Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 20:20

Həyat yoldaşı: 'Ruslan İzzətlinin səhhəti ağırlaşıb'


Ruslan İzzətli
Ruslan İzzətli

III Respublika Platformasının "ToplumTV işi" üzrə həbsdə olan qurucu üzvü, siyasətçi Ruslan İzzətlinin səhhətində ciddi problemlər yarandığı bildirilir.

Bu barədə onun həyat yoldaşı Günel Manaflı məlumat yayıb. Onun sözlərinə görə, şənbə günü, dekabrın 6-da baş tutan görüş zamanı İzzətlinin səhhətindəki narahatlıqların kəskinləşdiyi müşahidə edilib: "O, yüksək təzyiq, başağrısı və öd kisəsi ilə bağlı davamlı ağrılardan əziyyət çəkir. Təzyiqi yalnız gündəlik dərman qəbulu ilə normada saxlana bilir".

G.Manaflı vurğulayıb ki, R.İzzətlinin ödündə güclü ağrılar təxminən 10 gündür başlayıb və o, hər gün ağrıkəsici qəbul etmək məcburiyyətində qalır: "Son günlər həkim müayinəsi və ultrasəs yoxlaması aparılıb. Həkim ödünün müalicəyə tabe olmadığını, əməliyyatla götürülməli olduğunu bildirib. Həbsxana şəraitində isə bu, mümkün deyil. Ödü və təzyiqi onun həyatı üçün təhlükə yaradır".

Bu açıqlamaya Penitensiar Xidmətin müalicə müəssisəsi və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb.

27 noyabr

Ruslan İzzətli: 'Bir aydan çoxdur USM həkimi gözləyirəm'

III Respublika Platformasının qurucu üzvü, "ToplumTV işi" üzrə həbsdə olan Ruslan İzzətli saxlanıldığı Bakı İstintaq Təcridxanasında ultrasəs müayinəsi (USM) ilə təmin olunmamasından şikayətçidir.

Siyasətçinin noyabrın 27-də yayılan açıqlamasında bildirilir ki, o, bir aydan artıqdır USM üçün həkim qəbuluna yazılmağı gözləyir, lakin hələlik hər hansı müsbət nəticə əldə olunmayıb: "Artıq ağrılardan gecə ağrıkəsici vurmaq məcburiyyətində qalıram. Ən böyük narahatlığım ödümdə hər hansısa bir dəyişikliyin olub-olmamasıdır. Öd funksiyasını itirib, cərrahi əməliyyatla götürülməlidir. Həbsxana şəraitinə görə cərrahi əməliyyata girmirəm".

R.İzzətli əlavə edib ki, amma səhhətini davamlı nəzarətdə saxlayır, qidalanmasına diqqət edir. "Son həftələr ağrıların intensivləşməsi USM-dən keçməyimi tələb edir. Penitensiar Xidmətin USM həkimi, görünür, yoxdur...", - siyasətçi vurğulayıb.

"Ümid edirəm ki, 2026-cı il dövlət büdcəsində həbsxanalarda olan minlərlə vətəndaşı düşünüb Ədliyyə Tibb Xidmətinə peşəkar həkimlərin cəlbi üçün büdcə ayrılacaq", - o, sonda da əlavə edib.

R.İzzətli İkinci Qarabağ müharibəsinin də iştirakçılarındandır.

Hələlik onun bu müraciətinə Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

"ToplumTV işi"...

"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. Bu iş üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, ToplumTV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Hazırda məhkəmələri gedir.

Xatırlatma

Bütövlükdə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduğunu deyirlər.

Rəsmilər isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə, siyasi motivlərlə həbs olunmadığını söyləyirlər. Onlar iddia edirlər ki, həbsdəkilər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.

XS
SM
MD
LG