Saxlandığı 3 saylı Uşaq Evində onlara qarşı pis rəftar, yeyinti halları barədə sosial şəbəkələrdə görüntülər paylaşandan sonra psixiatriya xəstəxanasına yerləşdirilən, ardından uşaq evində təcavüz ittihamıyla həbs olunan Məhəmməd Hacıyev təqsirsiz olduğunu deyir. Ona şər atıldığını deyən M.Hacıyevin sözlərinə görə, uşaq evindəki qanunsuzluqları ictimailəşdirdiyinə görə cəzalandırılıb. O, məhkəməsində də, apellyasiya şikayətində vurğulayıb ki, saxta ittihamla 10 il həbsə məhkum edilib.
M.Hacıyevin vəkili Bakı Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı hökmdən apellyasiya şikayəti verib. Şikayətdə yazılıb ki, yetkinlik yaşına çatmadan həbs olunmuş M.Hacıyevin hüquqları istintaq vaxtı dəfələrlə pozulub. M.Hacıyev deyir ki, ona dövlət hesabına vəkil təyin olunan şəxs ona faktiki vəkillik etməyib. O bildirir ki, cinayət işinin materiallarında onun vəkilin iştirakıyla dindirildiyi göstərilsə də, əslində belə olmayıb: "Müstəntiq özü yazdığı ifadəni mənə imzalatdırıb".
Bu iddialara qarşı tərəfin mövqeyi bəlli deyil. Məhkəmə isə onun müdafiə hüququnun pozulmadığı qənaətinə gəlib.
Kamera görüntülərini tələb ediblər
M.Hacıyev uşaq evindəki oğlan uşaqlarından birinə qarşı təcavüzdə ittiham olunur. O, psixiatriya xəstəxanasından çıxarılandan sonra yenidən uşaq evinə qaytarılıb. İddia olunur ki, ora qayıdandan sonra – 2024-cü ilin avqustunda 13 yaşlı S.A.-yə qarşı cinayət törədib.
M.Hacıyev və vəkili həm Bakı Ağır Cinayətlər Məhkəməsində, həm də apellyasiya məhkəməsində tələb edib ki, uşaq evindəki kamera görüntüləri məhkəməyə təqdim olunsun, onun cinayət törətməsini təsdiqləyən mötəbər sübutlar ortaya qoyulsun. Təqsirləndirilən şəxsin sözlərinə görə, orada hər yerdə videokameralar var: "İnternatda hər yerdə kamera var. Mən müstəntiqdən də xahiş etmişdim ki, kamera görüntülərini götürsün. Müstəntiq etmədi...".
O əlavə edib ki, cinayət törədildiyi iddia edilən dövrdə Hövsanda olub. Dediyinə görə, orada "Büllur" su şirkətində işləyir, gecələr də konteynerdə yatırdı.
"Yeni sübut təqdim etmək mümkün deyil"
3 saylı Uşaq Evinin direktor müavini isə məhkəmədə iddia edib ki, hadisə baş verən dövrdə uşaqların yataq yeri və sanitar qovşaq sahələrində müşahidə kameraları olmayıb. Bu üzdən azyaşlı S.A.-ə qarşı təcavüz törədildiyi yerlərdən görüntüləri təqdim etmək mümkün deyil. Direktor müavini M.Hacıyev haqqında 10 illik həbs hökmünün də qüvvədə saxlanmasını istəyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nümayəndəsi isə kamera görüntüləri ilə əlaqədar deyib ki, əvvəllər uşaq evi icra hakimiyyətinin tabeliyində olanda yataq yerində, sanitar qovşaq sahələrində kameralar olmayıb. Müəssisə Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləndən sonra orada çoxsaylı müşahidə kameraları quraşdırılıb: "Hadisədən uzun müddət keçdiyinə görə yeni sübut təqdim etmək mümkün deyil".
Təcavüz olayının 2024-cü ilin avqustunda baş verdiyi iddia olunur, uşaq evləri isə həmin vaxt artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilmişdi.
Nazirlər Kabinetinin 12 dekabr 2023-cü il tarixli qərarı ilə əvvəllər Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 və 2 nömrəli Ailə tipli kiçik qrup evləri, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan uşaq evləri və s. müəssisələr Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Bakı Apellyasiya Məhkəməsi araşdırmalardan sonra bugünlərdə M.Hacıyevin şikayəti ilə bağlı qərar çıxarıb. Qərara əsasən, onun haqqında hökm dəyişməyib. Məhkəmə bu qərarını onunla əsaslandırıb ki, M.Hacıyev istintaqdakı ifadəsində, onun haqqında həbs qətimkan tədbiri seçiləndə məhkəmədə cinayəti etiraf edib. Məhkəmə vurğulayıb ki, ona qarşı ittiham ekspertiza rəyi, şahid ifadələri ilə də təsdiqini tapıb.
M.Hacıyev valideynlərini itirdiyinə görə uşaq evində qalırdı. Onu ora ögey qardaşı yerləşdirib.
Xatırlatma
2006-cı il təvəllüdlü Məhəmməd Hacıyev 2023-cü ilin aprelində sosial şəbəkələrdə saxlandığı 3 saylı Uşaq Evində yaşananlar barədə videomüraciət yayıb. O bildirirdi ki, uşaq evində ətin yaxşı hissələrini rəhbərlik və digər işçilər evinə aparır, piylər və yaxud sümüklər bişirilir, uşaqlara verilir: "Uşaqlar çörəkdən doymur. Məktəbdə uşaqların ağzına baxırlar. Evdən gələn uşaqlardan dilənməyə məcbur olurlar. Ətin sümüklü, piyli tərəflərini bişirirlər, ətli yerlərini aparırlar. Südü, almaları aparırlar, çürüklərini saxlayırlar".
M.Hacıyev paylaşımlarından sonra Maştağadakı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. O zaman xəstəxananın baş həkimi olan Ağahəsən Rəsulov yerli mediaya açıqlamasında bildirmişdi ki, yeniyetmə psixi xəstə deyil və onun bu xəstəxanada qalmasına ehtiyac yoxdur: "Onda müəyyən psixoloji pozuntular var, amma çox cüzidir. O pozuntulardan Bakının yarısında var. Əhalinin yarısı gəlib bizim xəstəxanada yatmalıdır?! Bunun problemi çox yüngüldür, bu bizdə yatmamalıdır. Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul etmir".
Bu açıqlamadan az sonra A.Rəsulov vəzifəsindən azad edilmiş, səbəb kimi isə yaş həddi göstərilmişdi.