Moskva ABŞ-nin Ukrayna ilə danışıqlardan sonra yenilənmiş təkliflərini görməyib, amma onun bəzi hissələri xoşuna gəlməyə bilər. Bunu Rusiyanın "Interfax" xəbər agentliyi Kremlin xarici siyasət müşaviri Yuri Uşakova istinadla yayıb.
RIA dövlət xəbər agentliyi Uşakova istinadla yazır ki, Rusiya ABŞ ilə Ukrayna ilə danışıqların nəticəsini gec, ya tez müzakirə edəcək.
+++
ABŞ təmsilçiləri Ukrayna sülh danışıqlarında Kiyevdən hazırda Donetsk vilayətində nəzarət etdiyi hissədən qoşunlarını çıxarmasını təklif edirlər. Bunun qarşılığında Rusiya qoşunları həmin ərazilərə girməyəcək, bu zonalar "demilitarizasiya olunmuş", yaxud "azad iqtisadi" zona sayılacaq. Bunu dekabrın 11-də jurnalistlərə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, ABŞ tərəfi bu təklifi kompromis sayır, amma Ukrayna belə yanaşma ilə razı deyil.
Zelenski deyib ki, Donetsk vilayətinə nəzarət, Zaporojye AES sülh danışıqlarında həll olunmamış məsələlərdəndir. Rusiya istənilən halda bütün Donbası öz nəzarətinə almaq istəyir və amerikalılar Ukraynanı buna razı salmaq üçün format axtarırlar, - Zelenski əlavə edib. Onun dediyinə görə, Ukrayna bunu qəbul etmir, elə amerikalıların özləri də hələlik Ukrayna qoşunları çıxarılarsa, demilitarizasiya olunmuş zonaya kimin nəzarət edəcəyinə aydınlıq gətirə bilməyiblər.
Qoşunlar bir halda geri çəkilə bilər
Zelenski bildirib ki, Ukraynanın mövqeyi qoşunların təmas xəttində qalmasını tələb edir. Amma o, Ukraynanın qoşunlarını geri çəkməyə razılaşacağını istisna etməyib, yalnız o halda ki, Rusiya da qoşunları eyni məsafəyə geri çəksin. Zelenskinin sözlərinə görə, hazırkı sülh planı Rusiyanın işğal etdiyi Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərinin bəzi hissələrindən qoşunlarını çıxarmasını nəzərdə tutur, amma bu, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinə aid deyil.
Prezident hazırda Rusiyanın nəzarətində olan Zaporojye AES barədə deyib ki, ABŞ bu stansiyanı birgə idarə etmək istəyir. Zelenski bunu tam istisna etməyib, amma Rusiya qoşunları stansiyadan və onun ətrafından çıxarılarsa.
Zelenski vurğulayıb ki, ərazilərlə bağlı son qərarı Ukrayna xalqı seçki və ya referendum yoluyla verməlidir. Ukrayna dəfələrlə bildirib ki, atəşkəs naminə işğal olunmuş ərazilərin Rusiyanın nəzarəti altında qalmasına razılaşa bilər, ancaq onları heç bir halda de-yure Rusiya ərazisi kimi tanımayacaq.
Şənbə günü daha bir görüş planlaşdırılır
Zelenski dekabrın 11-də Ukrayna və ABŞ təmsilçilərinin Ukraynaya təhlükəsizlik təminatlarını müzakirə etdiyini bildirib. İclasda Pentaqon rəhbəri Pit Heqset, dövlət katibi Marko Rubio, NATO baş katibi Mark Rutte də iştirak edib. Detallar açıqlanmayıb.
"Axios" yazır ki, dekabrın 13-də ABŞ, Ukrayna, Fransa, Almaniya və Böyük Britaniyanın yüksəkrütbəli rəsmiləri Parisdə bir araya gələcək, ABŞ-nin sülh təşəbbüsünü müzakirə edəcəklər.
Amma Ağ evin mətbuat katibi Kerolayn Livitt deyib ki, ABŞ-nin Paris görüşündə iştirakı hələ bəlli deyil. Onun sözlərinə görə, prezident Tramp görüşün vaxt itkisinə çevrilməsini istəmir. "O, daha çox danışıqlar deyil, konkret addımlar görmək istəyir", – Livitt deyib. Sözçü Trampın bu müharibənin hər iki tərəfindən razılığa gələ bilmədikləri üçün məyus olduğunu söyləyib.
Bundan öncə isə Ukrayna Avropa tərəfdaşları ilə razılaşdırdığı sülh planı layihəsini ABŞ-yə təqdim ediblər. ABŞ prezidenti D.Tramp bir gün öncə Zelenskini yenidən sülh təkliflərinə tezliklə razılaşmağa çağırıb. Ukrayna və Aİ həmin təkliflərin bir hissəsini qəbuledilməz sayır. Ərazi məsələləri, təhlükəsizlik təminatları, dondurulmuş Rusiya aktivlərindən istifadə məsələləri hələlik həllini tapmayıb.