Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:59

Həbsdəki MTN polkovnikinə 5 il cəza istənildi


MTN
MTN

MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi olmuş, nazirlik ətrafındakı məlum hadisələrdən sonra həbs edilən polkovnik Mirəziz Əsgərova 5 il həbs cəzası istənilib. İyulun 28-də Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı Vüqar Quliyev belə bir təkliflə çıxış edib.

Prokuror deyib ki, M.Əsgərova verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilib. Yəni, MTN polkovnikinin sahibkar Vidadi Əzizovdan həbs olunmaq hədəsi ilə pul aldığı məhkəmədə təsdiqlənib.

Prokuror çıxışında yada salıb ki, zərərçəkmiş V.Əzizov Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manatlıq, şəxsən M.Əsgərova qarşı isə 193 min manatlıq mülki iddia qaldırmışdı. Dövlət ittihamçısı hesab edir ki, dövlətə qarşı mülki iddia tam rədd edilməli, MTN polkovnikinə qarşı iddia isə baxılmamış saxlanmalıdır. Prokurorun sözlərinə görə, V.Əzizov dövlətə qarşı qaldırdığı mülki iddianı əsaslandıra bilməyib. Zərərçəkmiş isə düşünür ki, əgər dövlət orqanında çalışan vəzifəli şəxs ona qarşı cinayət törədibsə, deməli, onun əməlinə görə həm də dövlət məsuliyyət daşıyır.

***Buna da bax-MTN polkovniki: 'Evin sənədi heç yerdə girov saxlana bilməz. Bu qanunsuzdur'

«Vidadi Əzizova qarşı cinayət 2012-ci ildə baş verib. O, törədilən cinayətlə əlaqədar müvafiq qurumlara müraciət etməyib. Yalnız 2015-ci ildə rəsmi şəkildə şikayət edib. O şikayətdən sonra da ciddi tədbir görülüb. Buna görə də onun dövlətə qarşı mülki iddiası tam şəkildə rədd edilməlidir», – prokuror belə deyib.

«HAMI MTN-DƏN QORXURDU»

M.Əsgərovun bir sıra əmlaklarının üzərinə həbs qoyulub. Həmin əmlakların müsadirə olunub-olunmamasına gəlincə, prokuror bu məsələ ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Zərərçəkmiş V.Əzizovun nümayəndəsi Fəxrəddin Məmmədov 2012-ci ildə hadisədən dərhal sonra hüquq-mühafizə orqanlarına şikayət edilməməsi ilə bağlı prokurorun iradına cavab verib. Deyib ki, o dövrdə MTN-dən şikayət etməyə kimin cürəti çatardı?

***Buna da bax-MTN polkovniki: 'Şeytan maşını işə düşüb, daha dözə bilmirəm...'

«Hamı Eldar Mahmudovdan və MTN-dən qorxurdu. Deyirdilər ki, MTN-dən, Eldar Mahmudovdan şikayət eləmək olar? Ona görə də indi bizi vaxtında şikayət etməməkdə günahlandırmaq düzgün deyil», – F.Məmmədov bildirib.

Vəkil həmçinin deyib ki, V.Əzizovun əlindən hədə-qorxu ilə pulunun alınmasına görə təqsirkar təkcə M.Əsgərov deyil. Onun sözlərinə görə, bu cinayət MTN-dəki mütəşəkkil dəstə tərəfindən törədilib:

«Həmin şəxslər vəzifələrindən sui-istifadə edərək bu əməli törədiblər. Buna görə də mülki iddiamız təmin olunmalıdır».

Məhkəmə avqustun 4-də M.Əsgərovun vəkilinin müdafiə çıxışı və özünün son sözü ilə davam edəcək.

XATIRLATMA

Mirəziz Əsgərov 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra həbs olunub. O, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanır. Amma MTN polkovniki ittihamları qəbul etmir. Deyir ki, Vidadi Əzizov indi ona qarşı cinayət işində pulu alınan zərərçəkmiş sahibkar kimi təqdim olunsa da, əslində onun özü həbs olunmalıdır. Çünki Əzizov işadamı deyil, İran və digər ölkələrlə bağlı «çirkli pul»ların yuyulmasıyla məşğul olub, xarici xüsusi xidmət orqanlarına casusluq edib. Onun sözlərinə görə, MTN-də də bu haqda yetərincə material toplanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG