NATO üzvləri Rusiyanın növbəti hədəfi ola bilərlər, buna görə də Moskvanın yaratdığı təhlükəni daha təcili nəzərə almalıdırlar. Belə bir xəbərdarlıqla alyansın baş katibi Mark Rutte çıxış edib.
Bu, Ruttenin indiyədək verdiyi ən kəskin bəyanatlardan sayılır. O, dekabrın 11-də Berlində çıxışında deyib ki, NATO-nun 32 üzvü Rusiyayla müharibənin qarşısını almaq üçün müdafiəni gücləndirməlidir; belə bir müharibə "baba və nənələrimizin üzləşdiyi miqyasda" ola bilər.
"Rusiyanın növbəti hədəfi bizik. Və artıq təhlükə altındayıq", – Rutte deyib. O əlavə edib ki, Rusiya beş il ərzində NATO-ya qarşı hərbi gücdən istifadə etməyə hazır ola bilər.
"Çoxlarının sakitcə arxayınlaşması məni qorxudur. Çoxları durumun necə təcili olduğunu hiss etmir. Çoxları inanır ki, zaman bizim xeyrimizədir. Belə deyil. Hərəkətə keçmək vaxtıdır", – alyans rəhbəri deyib.
Rutte NATO müttəfiqlərini müdafiə xərcləri və istehsalı sürətlə artırmağa çağırıb.
Rusiya dörd ilə yaxındır Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb. Bu, İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük və ən qanlı münaqişədir. Kreml müharibəyə başlamasının səbəblərindən biri kimi NATO-nun genişlənməsi ehtimalını göstərib.
Rutte, Qərb kəşfiyyat mənbələri müharibənin 1 milyondan çox itkiyə səbəb olduğunu bildirir.
Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də Avropa dövlətlərinə xəbərdarlıq edib ki, əgər onlar Rusiya ilə müharibəyə başlasalar, Moskva döyüşə hazırdır.
Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 11-də Moskvada səfirlərlə dəyirmi masada bildirib ki, Kreml nə Aİ-yə, nə də NATO-ya qarşı hərbi hücum planlaşdırır, buna "kollektiv, qarşılıqlı əsasda yazılı və hüquqi təminatlar verməyə hazırdır".
Ötən ay Almaniya və Rumıniya qırıcıları Rumıniyanın hava məkanına daxil olan dronları izləmək üçün havaya qaldırılıb. Bu zaman Rusiya qonşu Ukraynada, Dunay çayı boyunca hədəfləri vururdu.
Rusiya dronlarının Rumıniya və Polşanın hava məkanına, Rusiya hərbi təyyarələrinin Estoniya hava məkanına girməsi fonunda NATO hava müdafiəsini gücləndirmək üçün "Eastern Sentry" təşəbbüsünü başladıb.