Keçid linkləri

2024, 07 İyun, Cümə, Bakı vaxtı 01:46

Azərbaycan xəbərləri

N.Məmmədov: Avropa ilə əlaqələr normaldı

Novruz Məmmədov
Novruz Məmmədov

-

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov APA-ya deyib ki, Avropa Birliyi ilə münasibətlər normaldı. Azərbaycan istəyir ki, münasibətlər bərabərhüquqlu, ədalətli olsun:

“Şükür ki, son zamanlar bu istiqamətdə Azərbaycanla Avropa Birliyi arasında anlaşma var. Son illər gedən prosesin nəticəsi olaraq, ən azı Şərq Tərəfdaşlığına üzv olan dövlətlərin içərisində hərə öz yolunu seçdi"

N.Məmmədov əlavə edib ki, Azərbaycanla Avropa Birliyi arasında müəyyən əməkdaşlıq əlaqələrinin inkişafını özündə əks etdirən bir sənəd üzərində iş gedir:

"Düşünürəm ki, müəyyən bir zamanda bu, həyata keçiriləcək və Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın gələcəyini təmin edəcək. Artıq mənim buna şübhəm yoxdur. Çünki az əvvəl Avropa Birliyinin xarici siyasət və enerji məsələləri üzrə komissarları ölkəmizə gəldilər və münasibətlərin mahiyyəti ilə bağlı öz mövqelərini ortaya qoydular. Təkcə söz və bəyanatlar deyil, "Cənub Qaz Dəhlizi" ilə bağlı atılan addımlar da bunu göstərir. Azərbaycanın Qərblə münasibətlərində müəyyən məsələlər olub, bu gün bu məsələlərin hamısı aradan qalxmaq üzrədir".

Hazırda Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi Azərbaycanda səfərdədir. O, prezident və Xarici İşlər naziri ilə görüşüb.

Azərbaycan Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində Şərq Tərəfdaşlığı proqramında iştirak edir. Bu proqramın əsası 2009-cu ildə Praqada qoyulub.

Azərbaycan Avropa Birliyinin ondan insan haqları sahəsində tələblərindən qıcıqlanır və ölkədə siyasi məhbus olmadığını deyir.

Avropa Parlamenti isə Azərbaycanı sərt tənqid edən qətnamə qəbul edib.

Bütün xəbərləri izləyin

Alya Yaqublu polisdə ifadə verib

Alya Yaqublu
Alya Yaqublu

Jurnalist Alya Yaqublu iyunun 6-da Bakı Şəhər Baş Polis İdarəsində "ToplumTV işi" üzrə şahid qismində ifadə verib.

Bu barədə onun özü jurnalistlərə danışıb.

O qeyd edib ki, suallar barədə istintaq sirri olduğu üçün ətraflı məlumat verə bilmir: "Amma sualların çoxu absurd və işə heç bir aidiyyəti olmayan idi".

A.Yaqublunun fikrincə, bu, işin qurama və saxta olduğunu göstərir.

"Ölkədə bu qədər qanunsuzluqlar var ikən, ölkə korrupsiya bataqlığında ikən hüquq-mühafizə orqanları bir ovuc jurnalistin və bir neçə siyasi fəalın, guya ki, cinayət törətməsi ilə bağlı yekə bir proses başladıb saatları bunlara sərf edirlər...", - o vurğulayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə danışmaq mümkün olmayıb.

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda aralarında ToplumTV, AbzasMedia nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20 civarında jurnalist, ictimai fəal həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Azərbaycanda rus dilinin onlara lazım olacağını bilirlər - Putin

Vladimir Putin
Vladimir Putin

"Mən bilirəm ki, prezident Əliyev respublikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir".

Bunu Rusiya prezidenti Vladimir Putin iyunun 5-də beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

"Bu, bütün vektorlar üzrə müşahidə edilir. Bu, nədən xəbər verir? Bu, ondan xəbər verir ki, Azərbaycan rəhbərliyi Azərbaycan vətəndaşlarına rus dilinin lazım olacağını bilir", - Kreml rəhbəri bildirib.

Putin Moskva ilə Bakı arasındakı münasibətlərdən məmnunluqla danışıb, Rusiya-Azərbaycan əlaqələrinin "uğurla, etibarlı, çox praqmatik" inkişaf etdiyini vurğulayıb.

"Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik. Azərbaycanda rus dilində fəaliyyət göstərən və uşaqlara təhsil verən 300 məktəbin mövcudluğunu başqa cür izah etmək mümkün deyil", - Rusiya prezidenti əlavə edib.

Azərbaycanda 4 min 400 ümumtəhsil müəssisəsi var. Tədrisin rus dilində aparıldığı məktəblərin olması birmənalı qarşılanmır.

"Dövlətçilik üçün təhlükə" - keçmiş nazirin rusdilli təhsil alanların Azərbaycanca bilməməsini qiymətləndirməsi
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

İqtisadçı Fərid Mehralızadə azadlığa buraxılmadı

Fərid Mehralızadə
Fərid Mehralızadə

İqtisadçı Fərid Mehralızadə bərəsində Xətai rayon Məhkəməsinin həbs qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, iyunun 6-da Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb: "Məhkəmədə biz həbsin qanunsuz olduğu barədə öz dəlillərimizi təqdim etdik. Fərid özü də çıxışında bu dəlilləri müdafiə etdi və bildirdi ki, onun həbsi üçün heç bir əsas yoxdur. O, AbzasMedia nəşri ilə heç bir əməkdaşlığı olmadığını bildirdi. Təəssüf ki, məhkəmə tərəfindən bunlar nəzərə alınmadı".

C.Cavadov vurğulayıb ki, F.Mehralızadənin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur.

5 iyun

Vaşinqtondan reaksiya

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan hökumətinə "haqsız olaraq tutulan bütün şəxsləri dərhal azad etmək" barədə çağırışını təkrarlayıb.

"İfadə azadlığı da daxil olmaqla, öz əsas azadlıqlarından istifadə edənlər buna görə həbs olunmamalıdırlar", - İyunun 5-də brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iqtisadçı Fərid Mehralızadənin həbsi ilə bağlı "Turan"ın sorğusuna cavabında bildirib.

"Biz Azərbaycan hökumətini haqsız saxlanılan bütün şəxsləri dərhal buraxmağa və hər kəs üçün insan hüquqlarına, əsas azadlıqlara hörmət etməyə çağırırıq", - o vurğulayıb.

Vaşinqtondan səslənən fikirlərə Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

1 iyun

İqtisadçı Fərid Mehralızadə həbs edilib

İyunun 1-də Xətai rayon Məhkəməsində iqtisadçı Fərid Mehralızadə barəsində 3 ay 20 gün müddətinə həbs- qətimkan tədbiri seçilib.

Bu barədə onun xanımı Nərgiz Muxtarova məlumat verib. Onun deməsinə görə, F.Mehralızadə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur: "İttiham "AbzasMedia işi" ilə bağlıdır. Fərid, təbii ki, ittihamı qəbul etmir".

N.Muxtarova F.Mehralızadə saxlanan gün, mayın 30-da evlərində axtarış aparılması ilə də bağlı məlumat verib: "Mənim telefonumu, Fəridin telefonunu və istifadə edilməyən daha bir neçə köhnə telefonu götürdülər".

Xanımının sözlərinə görə, F.Mehralızadə saxlanarkən onunla pis rəftar olunub, yolda başına torba keçirilib: "Fəridin "AbzasMedia" nəşri ilə əlaqəsi olmayıb. Həmin vaxt ifadəyə də çağırılmayıb. Çağırılsaydı, normal şəkildə gedərdi".

Bu açıqlamaya istintaqı aparan Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son altı ayda Azərbaycanda aralarında ToplumTV, "AbzasMedia" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20 civarında jurnalist, ictimai fəal həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Həbsdəki Xalq Cəbhəsi üzvü ilə bağlı prokurorluğa şikayət verilib

Mehman Əliyev
Mehman Əliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Mehman Əliyevin 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyi bildirilir. Onun həbsinə etiraz etdiyi deyilir.

O, iyunun 4-də ailə üzvləri ilə telefonla danışıb. Yaxınlarının bildirməsinə görə, M.Əliyev deyib ki, aksiyaya iyunun 1-də başlayıb.

Onun atası Aydın Əliyevin verdiyi məlumata görə, oğlu saxlanıldıqdan sonra polis bölməsində döyüldüyünü bildirib. Ata həmçinin ailə üzvlərinin M.Əliyev ilə görüşünə icazə verilmədiyini qeyd edib.

Müdafiə tərəfinin məsələ ilə bağlı prokurorluğa ərizə verdiyi də bildirilir. Amma şikayətə, hələlik, Baş Prokurorluqdan və Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb.

Penitensiar Xidmətdən isə "Turan"a bildiriblər ki, Əliyev İstintaq Təcridxanasının rəhbərliyini aclıq etdiyi haqqında rəsmi qaydada məlumatlandırmayıb, qohumları ilə görüşü isə müstəntiqdən asılı məsələdir.

M.Əliyev Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur. Bu maddə ilə 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Atası oğlunun narkotiklər ilə hər-hansı əlaqəsinin olduğunu inkar edir. Onun sözlərinə görə, oğlunun həbsinin əsl səbəbi onun mayın 22-də Şirvanda qohumu Əli İsayev adlı şəxsin saxlanılması cəhdini videoya çəkməsi olub: "Oğlum bu hadisənin şahidi olub və çəkiliş aparmağa başlayıb, sonra isə videogörüntüləri yayıb. Buna görə də onu narkotik vasitələri yaymaqda ittiham ediblər".

Mayın 24-də DİN Şirvan şəhərində iki şəxsin – Ə.İsayev və M.Əliyevin saxlandığını açıqlamışdı. Qurumun açıqlamasına görə, onların üzərində külli miqdarda heroin aşkar edilib və götürülüb.

İttihama digər saxlanan – Ə.İsayev və vəkilinin münasibəti isə bəlli deyil.

Xatırlatma

Hazırda AXCP-nin 10-a qədər fəali uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifariş ilə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Akif Qurbanovun həbsdə təhdid olunduğu bildirilir

Akif Qurbanov
Akif Qurbanov

III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanovun təhdidə məruz qaldığı deyilir.

Bu barədə iyunun 4-də III Respublika Platformasının bəyanatında bildirilir.

Bəyanata görə, yüksək rütbəli bir dövlət məmuru A.Qurbanovun saxlandığı Bakı İstintaq Təcridxanasına gələrək ondan özünümüdafiə xarakterli çıxışlardan imtina etməsini və dövlət başçısının adını çəkməməsini tələb edib: "Əks təqdirdə ona qarşı pis rəftarın tətbiq ediləcəyi, hətta işgəncəyə məruz qalacağı ilə təhdid edilib".

Bildirilir ki, ToplumTV və Demokratik Təşəbbüslər İnstitutu ilə bağlı həbs edilmiş digər şəxslərə də Qurbanov məhkəmə çıxışlarına davam edərsə, onların vəziyyətinin daha da ağırlaşacağı deyilib: "...Hətta istintaq təcridxanası, cəzaçəkmə müəssisələrində də siyasi məhbuslar pis rəftar və işgəncəyə məruz qalma təhlükəsi ilə üz-üzədirlər".

Bu bəyanata, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Akif Qurbanova ailəsi ilə görüş verilmədiyi deyilir

İyunun 1-də III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanova ailə üzləri - valideynləri ilə görüş verilmədiyi bildirilir.

Bu barədə məlumatı iyunun 2-də III Respublika Platforması yayıb. Bildirilib ki, ailəsinin A.Qurbanova apardıqları sovqat dəfələrlə və çox sərt yoxlanılıb, selektiv qəbul edilib: "Ona aparılan kitablar da geri qaytarılıb".

"Akif Qurbanov iyunun 1-də həmçinin telefon ilə ev ilə danışmalı idi. Ona bu hüququndan da istifadə etməyə icazə verilməyib",- məlumatda əlavə edilib.

III Respublika Platforması bunu A.Qurbanovun son məhkəmə çıxışı ilə bağlı olduğunu ehtimal edir: "Onun üzləşə biləcəyi problemlərdən ciddi narahatıq. Ona görə də Akif Qurbanovun ailə üzvləri ilə görüşməsi, telefonla əlaqə saxlamaq hüququnun təmin olunmasını tələb edir, ictimaiyyəti bu məsələyə biganə qalmamağa çağırırıq".

A.Qurbanovun vəkili Şəhla Hümbətova onunla ötən həftədən görüşmədiyini, amma ailəsindən bu barədə eşitdiyini deyib: "Mən yalnız onunla görüşəndən sonra konkret nəsə deyə bilərəm".

A.Qurbanov sonuncu məhkəmə çıxışında Azərbaycandakı idarəetməni Stalin rejimi ilə müqayisə etmişdi: "İndi Azərbaycanda Stalin üslubu icra olunur. Necə ki, Stalin direktiv göndərərək "minin belinə, etiraf edincə düşməyin" üslubunu tələb edir, NKVD (SSRİ Xalq Daxili İşlər Komissarlığı) də icra edirdi".

Penitensiar Xidmət təkzib edib

Məsələ ilə bağlı Penitensiar Xidmətdən "Turan"a bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir: "Həbs edilmiş şəxs Akif Qurbanovun telefon danışıqlarına, görüşlərinə məhdudiyyət qoyulmamış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və sayda ona ailə üzvləri ilə görüşmək, telefonla zəng etmək, sovqat qəbul etmək üçün şərait yaradılır".

Xatırlatma

Martın 7-də həbs olunan və evində axtarış aparılan III Respublika Platformasının təsisçilərindən Akif Qurbanov barəsində CM-nin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Amma o, ittihamı qurama, siyasi hesab edir.

Son altı ayda Azərbaycanda aralarında ToplumTV, AbzasMedia nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20 civarında jurnalist, ictimai fəal həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

'Zığ' zavodunda beş nəfər qazdan zəhərlənərək ölüb

İyunun 3-də saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşının qazdan zəhərləndiyi bildirilir.

Bu barədə ASCO məlumat yayıb.

Məlumatda qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbətçi həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.

Məlumatda əlavə edilir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi briqadası cəlb olunub:

“Hadisənin baş verdiyi yerdən 5 nəfərin meyiti çıxarılıb.Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.”

Hələlik, məsələyə həlak olan işçilərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə “Turan”a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00 radələrində ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub:

“Hadisə yerinə dərhal 9 təcili tibbi yardım briqadası yönləndirilib.5 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.”

Azərbaycanda iş yerlərində ölüm hallarının ötən il artdığı açıqlanıb. Rəsmi məlumatlara görə, 2023-cü ildə istehsalatda 465 bədbəxt hadisə qeydə alınıb:

"İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb".

2022-ci ildə isə istehsalatda baş verən bədbəxt hadisələr zamanı 34 nəfərin vəfat etdiyi, 247 nəfərin isə xəsarət aldığı vurğulanmışdı.

Bakı deyir ki, həbslər ayrı, COP29 ayrı...

Ülvi Həsənlinin saxlanması: Abzas media korrupsiya araşdırmalarına davam edəcək
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00

Avropa İttifaqı (Aİ) Azərbaycanı "əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan" bütün şəxsləri buraxmağa, məhbuslar üçün ləyaqətli və təhlükəsiz şəraiti təmin etməyə çağırır.

Aİ mayın 29-da yaydığı bəyanatında prezident İlham Əliyevin mayın 25-də əfv sərəncamı imzaladığı, ancaq əvvəlki illərdən fərqli olaraq bu dəfə sənədin fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən şəxslərə şamil olunmadığı vurğulanır.

"Azərbaycanın noyabrda ev sahibliyi edəcəyi BMT İqlim Dəyişikliyi Konfransının (COP 29) mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır. COP29 Azərbaycan üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiq etmək və azad, müstəqil vətəndaş cəmiyyətinin işinə şərait yaratmaq imkanıdır. Bu, həm də... Şərq Tərəfdaşlığının üzvü kimi Azərbaycanın öhdəliklərinə uyğundur.", - Aİ Diplomatik Xidmətinin açıqlamasında bildirilir.

+++

"Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi.. iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir", - Azərbaycan Xarici İşlər Nazirliyinin Aİ-nin bəyanatına şərhində bildirilir.

Vurğulanır ki, təhqiqatların, məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad olunması üçün çağırışlar hüquqi prosedurlar ilə açıq ziddiyyət təşkil edir.

+++

Mayın 25-də prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb. Sərəncam ümumilikdə 154 nəfərə şamil edilib. Sənədə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Sərəncamda ölkədə siyasi məhbus sayılan şəxslərdən birinin də adı yoxdur.

Xatırlatma

Son altı ayda Azərbaycanda aralarında ToplumTV, habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

İsveçdən qaytarılan Famil Xəlilovun səhhətində əlavə problemlər yarandığı deyilir

Famil Xəlilov
Famil Xəlilov

Ötən il İsveçdən readmissiya qaydasında Azərbaycana qaytarılan və mayın 2-də həbs olunan I qrup əlil Famil Xəlilovla bugün, mayın 28-də, 1 saylı Bakı İstintaq Təcridxanasında həyat yoldaşı Kiçikxanım Xəlilova görüşüb.

Onun deməsinə görə, həyat yoldaşının hərəkət qabiliyyəti olmayan qollarında çürümə prosesi gedir.

F.Xəlilovla deyir ki, həyat yoldaşının sözlərinə görə, o mayın 17-də həbsinə etiraz olaraq başladığı aclıq aksiyasını da dayandırıb:

"Ona vəd verilib ki, işə ədalətli baxılacaq və Famil 2 gün aclıqdan sonra aksiyanı dayandırıb".

K.Xəlilova qeyd edib ki, həyat yoldaşının səhhətində əlavə problemlər yaranıb:

"Famil evdə olanda onun qolları iflic olduğuna görə, mən ona qulluq edirdim. Əllərini yuyurdum, maz çəkirdim. İndi onu edən yoxdur. Üstəlik də o ayaq üstə dayana bilsin deyə əlləri arxadan bağlayırdıq. İndi isə əlləri bağlı olduğuna görə, əllərində çürümə başlayıb. Bunu mənə təcridxanadakı həkimlər dedi".

K.Xəlilovanın sözlərinə görə, F.Xəlilov təcridxananın tibb-sanitar hissəsində saxlanılır və bütün lazım olan dərmanlarla təchiz olunur.

Hələlik, bu açıqlamya Penitensiar Xidmətin Tibb Baş İdarəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Yaxınları F.Xəlilovun həbs edilərkən də aclıq aksiyasına başladığını, daha sonra isə aksiyanı dayandırdığını açıqlamışdılar.

Xəlilov mayın 4-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Yaxınları onun tənqidi statuslarına görə, şərləndiyini vurğulayırlar.

Amma rəsmilər bir qayda olaraq insanların ölkədə tənqidi mövqelərinə görə, əsassız yerə təqib edilmələri ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

Son illər Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfər narkotik və başqa ittihamlarla həbs edilib.

Onların yaxınları həmin şəxslərin həbsini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah edib.

Yaxınları onların həbs zamanı işgəncə ilə üzləşdiyini də açıqlayıblar. Rəsmi qurumlar bu iddiaları qəbul etməyib.

Readmissiya – dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin geri qəbul edilməsidir.

Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə müəyyən öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il keçir

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il keçir.

Rusiyada çarın devrilməsindən sonra, 106 il əvvəl Tbilisidə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərə bilib və 1920-ci il aprelin 27-də Rusiyanın silahlı təcavüzü ilə süqut edib.

Cümhuriyyətin bir çox qurucuları Azərbaycanın təkrar işğalından sonra mühacirət etmək məcburiyyətində qalıblar.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika, 2021-ci ildən isə Müstəqillik Günü kimi qeyd edilir. Milli Məclisin 2021-ci il oktyabrın 15-də keçirilən iclasında "Müstəqillik Günü haqqında" yeni qanun layihəsi qəbul edilib. 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Rusiya Qarabağda baş konsulluq açmaq istəyir

Qriqori Karasin
Qriqori Karasin

Moskva Xankəndi şəhərində baş konsulluq açmaq niyyətindədir və bu işdə Azərbaycanın dəstəyinə ümid edir.

TASS-ın xəbərinə görə, bunu Rusiya Federasiya Şurası Xarici əlaqələr komitəsinin sədri Qriqori Karasin deyib.

"İkitərəfli məsələlərdən Xankəndində baş konsulluğun açılmasını qeyd edərdim. Biz bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik", - Karasin Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib.

Rusiyalı senator baş konsulluğun açılışının bu il baş tutacağına ümid etdiyini bildirib. "Bu, bizə qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcək", - Karasin əlavə edib.

Hələlik, bu məsələ ilə bağlı Azərbaycan rəsmiləri ictimaiyyət qarşısında fikir bildirməyiblər.

Azərbaycan Xankəndi şəhərini 2023-cü ilin sentyabrında bir günlük hərbi əməliyyat nəticəsində tam öz nəzarətinə götürüb. Bakı bunu "lokal antiterror tədbirlər"i, Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Xatırlatma

1990-ci illərdən gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olmuşdu. Daha sonra Qarabağda Azərbaycanın tanımadığı qurum fəaliyyət göstərirdi. Azərbaycanın Qarabağ və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan həmin ərazilərin böyük bir hissəsinə nəzarəti təmin etdikdən sonra bölgəyə Rusiya sülhməramlıları yerləşdirilmişdi. İndi həmin silahlı qüvvələrin bölgədən tədricən çıxarıldığı bildirilir.

Azərbaycanda yenə seçici sayında azalma var

Rayon qeydiyyatlı seçicilər Bakıda səs verir
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Azərbaycanda hazırda səsvermə hüququ olan 6 milyon 326 min 764 şəxs var. Bunu bu gün, mayın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun rəhbəri Məzahir Pənahov deyib.

Halbuki bu ilin fevralında, növbədənkənar (7 fevral) prezident seçkisindən əvvəl Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfər açıqlanmışdı.

Ötən ilin mayında isə Pənahov bildirirdi ki, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var.

Qurum seçici sayında belə azalma, artım və təkrar azalmanın səbəblərini izah etmir.

Üstəlik, MSK-nın rəqəmləri ilə Dövlət Statistika Komitəsinin (DSK) 18 yaşından yuxarı vətəndaşların sayı ilə bağlı açıqladığı məlumatlar da üst-üstə düşmür. Fərq təqribən 1 milyon civarındadır.

Hər iki dövlət qurumu özünün rəqəminin doğru olduğunu bəyan edib.

Hökumət bununla bağlı hər hansı rəsmi izahat verməyib. Müstəqil seçki müşahidəçilərinin sözlərinə görə, bu, Azərbaycanda tam şəffaflığın olmamasının göstəricidir və pozuntulara imkan tanıyır.

Büdcə xərclərində nələr artırılır, nələr azaldılır...

Maliyyə Nazirliyi
Maliyyə Nazirliyi

Azərbaycanın 2024-cü il dövlət büdcəsində həm xərclər, həm də gəlir artırıla bilər.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36 milyard 353 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 180 milyon manat və ya 6,4 faiz çoxdur.

“Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39 milyard 707,3 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 944,3 milyon manat və ya 8 faiz çoxdur”.

Neftin ixrac qiyməti artırılır

Layihədə neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına çatdırılır.Hazırda dünya bazarında bir barel neftin qiyməti 90 dollar civarında dəyişir.

Xərclərin artırıldığı sahələr...

Sənədə bir sıra sahələr üzrə xərclərin artırılması nəzərdə tutulur.

Məsələn işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası xərcləri yüksəldilir. Habelə, hüquq mühafizə, prokurorluq, müdafiə və milli təhlükəsizlik xərcləri də artırılır.

Sosial müdafiə və sosial təminat xərcləri azaldılır

Əksinə isə təklif edilən layihədə sosial müdafiə və sosial təminat xərcləri azaldılır. Mövcud büdcədə sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542,2 milyon manat təsdiqlənib.İndi bu məbləğin 4391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az proqnozlaşdırılması təklif edilir.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılmalıdır.

Ələsgər Məmmədli doğum günündə ev dustaqlığına buraxılmadı

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Bu gün, mayın 24-də "Toplum" internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin olunmayıb.

Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədlinin səhhəti pis olduğu üçün o, xəstəxana şəraitində müayinə edilməli və müalicə almalıdır, bu da həbsdə mümkün deyil: "Təəssüf ki, Xətai rayon Məhkəməsi vəsatətimizi təmin etmədi".

Vəkil qeyd edib ki, Ə.Məmmədlinin qalxanabənzər vəzində olan şiş onda boğulmalar yaradır: "Ələsgər bəy deyir ki, bu şiş onun qan təzyiqinə da təsir edir və vəziyyət artıq idarəolunmaz hal alıb".

Müdafiə tərəfi məhkəmə qərarını antihumanist hesab edir və qərardan apellyasiya şikayəti verəcəklərini bildirirlər.

Bu açıqlamaya Xətai rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bu gün, mayın 24-də Ələsgər Məmmədlinin 56 yaşı tamam olub.

16 may

Ələsgər Məmmədlinin analiz cavabları açıqlanıb

"Toplum" internet televiziyasının (ToplumTV) təsisçisi Ələsgər Məmmədlinin analiz cavabları məlum olub.

Bu barədə "Turan"a vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn məktubda bildirilir ki, aprelin 26-da Ə.Məmmədli əlavə müayinələrə cəlb edilib: "Cavabda yazılıb ki, qanda hormonların səviyyəsi norma civarında olub. Qeyd olunur ki, Milli Onkologiya Mərkəzinin onkoloqu ilə konsultasiya edilib və onkoloq hazırda kəskin onkoloji prosesin izlənilmədiyini, sitoloji təhlil üçün düyünün histoloji müayinəsinin təcili aparılmasına zərurət olmadığını, planlı qaydada keçirilməsinin mümkünlüyünü bildirib. Həmçinin yazıblar ki, Ələsgər Məmmədlinin səhhəti ilə bağlı şikayəti olmayıb".

Məktubda yazılanlara şübhə

Vəkil məktubda yazılanlarla bağlı sonra da bunları bildirib: "Qalxanabənzər vəzində olan düyünün ölçüsü 23 millimetrdir. Bu da həmin şişin histoloji müayinəsini zəruri edir. Ələsgər bəy qeyd edir ki, onunla bağlı ciddi müayinə aparmayıblar, histoloji müayinənin aparılmasına, ümumiyyətlə, texnikaları yoxdur. Ələsgər bəy həkimə deyib ki, artıq onun boğazında olan düyünlər onu yatmağa belə qoymur, boğulmalar baş verir".

A.Layıc Ə.Məmmədlinin biopsiya müayinəsi üçün yenidən Baş Tibb İdarəsinə müraciət edib.

Bu açıqlamaya, hələlik, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədli martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Azərbaycan Qazaxın dörd kəndinə nəzarəti bərpa etdi

Azərbaycan və Ermənistan arasında ilk sərhəd dirəkləri
Azərbaycan və Ermənistan arasında ilk sərhəd dirəkləri

Ermənistan-Azərbaycan sərhədində sərhədçilər yerləşdirilir.

Mayın 24-də Azərbaycan sərhədçiləri Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini nəzarətə götürüb.

Ötən əsrin 90-cı illərində işğal olunan bu kəndlərin bu il aprelin 19-da dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 8-ci görüşündə Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı razılıq əldə edildiyi açıqlanmışdı. Həmin vaxt Azərbaycan və Ermənistan öz aralarında sərhədin 1991-ci il Almatı bəyannaməsi əsasında müəyyən edilməsini də razılaşdırmışdılar.

"Delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6.5 kv.km) Azərbaycana qaytarılması təmin edilib", - rəsmi məlumatda bildirilir.

Buna qədər Azərbaycan ümumilikdə səkkiz, Ermənistan isə 31 kəndinin ərazilərinin işğal edildiyini acılayıb.

Ermənistan da...

Bu il mayın 24-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları Tavuş vilayətində dövlət sərhədinin Berkaber kəndi yaxınlığında 1.9 km, Voskepar və Bağanis kəndlərində isə 4.9 km hissəsinin mühafizəsini öz üzərinə götürüb.

MTX-nin məlumatına görə, dövlət sərhədinin Kirants (Ermənistan) – Xeyrımlı (Azərbaycan) istiqamətindəki 5.8 km-lik hissəsinin mühafizəsi iyulun 24-dək keçid sxemi üzrə həyata keçiriləcək.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan təqribən 20 faiz ərazisinin, Ermənistan isə bəzi kəndlərinin işğal edildiyini bildirirdi.

2020-ci ildə 44 günlük müharibə və ötən ilin sentyabrında bir günlük hərbi əməliyyat nəticəsində rəsmi Bakı bütün ölkədə suverenliyini bərpa etdiyini açıqladı.

Bakı Qarabağda bir günlük əməliyyatı "lokal antiterror tədbirlər"i, Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Müəllimlərin etik davranış Qaydaları tənqidlərə səbəb oldu

Dükanlara bir ətək borcu olan müəllim...
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

"Təhsilverənlər qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad prinsiplərinə riayət etməlidir".

Bu, mayın 15-də, Elm və Təhsil Nazirliyinin kollegiyasının təsdiqlədiyi "Təhsilverənlərin etik davranış Qaydaları"nda öz əksini tapıb.

Qaydalarda təhsilverənlərin sosial mediada davranış qaydalarından da bəhs edilir. Qaydaların 2.3.2. bəndində vurğulanır ki, təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisədə müəyyən olunmuş qaydalara əməl etməlidir.

Sənədin 4.3 bəndinə əsasən isə, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.

Əvvəlki "Təhsilverənlərin etik davranış Qaydaları"nda bu məsələlərin yer almadığı bildirilir.

İndi bəzi sosial şəbəkə istifadəçiləri bu qaydaların bir sıra bəndləri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onların sözlərinə görə, bu vaxta qədər müəllimlər məktəblərdəki qüsurlardan çox nadir hallarda, ehtiyatla danışırdılar. Həmin şəxslər vurğulayırlar ki, nöqsanlardan sosial şəbəkələrdə bəhs edən müəllimlər sonradan başqa bəhanələrlə cəzalandırılırdılar. Onlar hesab edirlər ki, yeni qaydalar yeni təzyiqlərə yol aça bilər.

"Senzuraya oxşayır"

Təhsil eksperti Fərid İmanovun deməsinə görə, qaydaları oxuyanda görünür ki, onlar senzuraya xidmət edir: "Bu etimad prinsiplərini, təhsilverənlərin etik davranışlarını rəhbərlik müəyyən edir. İndi həmin qaydalardan istifadə edib neqativ addımları işıqlandıranlara qarşı təzyiqlər göstəriləcək. Həm də ictimai-siyasi fəaliyyət ilə məşğul olan tələbələrin də buna əsasən problemlər yaşayacaqlarını demək olar. Bu qaydalar ifadə azadlığına müdaxilədir".

Hələlik, belə fikirlərə Elm və Təhsil Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Əfv Komissiyası müraciətlərə baxılmasını yekunlaşdırıb

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

Bugün, mayın 22-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev " Turan"a məlumat verib.

Onun sözlərinə görə, son iclasda 100-dən çox ərizəyə baxılıb.

Ümumilikdə isə son bir ayda komissiya 700 ərizəyə baxıb.

Onun vurğulamasına görə, Komissiya işini yekunlaşdıraraq, nəticələrini Azərbaycan prezidentinə təqdim edəcək.

Komissiyanın son bir aydakı iclaslarının 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Azərbaycanda sön əfv sərəncamı 2023-cü il mayın 8-də imzalanmışdı.

Sərəncama əsasən 801 məhkum əfv olunmuşdu. Onlardan 463-ü azadlıqdan məhrum etmə cəzasından, 220-i azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118-i də azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Azadlığa çıxanlardan yalnız bir neçə nəfər hüquq müdafiəçilərinin siyasi məhbus siyahılarında yer alırdı.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda isə Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Xalq Cəbhəsi üzvünə 30 sutka verildiyi deyilir

İmran Qurbanlı
İmran Qurbanlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İmran Qurbanlıya 30 sutka müddətinə inzibati qaydada həbs verildiyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna mayın 22-də AXCP-dən məlumat verilib.

Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli sayılıb.

Partiyadan bunu hakimiyyətinin növbəti şərləmə aktı kimi dəyərləndiriblər: "İmran Qurbanlı sosial şəbəkələrdə hökuməti tənqid edirdi. Ona görə də Türkiyədən Azərbaycana dönən kimi onu həbs ediblər".

Bu açıqlamaya, hələlik, Naxçıvan MR Daxili İşlər Nazirliyi və başqa cavabdeh rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xalq Cəbhəsi üzvü Naxçıvanda saxlanıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İmran Qurbanlı saxlanıb.

Bu barədə AXCP-dən məlumat verilib.

Partiyadan bildirilib ki, İ.Qurbanlı mayın 21-də səhər saatlarında saxlanıb: "İmran bəy Türkiyədə yaşayıb işləyir. İldə bir neçə dəfə Naxçıvana ailəsinə baş çəkmək üçün gəlir. Bu gün səhər saat 10 radələrində özü bizimlə əlaqə saxlayıb dedi ki, qapıda altı-yeddi polis əməkdaşı var, onu Şərur rayon polis şöbəsinə aparırlar".

AXCP-dən qeyd olunub ki, bir neçə saatdır ailəsi ondan xəbər tuta bilmir.

Partiyadan hesab edirlər ki, o, sosial şəbəkələrdə yazdığı tənqidlərə görə saxlanıb.

İ.Qurbanlının saxlanılması barədə məlumatı "Turan"a Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən də təsdiqləyiblər. Bildirilib ki, həmin şəxs saxlanıb, barəsində araşdırma aparılır. Amma nazirlikdən ətraflı məlumat almaq mümkün olmayıb.

Naxçıvan MR Azərbaycanın eksklavı sayılır. O, ölkənin əsas ərazisindən aralıda yerləşir və digər dövlətlərlə (Türkiyə, İran, Ermənistan) əhatə edilib. Muxtar respublikanın bir çox şəxslərinin işləmək üçün qonşu Türkiyəyə üz tutduğu bildirilir.

Xatırlatma

Hazırda AXCP-nin 10-a qədər fəali uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Əliyev və Zelenski regional təhlükəsizlikdən danışıblar

Volodimir Zelenski və İlham Əliyev Moldovada Avropa Siyasi Birliyinin sammitində.
Volodimir Zelenski və İlham Əliyev Moldovada Avropa Siyasi Birliyinin sammitində.

Ukrayna prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan prezidentinin Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik, enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib", - məlumatda əlavə edilir.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Səkkiz il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla belə, Ukraynaya humanitar yardım göstərdiyini və onun ərazi bütövlüyünü tanıdığını açıqlayıb.

Başqa tərəfdən, 2022-ci il fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Bu sənəddə iki ölkə arasında siyasi, iqtisadi və daha bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsindən bəhs olunur.

Qubad İbadoğlunun ev dustaqlığı polisin nəzarətinə verilmə ilə əvəzləndi

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti avqustun 20-nə qədər uzadılıb.

Bu barədə onun qardaşı Qalib Toğrul məlumat verib. O xatırladıb ki, həbs-qətimkan tədbiri olmadığına görə istintaq müddətinin uzadılması barədə qərarı istintaq orqanı özü verə bilər: "Üç ay uzadılması barədə qərar qəbul edilib".

Q.Toğrul qeyd edib ki, Q.İbadoğlu barəsində aprelin 22-də seçilmiş ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.

Onun sözlərinə görə, qətimkan tədbirinin dəyişdirilməsi nəticəsində Q.İbadoğlunun ayağına vurulmuş elektron qolbaq mayın 20-də çıxarılıb: "Elektron qolbaq olduğuna görə qardaşım müayinələrdən keçə bilmirdi. Bu həftədən başlayaraq polisin nəzarəti altında olmaqla müayinələrdən keçməsini planlaşdırırıq".

Q.Toğrulun bu dediklərini istintaqı aparan Daxili İşlər Nazirliyindən (DİN) dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

Q.İbadoğlu ötən il iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul... və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Q.İbadoğlu ittihamları saxta adlandırıb.

Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.

Avropadan qayıdan Mehdi Xəlilbəyli Bakıda həbs olunub

Mehdi Xəlilbəyli
Mehdi Xəlilbəyli

Müsavat Partiyasının üzvü, uzun illər Almaniyada siyasi mühacir kimi yaşamış Mehdi Xəlilbəyli həbs olunub. Onun apreldə, Almaniyadan Azərbaycana gələrkən Bakıda hava limanında saxlandığı bildirilir.

"Ölkəyə daxil olanda pasport yoxlanışında onun axtarışda olduğu bildirilib. Sərhəd xidmətinin əməkdaşı onu saxlayıb, prokurorluğa təhvil verib. İki aya yaxındır ki, Kürdəxanıda - Bakı İstintaq Təcridxanasındadır", - onun yaxınları AzadlıqRadiosuna belə deyiblər.

M.Xəlilbəylinin 54 yaşı var. O, 2003-cü ilin oktyabrında prezident seçkisinin sonucları ilə bağlı etirazlar üzündən axtarışa verilib. Həmin hadisələrlə əlaqədar müsavatçıya Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya iştirak), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, zor tətbiq etmə) maddələri ilə ittiham verilib. O, etirazlar zamanı "Lider TV"nin əməkdaşı Sahil Kərimliyə xəsarət yetirməkdə suçlanır.

M.Xəlilbəyli haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu bilgini Binəqədi rayon Məhkəməsindən AzadlıqRadiosuna təsdiqləyiblər.

M.Xəlilbəyli ittihamları rədd edir.

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü olan M.Xəlilbəyli 2019-cu ildə Almaniyada qanunsuz miqrasıya hallarının təşkili (mühacir alveri) ilə bağlı araşdırmalar çərçivəsində tutulmuş, 2020-ci ilin yanvarında azadlığa buraxılmışdı.

Xatırlatma

2003-cü ilin oktyabr hadisələrindən sonra Azərbaycanda kütləvi həbslər yaşanmışdı. Həbs olunanlar arasında Müsavat Partiyasının keçmiş başqanı Arif Hacılı, Ümid Partiyasının sədri İqbal Ağazadə, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və başqaları vardı.

Ağdam, Füzuli və Cəbrayılın 29 kəndinin... sakinlərinə aylıq müavinət dayandırılıb

'Ağalı kəndində yayda pomidorun kilosu 6 manat idi'
Gözlə

No media source currently available

0:00 0:06:03 0:00

Füzuli rayonunun Horadiz şəhəri, 21 kəndi, Ağdam rayonunun yeddi, Cəbrayıl rayonunun isə bir kəndində (2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı) daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən dayandırılıb.

Bu barədə "Turan"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, amma qalan məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi davam edəcək. Onların hələ üç il müavinət alacaqları gözlənilir.

Məcburi köçkünlər üçün yemək xərci, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. Müavinətin məbləği qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 33 və 60 manat məbləğində müəyyən olunub.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan münaqişə dövründə təqribən 20 faiz ərazisinin, Ermənistan isə bəzi kəndlərinin işğal edildiyini bildirib.

2020-ci ildə 44 günlük müharibə və ötən ilin sentyabrında bir günlük hərbi əməliyyat nəticəsində rəsmi Bakı bütün ölkədə suverenliyini bərpa etdiyini açıqlayıb.

Bakı Qarabağda bir günlük əməliyyatı "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Qubad İbadoğlu siyasi fəaliyyətinə fasilə verib

Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.

Bu barədə onun özü “Turan” Agentliyinə danışıb.

O, habelə bildirib ki, mayın 14-də ADR İdarə Heyətinin toplantısında “Siyasi partiyalar haqqında” Azərbaycan Qanununun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilib.

Partiya fəaliyyətini dayandırırmı?

Siyasətçinin sözlərinə görə, qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir:

"ADR-in fəaliyyəti Qanunun bu maddəsinə uyğun tənzimlənməlidir. Toplantıda İdarə Heyəti ADR-in fəaliyyətini "Siyasi Partiyalar haqqında" Qanunun 4.7-ci maddəsinə uyğunlaşdırmaq barədə qərar qəbul edib və buna uyğun olaraq partiya fəaliyyətini dayandırıb".

“Biz partiyanın qeydiyyata alınması ilə bağlı...”

Amma həmin qərar partiyada bir qədər fərqli də təqdim edilir. ADR-in sədr müavini Ellada Məmmədli isə bildirib ki, mayın 14-də Qubad İbadoğlunun iştirakı ilə iclas keçirilib:

"İclasda Qubad bəyin sağlamlıq məsələsi müzakirə olundu. Onun sağlamlıq vəziyyəti yazılanlardan da pisdir və o bizdən sağlamlığını bərpa etmək üçün fəaliyyətində fasilə verilməsi üçün izn istədi. Bizim üçün onun sağlamlığı hər şeydən üstündür və bərpa müddəti ərzində biz partiyanın qeydiyyata alınması üçün mümkün addımlarımızı müzakirə etdik. Qubad bəyin sağlamlığının bərpası uzun müddət çəkə bilər. Onun bərpası ərəfəsində biz partiyanın qeydiyyata alınması ilə bağlı addımlar atacağımızı razılaşdıq".

Qubad İbadoğlunun siyasi fəaliyyətinə fasilə verilməsi 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki problemlər göstərilir.

Hələlik, açıqlanan qərarlara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azərbaycan Demokratiya və Rifah Partiyası

İqtisadçı Qubad İbadoğlunun sədrlik etdiyi partiya 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb.

Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib, sənədlər həmin il noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilib. Amma nazirlik həm onda, həm də daha sonra bir neçə dəfə partiyanın qeydiyyatından imtina edib.

Buna səbəb kimi ADR-in öz nizamnaməsində seçkilərdə iştirakla bağlı əsasları göstərmədiyi vurğulanıb. Partiyada isə bu izah əsassız sayılıb.

Azərbaycanda ötən ilin əvvəlində “Siyası Partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Yeni qanuna görə, qeydiyyatsız fəaliyyət göstərən partiyaları cəzalar gözləyir.

Azərbaycanda həmin qanunun qəbuluna qədər 50-dən çox partiya olub. Onların təqribən ancaq yarısı təkrar qeydiyyatdan keçib.

Xatırlatma

Qubad İbadoğlu ötən il iyulun 23-də həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub.

Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Siyasətçi irəli sürülən bütün ittihamları saxta adlandırıb. Bir sıra beynəlxalq təşkilatlar da Azərbaycan hökumətini Q.İbadoğlunun işinə obyektiv baxmağa, onun hüquqlarının qorunmasına çağırıblar.

O, aprelin 22-də ev dustaqlığına buraxılıb.

Müdafiə tərəfi hesab edirdi ki, İbadoğluna verilən ittihamlar əsassızdır və üstəlik, onun səhhəti həbsdə saxlanmasına imkan vermir.

Qusar bələdiyyəsinin sədri həbs olunub

'Dövlət büdcəsindən hər bələdiyyəyə cəmi 400 manat ayrılır' - Korrupsiyanı doğuran nədir?
Gözlə

No media source currently available

0:00 0:09:41 0:00

Qusar rayon bələdiyyəsinin sədri həbs olunub.

Bu barədə bu gün, mayın 16-da Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, Qusar bələdiyyəsinin sədri Əlfəddin İbrahimovun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb: "Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib... Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib".

Hələlik, ittihamlara İbrahimov və yaxınlarından münasibət almaq mümkün olmayıb. Həmin ittihamlar üzrə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Hazırda ölkədə min 605 bələdiyyə var.

Növbəti bələdiyyə seçkilərinin bu ilin sonlarında keçirilməsi gözlənir.

Ruben Vardanyanın da həbs müddəti artırılıb

Ruben Vardanyan
Ruben Vardanyan

Qarabağdakı tanınmayan qurumun keçmiş "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.

"Turan"ın məlumatına görə, mayın 16-da Səbail rayon Məhkəməsi cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatını təmin edib.

Qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti daha 5 ay uzadılıb.

R.Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Qərara, hələlik, Vardanyanın özündən və yaxınlarından münasibət almaq mümkün olmayıb.

Amma o, ittihamları qəbul etmir. Müdafiə tərəfi ötən ay onun aclıq aksiyası keçirdiyini, özünün və Qarabağda digər həbs olunanların azadlığı buraxılmasını tələb etdiyini açıqlamışdı. Sonradan ailəsinin bəyanatında vurğulanırdı ki, Vardanyanı səhhətinin pisləşməsi və saxlanma şəraiti ilə əlaqədar aclığı dayandırmağa razı sala biliblər.

Azərbaycanın rəsmi qurumları onun aclıq aksiyası keçirməsini nə təsdiq, nə də təkzib etmişdilər.

Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan
Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan

Qarabağ separatçılarının liderlərinin həbs müddəti artırılıb

Ötən il Qarabağda saxlanaraq Bakıya gətirilən separatçı qurumun bəzi liderlərinin həbs müddəti artırılıb.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun mayın 15-də yayılan məlumatında bildirilir.

Açıqlamaya görə, həmin qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərləri barəsində həbs-qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb. Vəsatət Binəqədi rayon Məhkəməsində təmin edilib: "... Ümumilikdə 15 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb".

Hələlik, bu qərara sözügedən şəxslərin və ya vəkillərinin münasibətləri bəlli deyil. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq təcridxanasında saxlanılan həmin şəxslər terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qanunsuz silahlı birləşmələr yaratmaqda və başqa qanunsuz əməllərdə ittiham olunurlar.

Onların ayrılıqda ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyib və onların azad olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də isə Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb. İndi haqqında bəhs edilən şəxslər də həmin vaxt saxlanaraq Bakıya gətirilmişdilər.

Bəzi kəndlərə dair protokol imzalandı, ziyana düşən ermənilərə kompensasiya veriləcək

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan

Bugün, mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilib.

AZƏRTAC-ın yaydığı məlumata görə, görüş iki ölkənin sərhədində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə gerçəkləşib.

Xəbərdə bildirilir ki, tərəflər bundan əvvəl aprelin 19-da gerçəkləşən görüşün protokoluna uyğun olaraq görülmüş işləri müzakirə ediblər:

“... Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ Silahlı Qüvvələri Baş Qərargahının... 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.”

Görüşün yekunu olaraq müvafiq protokol imzalandığı qeyd olunur.

Komissiyaların bundan əvvəl ötən ay gerçəkləşən görüşündə Azərbaycan və Ermənistanın delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacağının razılaşdırıldığı açıqlanmışdı.

Qeyd edildiyinə görə, tərəflər ona uyğun olaraq Azərbaycanın nəzarətində olmayan həmin bəhs edilən 4 kəndin geri qaytarılmasını razılaşdırmışdılar.

Azərbaycan buna qədər ümumilikdə 8 kəndinin, Ermənistan isə 31 kəndinin ərazilərinin işğalda qaldığını bildirirdi.

Paşinyanın ofisi demarkasiyanın çətinlikləri barədə məlumat verib

Ermənistan baş nazirinin administrasiyasından Armenpress dövlət xəbər agentliyinə verilən məlumatda deyilir ki, Ermənistan-Azərbaycan sərhədinin Tavuş-Qazax sektorunda aparılan demarkasiya ilə bağlı bəzi çətinliklər yaranır.

Sərhədin ən çox mübahisələrə səbəb olan hissəsi Ermənistanın Kirants kəndi yaxınlığından keçir.

Baş nazirin ofisindən verilən məlumatda deyilir:

"Kirantsın üç koordinatı kompüterləşdirilib və daha sonra bura sərhəd dirəkləri vurulacaq. Kirants üçün yaxşı xəbər budur ki, son 33 ildə kitantslılar üçün əlçatmaz olan 25 hektarlıq kənd təsərrüfatı əhəmiyyətli torpaq kəndə qaytarılacaq”.

Demarkasiya 1976-cı ilə aid SSRİ xəritəsi ilə aparılır və bu zaman Kirants yolunun yerinin dəyişdirilməsi zərurəti ortaya çıxır.

Baş nazirin ofisindən bildirilib ki, yolun dəyişdirilməsi 2-3 ay ərzində icra oluna bilər.

Kirants kəndinin icra başçısı və kəndlilər deyirdilər ki, Nikol Paşinyanın sözlərinə görə Kirantsda demarkasiya üçün üç həssas nöqtə var. Bunlardan biri kənd məktəbidir. Kənd sakinlərinin dediyinə görə burada sərhəd məktəbin lap yaxınlığından keçəcək. Digər iki nöqtə körpüyə və Azərbaycana qaytarılacaq ərazidə ermənilər tərəfindən tikilmiş fərdi evlərə düşür.

Baş nazirin ofisi israr edir ki, mülkiyyət məsələsi o qədər də böyük deyil və hökumət demarkasiya nəticəsində ziyana düşən Ermənistan vətəndaşlarına ya pul, ya da yeni evlər vasitəsilə kompensasiya verəcək.

Bu da vurğulanıb ki, hökumət nümayəndələri elə bugündən (mayın 15-dən) bütün mümkün problemlərin siyahısını tərtib edəcək və Kirants sakinləri ilə müzakirələrə başlayacaqlar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan təqribən 20 faiz ərazisinin, Ermənistan isə bəzi kəndlərinin işğal edildiyini bildirirdi.

2020-ci ildə 44 günlük müharibə və ötən il sentyabrında 1 günlük hərbi əməliyyat nəticəsində rəsmi Bakı bütün ölkədə əsasən suverenliyi bərpa etdiyini açıqladı.

Bakı Qarabağda 1 günlük əməliyyatı "lokal antiterror tədbirlər"i, Yeravan isə “etnik təmizlənmə” kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Davamı

XS
SM
MD
LG