Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də hərbçilərlə görüşündə Avropa liderlərinə xitabən "podsvinki" sözünü işlədib. Ruscadan tərcümədə bu, "çoşqa" - donuz balası deməkdir.
AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus bölməsinin redaktoru Stiv Qatterman Putinin niyə belə küçə sözləri işlətməsinin səbəblərindən yazır.
1999-cu ildə Putin çeçen separatçılarına xitabən "terrorçuları ayaqyolunda islatmaq" vədi verib. Putin Qərbə, dünyaya, Rusiya xalqına mesajlarını çatdırmaq üçün küçə slenqindən, aşağılayıcı dildən tez-tez yararlanır.
Putin son dedikləri isə, güman ki, həm Rusiyada, həm başqa yerlərdə izləyicilərə hesablanıb. Onun sözlərinin Qərb liderlərinə şapalaq kimi qəbul olunacağını düşünüb. Moskva Ukraynada işğalçı müharibə apardığı bir vaxtda elə Rusiya dövlət televiziyası Qərb liderlərini qaralamaqla məşğuldur.
Amma bu hələ hamısı deyil. Putin çıxışında ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı dediklərini yada salıb. Trampın təbirincə, 2022-ci ilin fevralında Co Bayden deyil, o, prezident olsaydı, Moskva tammiqyaslı işğala başlamazdı. Putin bir daha vurğulayıb ki, Tramp dediklərində haqlı ola bilər.
Köhnə hamam, yeni tas?
O iddia edib ki, Bayden administrasiyası müharibəni "bilərəkdən" qızışdırıb: "Məncə, niyəsi ayındır: Hamı inanırdı ki, qısa vaxtda Rusiyanı dağıdacaqlar, "avropalı çoşqalar" isə dərhal keçmiş Amerika administrasiyasına qoşuldular, ölkəmizin çökməsindən qazanc götürəcəklərinə ümid etdilər".
Putin 20 ildən çoxdur Qərbi Rusiyanı parçalamaq niyyətində ittiham edir. 2004-cü ildə Beslanda məktəbdə girov götürmə əməliyyatı azı 330 nəfərin ölümü ilə nəticələnmişdi. Onda Putin deyirdi ki, Qərb ölkələri Rusiyanı zəiflətməkdən ötrü silahlılara kömək edir. Qərb liderlərinin çoxu bu iddianı əsassız sayırlar.
Bu dəfə isə Putinin "çoşqa" ritorikası təkcə həmin iddianın təkrarlanması deyil.
Birincisi, Putin ABŞ ilə Ukraynanın Avropadakı dəstəkçiləri arasında narazılıq toxumu səpməyə çalışır. Həm də Trampın sülh sazişinə nail olmaq üçün səyləri artırdığı bir vaxtda. Ötən ay ABŞ-dən gələn təklifi tənqidçilər Rusiyanın xeyrinə olduğunu deyiblər. Britaniya, Fransa və Almaniya daxil, Avropa ölkələri potensial sazişin Ukraynaya uyğun olması üçün ona dəyişikliklər etməyə Kiyevə kömək göstəriblər.
Avropanı günahlandırmaq
Putinin işlətdiyi söz təkcə "bala donuz" demək deyil. "Çoşqa" həm də itaətkarlıq, əlaltı olmaq anlamındadır. Axı Rusiya Aİ və NATO ölkələrini öz ağaları olmamaqda, ABŞ-nin təsiri altında olmaqda suçlayır. Bu dəfə isə Putin həmin ölkələri Bayden administrasiyasına itaət etdiyini demək istəyir.
S.Qatterman yazır ki, Putin həm də Avropanın özündə bölücülüyü dərinləşdirmək istəyə bilər. Özəlliklə də Avropa İttifaqının, Britaniyanın Ukraynanı dəstəkləməsi, Rusiyaya təzyiq göstərməsi məsələsində. Putin Aİ sammitindən bir gün öncə danışıb. Sammitdə Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kredit vermək məsələsini razılaşdıra bilməyiblər.
Putin 17 dekabr çıxışında onu da deyib ki, təklif olunan hər hansı sülh sazişi Moskvanın tələblərinə cavab verməsə, Rusiya Ukrayna ərazisindən özünük saydığı hissələri alacaq.
Beləliklə, Putinin "çoşqa" həcvinin daha bir məqsədi də qabaqdangəlmişlik idi –sülh danışıqlarının alınmayacağı, yaxud Kremlin istədiyi sazişin ərsəyə gəlməyəcəyi halda, Avropanı öncədən günahlandırmaq.