Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 06:55

MTN polkovniki məhkəmədən bəraət istədi


Sabiq MTN-nin baş qərargahı

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi olmuş və sonra həbs edilən polkovnik Mirəziz Əsgərov məhkəmədən ona bəraət verməsini istəyib.

O, bu gün, avqustun 4-də Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə son söz deyib.

İclasın əvvəlində cinayət işində adı zərərçəkmiş şəxs qismində keçən Vidadi Əzizovun prosesdə iştirakının mümkün olmaması barədə bilgi verilib. Məhkəmə onun ölkədə olmadığından məhkəməyə gələ bilmədiyini elan edib.

Buna da bax:​ Həbsdəki MTN polkovnikinə 5 il cəza istənildi

Mirəziz Əsgərovun vəkili Fazil Nehmətov çıxışı edib. O, öz çıxışında məhkəmə prosesi boyunca müdafiə etdiyi şəxsə irəli sürülən ittihamların təsdiqlənmədiyini, bu üzdən onun barəsində bəraət hökmünün çıxarılmalı olduğunu bildirib.

M.Əsgərov da söz deyərkən günahsız olduğunu bildirib. Ona irəli sürülən ittihamların heç birini qəbul etməyən keçmiş polkovnik məhkəmədən bəraət istəyib.

Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi məhkəmə heyəti müşavirəyə gedib. Daha sonra prosesin avqustun 7-də davam edəcəyi bildirilib. Həmin gün hökmün elan edəcəyi gözlənir.

MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi olmuş Mirəziz Əsgərovun işi üzrə bundan öncəki məhkəmə iclasında dövlət ittihamçısı çıxış etmişdi. Dövlət ittihamçısı cinayət işi üzrə ittihamların məhkəmə istintaqında sübuta yetirildiyini bildirmiş, keçmiş polkovnikə 5 il həbs istəmişdi.

Buna da bax: MTN polkovniki: 'Evin sənədi heç yerdə girov saxlana bilməz. Bu qanunsuzdur'

Prokuror öz çıxışında iş üzrə zərərçəkmiş V.Əzizovun Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min, şəxsən M.Əsgərova isə 193 min manatlıq mülki iddia qaldırmasına da münasibət bildirmişdi. Dövlətə mülki iddianın tam rəddi, MTN polkovnikinə qarşı iddianın isə baxılmamış saxlanması istənilmişdi.

XATIRLATMA

Mirəziz Əsgərov 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra həbs olunub. O, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanır.

Amma MTN polkovniki ittihamları qəbul etmir. Deyib ki, Vidadi Əzizov indi ona qarşı cinayət işində pulu alınan zərərçəkmiş sahibkar kimi təqdim olunsa da, əslində onun özü həbs olunmalıdır. Çünki onun deməsinə görə, Əzizov iş adamı deyil, İran və digər ölkələrlə bağlı «çirkli pul»ların yuyulması ilə məşğul olub.

Buna da bax:​ MTN polkovnikindən çağırış: 'Mənim səhvimi təkrarlamayın...'

“MTN işi” ilə bağlı 2015-ci ilin oktyabrında açılan cinayət işi üzrə 65 nəfər zərərçəkən şəxs qismində tanınıb. 20 nəfər isə həbs olunub. Sonradan onlardan biri buraxılıb.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra, onun bazası əsasında 2 qurum yaradılıb. Bunlar Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətidir.

Həmin həbslərdən və qurumun ləğvindən öncə, 2015-ci ilin oktyabrın 18-də milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılmışdı. O, vaxt bu hadisələr hakimiyyətin nəzarət etmədiyi mətbu orqanlarında əsasən iki amillə izah edilirdi. Bir qisim təhlilçilər bunu “əmlak savaşı”, başqa bir qisim təhlilçilər isə ölkə rəhbərliyinin telefon danışıqlarının gizlin dinlənməsinin üzə çıxması ilə izah edirdilər. Həmin vaxt Rabitə və İnformasiya Texnologiya Nazirliyində də bir sıra həbslər aparılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG