Keçid linkləri

2026, 29 Yanvar, Cümə axşamı, Bakı vaxtı 15:15

Zelenski deyir, ərazi məsələsində 'konsensus yoxdur'

Berlində ABŞ-Ukrayna danışıqları. 14 dekabr 2025
Berlində ABŞ-Ukrayna danışıqları. 14 dekabr 2025

Kiyev Donbası Rusiya ərazisi kimi "nə de-yure, nə de-fakto" tanıyacaq, ərazi məsələsində hələlik "konsensus yoxdur". Bunu Ukrayna prezidenti Volodimir Zelenski Berlin danışıqlarının yekunlarını şərh edərkən deyib. "Ukrainska Pravda" ondan sitat gətirir.

Zelenski deyib ki, Rusiyanın Donbasla bağlı mövqeyi dəyişməyib: "Bilirsiniz ki, onlar bizim Donbası istəyirlər. Mövqeyimiz praktik, real, ədalətlidir, ona söykənirik, Donbasımızı vermək istəmirik. Amerikalılar kompromis tapmaq istəyirlər, azad iqtisadi zona təklif edirlər. Bir daha vurğulayıram, azad iqtisadi zona – Rusiya Federasiyasının rəhbərliyi altında demək deyil".

"Donbası Rusiya ərazisi kimi nə de-yure, nə de-fakto tanıyacağıq. Müvəqqəti işğal altında olan ərazini. Amma ərazilər məsələsini müzakirə edəcəyik. Bilirsiniz ki, bu, əsas məsələlərdən biridir. Hələlik konsensus yoxdur", – Zelenski əlavə edib.

"Bloomberg", bir sıra media qurumları ABŞ nümayəndə heyətinə istinadla yazır ki, Berlin danışıqlarında həll olunmamış məsələlərdən 90 faizi üzrə konsensus əldə olunub.

Rusiya da Ukrayna ilə danışıqlarda ərazi güzəşti olmayacağını deyir

Rusiya Ukraynada müharibənin bitməsini hədəfləyən danışıqlarda hər hansı ərazi güzəştinə razı deyil. Bunu TASS xarici işlər nazirinin müavini Sergey Ryabkova istinadla yazıb.

Agentlik qeyd edir ki, Ryabkov Donbas, Krım və Moskvanın "Novorossiya" dediyi ərazi barədə danışıb.

Zelenski sülh danışıqlarında 'ağrılı' məsələni açıqladı

Berlində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başa çatıb. Danışıqlarda məqsəd Rusiyanın Ukraynaya qarşı dörd ilə yaxındır apardığı müharibəni bitirməkdir.

Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff Cared Kuşnerin iştirakı ilə danışıqlar dekabrın 14-də start götürüb və beş saatdan çox davam edib. Medianın məlumatına görə, bazar ertəsi danışıqlar təxminən iki saat sürüb. Zelenski yenə də danışıqlarda iştirak edib. Daha sonra o, Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə görüşə gedib.

Görüşdən sonra Zelenski Amerika nümayəndə heyəti ilə danışıqların məhsuldar və təfsilatlı olduğunu deyib, "ləyaqətli sülh"ə ümid etdiyini bildirib. O, danışıqların asan olmadığını etiraf edib. Zelenskinin sözlərinə görə, ağrılı olanı ərazi məsələsidir. "Bütün məsələlər sadə deyil. Xüsusilə ərazi mübahisələrinə gəldikdə, çox mürəkkəb məsələlər var", - o əlavə edib.

Bir gün öncə Uitkoff "əhəmiyyətli irəliləyiş" əldə olunduğunu bildirmişdi. "Reuters" və bir sıra digər media qurumları mənbələrinə istinadən yazırdı ki, xüsusilə Ukraynanın NATO üzvlüyünə alternativ ola biləcək təhlükəsizlik zəmanətləri müzakirə edilib. "The Wall Street Journal" və AFP-nin məlumatına görə, ABŞ nümayəndələri Ukrayna qoşunlarının Donetsk vilayətinin onların nəzarəti altında qalan hissəsindən çıxarılmasında israr etməyə davam ediblər. Bu, Rusiyanın əsas şərtidir. Mənbələrə görə, - Kiyev nümayəndələri bunu açıq şəkildə də bildiriblər, - Ukrayna tərəfi buna razı deyil.

Donald Tramp
Donald Tramp

Tramp: "Məncə, indi yaxınıq"

ABŞ və Ukrayna rəsmiləri Berlin danışıqlarında "əsaslı proqres" əldə olunduğunu deyiblər. Məlumatlara görə, Vaşinqton Kiyevə NATO-nun 5-ci maddəsində qarşılıqlı müdafiə vədinə oxşar təhlükəsizlik zəmanətləri təklif edib.

Əsas məsələlər, o cümlədən Donetsk vilayətində Kiyevin nəzarətində olan ərazilərin taleyi barədə suallar qalır.

ABŞ prezidenti Donald Tramp isə Ukrayna müharibəsini bitirəcək razılaşmanın yaxın olduğunu deyib.

"Bunu həll etməyə çalışırıq, məncə, indi yaxınıq", – Tramp Berlin danışıqları bitəndən sonra Oval ofisdə jurnalistlərə deyib.

"Rusiya prezidenti Putinlə saysız danışıqlarımız olub, məncə, indi həmişəkindən daha çox yaxınıq və görək nə edə biləcəyik", – Tramp deyib.

O, bu yaxınlarda Putinlə danışdığını söyləsə də, detalları, söhbətin nə zaman baş tutduğunu açıqlamayıb.

+++

Bir sıra media orqanları ABŞ rəsmilərinə istinadla yazırlar ki, Berlin danışıqlarında təklif olunan zəmanətlər "5-ci maddəyə oxşardır".

NATO xartiyasının 5-ci maddəsində deyilir ki, alyansın bir üzvünə hücum bütün üzvlərə hücum sayılır.

Vaşinqtonun belə zəmanətləri necə verəcəyi detallı bəlli deyil, amma rəsmilər belə təklifin masa üstündə həmişəlik qalmayacağını da deyiblər.

Putinin sözçüsü Dmitri Peskov dekabrın 15-də deyib ki, Ukraynanın NATO üzvlüyündən kənarlaşdırılması Kreml üçün istənilən sülh sazişinin "əsas sütunudur". Rusiya Berlin danışıqlarından sonra ABŞ rəsmilərindən məlumat gözləyir.

Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətləri planı təqdim edib

Avropa liderləri Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra Ukrayna üçün altı bənddən ibarət təhlükəsizlik zəmanətləri təqdim edib.

1. Ukraynaya daimi hərbi dəstək, dinc dövrdə Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfər həddində saxlanması;

2. Avropanın rəhbərliyi altında "İstəklilər koalisiyası" çərçivəsində çoxmillətli qüvvələrin formalaşdırılması və ABŞ-nin dəstəyi ilə onların Ukrayna ərazisində mümkün fəaliyyətləri;

3. ABŞ-nin rəhbərliyi altında, beynəlxalq nümayəndələrin iştirakı ilə atəşkəsə nəzarət mexanizmi – bu mexanizm vəziyyətin monitorinqi, hücumlar barədə erkən xəbərdarlıq, pozuntuların qeydə alınması və onlara reaksiya verilməsi ilə məşğul olacaq;

4. Ukraynanın bərpasına investisiyalar, yenidənqurma işlərinin maliyyələşdirilməsi, ticarət sazişləri və Rusiyanın vurduğu zərərə görə kompensasiya. Rusiyanın Aİ-dəki aktivləri dondurulmuş qalır;

5. Gərginliyin artması, Ukraynaya hücum halında hərbi, kəşfiyyat, iqtisadi və diplomatik vasitələrlə cavab vermək öhdəliyi;

6. Ukraynanın Aİ-yə üzvlüyünə dəstək.

14 dekabr

Ukrayna NATO-ya üzvlük niyyətindən əl çəkə bilər, amma...

Danışıqlar öncəsi Zelenski deyib ki, Qərbdən alternativ təhlükəsizlik zəmanətləri qarşılığında Ukrayna NATO-ya qoşulmaq niyyətlərindən əl çəkə bilər.

Amma bu qərar Zelenski üçün asan olmaya bilər, çünki alyansa üzvlük siyasi məqsəd olaraq Ukrayna konstitusiyasına salınıb.

"Bu gün Ukrayna və ABŞ arasında ikitərəfli təhlükəsizlik zəmanətləri, ABŞ-dən 5-ci maddəyə bənzər qarantiyalar, Avropa həmkarlarımızdan, Kanada və Yaponiyadan təhlükəsizlik zəmanətləri Rusiyanın işğalını önləmək üçün bir imkandır", – Zelenski WhatsApp söhbətində bir jurnalistin sualına cavabında deyib. O, ABŞ və Avropadan bəzi tərəfdaşların Ukraynanın NATO-ya qoşulmaz arzusunu dəstəkləmədiyini əlavə edib.

"Bu artıq bizim tərəfdən güzəştdir", – deyən Zelenski zəmanətlərin hüquqi baxımdan məcburiliyi öhdəliyinin qoyulmasının vacibliyini vurğulayıb.

Kiyevin NATO-dan uzaq tutulması Moskvanın əsas tələblərindən biridir. NATO üzvlərinin çoxu da Ukrayna üçün bu variantı çıxdaş ediblər.

Sülh planının 20 bəndə salındığı deyilir

Moskva Berlin danışıqlarının əhəmiyyətini kiçildir. Danışıqlarda ərazilərə nəzarət, təhlükəsizlik zəmanətləri ilə bağlı fikir ayrılıqları qalır.

Noyabrda Vaşinqton 28-bəndlik sülh planı təqdim edib. Kiyev Avropadan müttəfiqləri ilə plana dəyişikliklər etməyə çalışıb.

Rəsmilər planın 20 bəndə salındığını desələr də, detallar açıqlamayıblar.

Bu arada Ukrayna və Rusiya bir-birinə qarşılıqlı zərbələr endirir.

XS
SM
MD
LG