dəfə imtahana qatılmaq şansları olacaq. Dövlət İmtahan Mərkəzinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, imtahanlar may və iyul aylarında olacaq. Abituriyent istəsə bir, istəsə hər iki imtahana da qatıla bilər. Hansı imtahan nəticəsini istəsə, abituriyent onlardan birini təqdim edə bilər:

“Bizə çoxlu müraciətlər daxil olurdu. Əvvəlki illərdə biz may ayında ötən illərin məzunları, iyul ayında isə cari ilin məzunları üçün qəbul imtahanları təşkil edirdik. Ötənilki məzunlar hansısa bir səbəbdən imtahana qatıla bilmirdi, bizə müraciət edirdilər ki, iyul ayındakı imtahanlarda iştiraklarına şans yaransın. Və ya ilk dəfə imtahana girən məzun həyəcanlanırdı, onlar da istəyirdi ki, may ayındakı imtahanlara da qatılsınlar. Və ya hansısa bir hadisədən dolayı imtahanda iştirak edə bilməyənlər olurdu. Bu baxımdan iki dəfə imtahanlara qatılmaq abituriyentlər üçün şansdır”.

Buna da bax:​ İmtahanlar birləşdirilir

Əsas şərtdən biri odur ki, abituriyent hər iki imtahana eyni ixtisas qrupu üzrə qatıla bilər.

"Tələbə qəbulu sahəsində islahatlara ehtiyac var"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş rəhbəri Vurğun Eyyub düşünür ki, tələbə qəbulu sahəsində islahatlara ehtiyac var. O, tələbəyə ildə iki dəfə şans verilməsi haqda qərarı təqdir edir. Amma deyir ki, əsas narahatlıq doğuran məqam keçid balları ilə bağlıdır. Onun fikrincə, 280-dən aşağı bal toplayanlar ümumiyyətlə müsabiqəyə buraxılmamalıdırlar:

“Mən auditoriyaya daxil oluram, bir hissəsi 500-dən yuxarı bal toplayanlardı, bir hissəsi isə 200-250 arası bal toplayan. 250 ballıq bilik səviyyəsi olanlar üçün dərsi qurursan, bu zaman digərləri etiraz edir ki, biz bunu bilirik, niyə vaxtımızı alırsız? 500 ballıq üçün dərsi qurursan, o biriləri tədrisin çətinliyindən şikayət edir. Müəllim də iki yerə bölünə bilməz. Bu, ciddi problem yaradır”.

Buna da bax:​ Buraxılış və qəbul imtahanları birləşdirilə bilər, amma...

Bir çox ekspertlər universiteti doldurmaq hesabına keçid ballarını aşağı salmağı düzgün hesab etmirlər.

Yeni, qaydalara görə...

Daha bir və xeyli suallar doğuran məqam – 9-cu siniflərin buraxılış imtahan qaydalarının dəyişməsi ilə bağlıdır. Yeni, qaydalara görə şagirdlər iki mərhələdə imtahan verəcəklər. I mərhələdə şagirdlərə riyaziyyatdan 10, ana dilindən 20 sual təqdim olunacaq. Ana dilindən 10 sual istisna olmaqla bütün suallar açıq olacaq, yəni şagirdlərə mümkün cavab variantları verilməyəcək. Şagirdlər özləri cavab yazmalıdırlar. Elə bu məqam nəticələrin yoxlanmasında insan müdaxiləsinin mümkünlüyü ehtimalını artırıb. Amma Xanlar Xanlarzadə bu fikirlə qəti razılaşmır. Deyir ki, cavabları iki müxtəlif – bir-birlərini tanımayan müəllim yoxlayacaq. Onların qiymətləndirməsində hər hansı fərq olarsa, cavablar 3-cü bir müəllimə göndəriləcək:

“2008-ci ildən Azərbaycan ümumi təhsil məktəblərində kurrikulum sistemi tətbiq olunub. İndi həmin şagirdlər bu il 9-cu sinfi bitirir. Ona görə də onların bilik və bacarıqlarının yoxlanması köhnə alətlərlə, köhnə sistemlə mümkün deyil. Ona görə də yeni sistem yaradılıb”.

Buna da bax:​ İmtahan ödənişinin məbləği 15 günə bilinəcək

9-cu siniflər üçün ilk buraxılış imtahanları mart ayında, ikinci mərhələ isə iyunda tədris ilinin sonunda olacaq. İlin sonundakı imtahanlarda bir yenilik yoxdur. Həmişəki kimi ana dili və riyaziyyatdan şagirdlərə 60 test tapşırığı veriləcək.

Ali məktəblərə tələbə qəbulunda sizcə nələr çatmır, nələr dəyişsə, ürəyinizcə olar? Sualı Bakı sakinləri cavablandırır:

Sizcə, ali məktəbələrə tələbə qəbulunda nə çatmır?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Nazirlər Kabineti magistratura və rezidenturaya qəbul qaydalarını da dəyişib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG