Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 04:39

Ssenari oxumaq


Kino
Kino

Ssenarilərinizin filmə çevrilməsini istəyirsinizsə, öz üzərinizdə çox çalışmalısınız. Ssenarinizin janrından asılı olmayaraq, bu sahənin bir çox detallarını yaxşı bilməlisiniz. Əlbəttə, ən vacib vəzifə oturub yazmaqdır. Ancaq bundan başqa, gənc ssenaristlər orijinal ssenarilərini agent, menecer, prodüser və studiya rəhbərlərinə çatdırmaq üçün şəbəkələşməyə xüsusi fikir verməlidirlər.

masterclass.com yazır ki, başlanğıc üçün ən faydalı üsullardan biri hazır ssenariləri oxumaqdır.

İncəliklər

Ssenari yazma sənətinin incəlikləri kino dünyasının ən yaxşı ssenarilərini oxuyan gənc ssenaristin qarşısında açılmağa başlayır. Bu üsul yazıçılara ssenari yazmanın texnikasını öyrədir. Bura səhnə qurğusunu formatlamaqdan tutmuş, uğurlu qəhrəmanın kağız üzərində necə görünməsinə qədər bir çox detallar daxildir. Bir çox ssenarist öz karyerasına Hollivudun agentlik və studiyalarında ssenari oxucusu kimi başlayır. Ancaq ən gözəl ssenariləri oxumaq üçün Hollivudda işə düzəlməyə ehtiyac yoxdur. Bir çox ssenariləri kitabxanalarda, yaxud internetdə tapmaq mümkündür.

Ssenari yazmaq işinə ciddi yanaşanlar ssenari oxumağı öz rutininin bir parçasına çevirməlidir. Sayt dünyada ən yaxşı film ssenarilərinin arasından bir neçəsini tövsiyə edir. Bu ssenarilərin hər biri film kimi çəkilib.

Mütəşəkkil cinayətkarlığın insan sifəti

1942-ci ildə çəkilmiş "Casablanca" filmi qəhrəmanların inanılmaz dərinliyi ilə seçilir. Ssenari qəhrəmanların xarakterinin hərəkətlər vasitəsilə qat-qat üzə çıxmasına şərait yaradır. Film dialoq yüklü olsa da, dialoqlar hər şeyi açıb tamaşaçıya göstərmir.

Frensis Ford KoppolaMario Püzonun "The Godfather" (1972) və "The Godfather Part II" (1976) filmləri mütəşəkkil cinayətkarlığa insan sifəti verən filmlərdir. Filmlərin həsr olunduğu mafiya və mütəşəkkil cinayət dünyası o dövrdə çox aktual idi. Bu filmlərin ssenariləri vacib hadisələri mənasız xırda işlərlə birləşdirə bilmələri ilə seçilir. Koppola və Püzo bir səhnədə şekspirsayağı drama, növbəti səhnədə isə Nyu-York ştatında italyan əsilli tipik amerikan ailəsinin adi gündəlik həyatını göstəriblər.

Yüksək və alçaq konseptli elementləri tarazlaşdırmaq

"Eternal Sunshine of the Spotless Mind" (2004) filminin ssenarisi Çarli Kaufmana məxsusdur. Kaufman Hollivud prodüserlərini qəribəliyin maraqlı olduğuna və hətta hitə çevrilə biləcəyinə inandıra bilib. Bu ssenaridə Kaufman futuristik bir şeyi (yaddaşın iradi silinməsi) bir-birinə aşiq olan iki nəfərin realist ritmləri ilə birləşdirməyə nail olub. "Bu ssenari yüksək və alçaq konseptli hekayə elementlərini tarazlaşdırmağın yolunu nümayiş etdirir", – məqalədə deyilir.

Billi Uaylderİ.A.L.Daymondun birgə işi olan "Some Like It Hot" (1959) sürprizlə dolu komediyadır. Ssenari müəyyən bir səhnə daxilində sürət və enerjinin çatdırılması baxımından maraqlıdır.

Məzəli, müəmmalı, qəribə

Coel İtan Koen qardaşlarının "Fargo" filminin (1996) ssenarisi, eyni zamanda, həm məzəli, həm müəmma dolu, həm də qəribədir. Bu ssenari kino məktəblərindəki dərslərdən tutmuş, Yazıçılar Gildiyasına qədər hər yerdə göstərilir və müzakirə olunur.

masterclass-ın siyahısında "Pulp Fiction", "The Silence of The Lambs", "Citizen Kane" və "Chinatown" filmlərinin ssenariləri də qeyd edilib. Ancaq ssenarist olmaq istəyənlər sadəcə bu filmlərin ssenariləri ilə kifayətlənə bilməzlər. Bunlardan başqa, Alan Bollun "American Beauty", Uilyam Qoldmanın "Butch Cassidy and the Sundance Kid", Kristofer Makkuorrinin "The Usual Suspects" kimi filmlərin adları çəkilir.

XS
SM
MD
LG