Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:00

MTN polkovniki: 'Evin sənədi heç yerdə girov saxlana bilməz. Bu qanunsuzdur'


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş şöbə rəisi, həbsdə olan polkovnik Mirəziz Əsgərov mənzilində axtarış zamanı evinin sənədləri də götürülüb. İndi MTN polkovniki o sənədləri geri istəyir.

Mirəziz Əsgərov iyunun 23-də məhkəməsində bu haqda vəsatət qaldırıb.

Hədə-qorxu ilə Vidadi Əzizov adlı iş adamından 350 min pul almaqda ittiham olunan MTN polkovnikinin işinə Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ MTN polkovnikindən çağırış: 'Mənim səhvimi təkrarlamayın...'

“Evdə iş görəndə sənədlər tələb olunur. Buna görə də ailəm problemlər yaşayır. Mülkiyyət qanununa görə, evin sənədi heç yerdə girov saxlanıla, götürülə bilməz. Bu qanunsuzdur”, - deyə Mirəziz Əsgərov bildirib.

Hakim bildirib ki, evin sənədləri ilə bağlı məsələ araşdırılacaq.

MTN-də əməkdaşın çantasından hansı məqsədlə istifadə olunub?

Məhkəmədə əvvəllər MTN-in, indi isə nazirliyin bazasında yaradılmış Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olan Elxan Mikayılov da dindirilib. Onun sözlərindən belə məlum olub ki, MTN-də əməkdaşın kompüterinin çantasından başqalarına qarşı maddi sübut kimi istifadə olunurmuş: "Vidadi Əzizov saxlanılan gün rəis Aydın Manafov məndən çanta istədi. Həmin çanta mənim şəxsi noutbukumun çantası idi, amma ondan işlərdə də istifadə edirdik. Mən də çantanı ona verdim. Sonradan həmin çantanı geri qaytarıblar".

Buna da bax: MTN polkovniki: 'Şeytan maşını işə düşüb, daha dözə bilmirəm...'

Hakim DTX əməkdaşının nəzərinə çatdırıb ki, onun istintaqa ifadəsi fərqli məzmundadır. Həmin ifadə məhkəmədə elan olunub.

Elxan Mikayılov istintaqa ifadəsində deyir ki, Vidadi Əzizovun həbsi üçün keçirilən əməliyyatdan xəbəri olmayıb. Onun ifadəsinə görə, əməliyyatı şöbə rəisi Mirəziz Əsgərov və digərləri keçirib: "Nazir işdən çıxanda dəhlizdə Mirəziz Əsgərovla rastlaşdı, ona dedi ki, Vidadi Əzizovun şikayəti var və şikayətdə onun adı hallanır. Bu zaman yadıma düşdü ki, həmin əməliyyat zamanı Aydın Manafova çanta vermişəm. Bunu Mirəziz Əsgərova da dedim".

"Mənə ağır gələn həqiqətin üzə çıxmamasıdır"

Mirəziz Əsgərov isə Vidadi Əzizovdan hədə-qorxu ilə pul alması haqda deyilənləri qəbul etmir. O həmçinin bəzi adamları zərbə altında qoymamaq üçün müəyyən məsələləri açıqlamaq istəmədiyini deyir: "Elxan müəllim çox təcrübəli işçidir. Onunla bir yerdə xidmət etmişik. İstəməzdim ki, kiminsə haqqına girmiş olaq. Mən 20 aydır həbsdəyəm, faktlar ortaya qoyuram, istintaq isə ehtimal üzərində ittiham qurub. Bizim şöbə yalnız Vidadi Əzizovda olan pulun məbləğini araşdırıb. Məndən məbləği soruşanda dedim ki, 541 min manat olub. Nazirliyinin əsas məqsədi məbləği dəqiq öyrənmək idi. Bu pul da Aydın Manafovun otağında olub. Bunu da ifadəmdə yazmışam. Burada heç kimi asmırlar. Sadəcə həqiqətin üzə çıxmasını istəyirəm. Mənə ağır gələn isə həqiqətin üzə çıxmamasıdır. Hər birimizdə zabit şərəfi var. Elxan müəllimin ifadəsində ziddiyyətli məqamlar var. Mənə ən ağır cəzanı verin, hər şeyə razıyam, amma nahaqqı qəbul eləyə bilmirəm. Elə şey var ki, burada demək olmur. Mən kimisə çətin vəziyyətdə qoymaq istəmirəm".

Buna da bax: MTN generalı və polkovnikinin işi: 'Eldar Mahmudov dindirilsin'

Vidadi Əzizov şikayətində yalnız Mirəziz Əsgərovun adını yazmasını təkcə onu tanımasıyla izah edib: "Bu işdə bir qrup şəxsin qanunsuz hərəkətlərindən söhbət gedir. Şəhərin ortasında bizi mühasirəyə alıblar, həyat yoldaşımın başına silah dirəyiblər. Bu işdə mən təkcə Mirəziz Əsgərovun adını bilmişəm, onun da adını yazmışam. O birilərin adını bilməmişəm, ona görə yazmamışam".

Bu zaman təqsirləndirilən MTN polkovniki zərərçəkmişə ona yazdığı "Mirəziz, burada sənlik heç bir şey yoxdur, çox şeyi üzərinə götürmə” mesajını xatırladıb.

Vidadi Əzizov belə bir mesaj yazdığını təsdiqləyib. Hakim bildirib ki, mesajlar sənədlərin tədqiqi mərhələsində araşdırılacaq.

Buna da bax:​ Həbsdə olan MTN polkovniki: 'Özümə qəsd edəcəyəm'

Hakim eyni zamanda, məlumat verib ki, növbəti məhkəmədə MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Ədalət Əsədullayev, idarə rəisi olmuş Aydın Manafov dindiriləcək. Amma onların dindirməsi qapalı iclasda keçiriləcək.

Xatırlatma

Mirəziz Əsgərov 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra həbs olunub. O, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanır. Amma MTN polkovniki ittihamları qəbul etmir. Deyir ki, Vidadi Əzizov indi ona qarşı cinayət işində pulu alınan zərərçəkmiş sahibkar kimi təqdim olunsa da, əslində onun özü həbs olunmalıdır. Çünki Əzizov iş adamı deyil, İran və digər ölkələrlə bağlı çirkli pulların yuyulmasıyla məşğul olub, xarici xüsusi xidmət orqanlarına casusluq edib. Onun sözlərinə görə, MTN-də də bu haqda yetərincə material toplanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG